Kəsişən talelər, ölümsüz qəhrəmanlar: Ərən Bülbül və Fərhad Gədik Featured

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Ərən Bülbül və Fərhad Gədik – terrorizmlə mübarizədə göstərdikləri misilsiz cəsarət və fədakarlığı ilə Türkiyə və bütün türk dünyasının yaddaşına əbədi həkk olunmuş, adları simvola çevrilmiş iki ölümsüz şəhiddir. Onlar Trabzonun Maçka rayonu kırsalında PKK terror təşkilatının xain hücumu zamanı çiyin-çiyinə şəhadət şərbətini içmiş, bir hilal uğruna canlarını fəda etmişlər.

 

Bir evin kiçik bahadırı: Ərən Bülbül

Ərən Bülbül 01 yanvar 2002-ci ildə Trabzonun Maçka rayonunda çoxuşaqlı, zəhmətkeş bir ailədə dünyaya göz açmışdır. Erkən yaşlarından ailəsinə dəstək olmaq üçün tarlada, bağda işləyən, çətinliklərə sinə gərən mərd bir dağ, yayla uşağı idi.

Vətənpərvərliyi: Yaşının az olmasına baxmayaraq, kənd ərazisindəki evlərdən birinə gizlicə girən və ərzaq oglurlayan şübhəli şəxsləri (terrorçuları) fərq etdikdə heç bir qorxu duymadan vəziyyəti təhlükəsizlik qüvvələrinə xəbər vermişdir.

Hafizələrə qazınan sözü: Şəhidliyindən bir müddət əvvəl sosial şəbəkə hesabında paylaşdığı "Biri də çıxıb demir ki, Ərən, yaxşı ki varsan" cümləsi onun vəfatından sonra bütün bir millətin ortaq harayına və sloqanına çevrilmişdir.

 

Bədənini sipər edən qəhrəman: Baş Gizir Fərhad Gədik

Fərhad Gədik 12 avqust 1976-cı ildə Hatay vilayətində anadan olmuş, çətin şərtlər altında təhsilini tamamlayaraq uşaqlıq xəyalı olan hərbçi peşəsinə yiyələnmişdir. O, Türkiyə jandarma sistemində xidmət edərək Azərbaycan ordu strukturundakı Baş gizir rütbəsinə ekvivalent olan yüksək heyət statusuna yiyələnmiş və vətənin bir çox bölgələrində şərəflə xidmət etmiş təcrübəli bir hərbçi idi.

Xidmət eşqi: Təyinatının başqa yerə çıxmasına, Ankara şəhərinə köçməli olmasına baxmayaraq, Qaradəniz bölgəsini və onun insanını çox sevdiyi üçün könüllü olaraq xidmət müddətini uzatmış və Maçkada vəzifəsinin başında qalmışdı.

Ailəsi: Evli olan qəhrəman baş gizirin geridə gözüyaşlı, lakin məğrur iki övladı yadigar qalmışdır.

 

 

Kəsişən talelər və şəhadət tarixi

Ərən Bülbülün etdiyi xəbərdarlıq əsasında hərbi qrup Maçka kırsalındakı dağlıq əraziyə, xüsusi əməliyyat zonasına yollanır. Ərən hərbçilərə terrorçuların gizləndiyi, sığındığı və ərzaq talan etdiyi yeri göstərmək üçün onlara bələdçilik edirdi.

Xain pusqu: Əraziyə yaxınlaşarkən xain terror təşkilatının üzvləri tərəfindən qəfildən qrupun üzərinə intensiv və qəddar atəş açılır.

Ən uca fədakarlıq: Atəş xəttində qalan gənc Ərəni qorumaq, onu xilas etmək üçün Baş gizir Fərhad Gədik bir saniyə belə tərəddüd etmədən özünü irəli atır və bədənini uşağın üzərinə sipər edir.

Şəhadət tarihi: Hər iki qəhrəmanımız 11 avqust 2017-ci il tarixində eyni an və eyni döyüş meydanında şəhidlik zirvəsinə ucalmışlar. Ağır itki bütün ölkəni yasa boğmuş, Fərhad Gədik doğum günündən cəmi bir gün əvvəl doğma yurdu Hatayda, Ərən isə Trabzonda torpağa tapşırılmışdır.

 

Ekranlaşdırılan qəhrəmanlıq dastanı: "Kesişme: İyi ki Varsın Eren"

Ərən Bülbülün və Baş gizir Fərhad Gədiqin xatirəsini yaşatmaq və onların kəsişən hekayəsini gələcək nəsillərə ötürmək məqsədilə bədii film ərsəyə gətirilmişdir.

Filmin adı: "Kesişme: İyi ki Varsın Eren" (Kəsişmə: Yaxşı ki varsan, Ərən).

Çəkilmə və Nümayiş İli: Film 2021-ci ildə çəkilmiş və ilk dəfə 1 Yanvar 2022-ci il tarixində kinoteatrlarda geniş nümayişə buraxılmışdır.

Rejissoru: Ekran əsərinin quruluşçu rejissoru Özer Feyzioğludur.

Yaradıcı heyət və aktyorlar: TRT və Rəqəmsal Sənətlərin birgə istehsalı olan filmin baş rollarında Baş gizir Fərhad Gədik obrazını İsmail Hacıoğlu, gənc Ərən Bülbülü isə Rəhman Beşəl canlandırmışdır. Filmin musiqilərinin bəstəkarı isə Fahir Atakoğludur.

Uğuru: Film pandemiyadan sonrakı dövrdə milyonlarla izləyici toplayaraq böyük rekord qırmış və hər kəsi duyğulandırmışdır.

 

Qanları yerdə qalmadı

Türkiyə təhlükəsizlik qüvvələrinin bölgədə keçirdiyi genişmiqyaslı antiterror əməliyyatları nəticəsində Ərən Bülbül və Fərhad Gədikə qarşı bu xain sui-qəsdi təşkil edən terrorçu qruplaşmanın bütün üzvləri qısa müddətdə məhv edilmiş, qəhrəmanlarımızın qanı yerdə qalmamışdır. Dövlət tərəfindən başladılan irimiqyaslı daxili əməliyyatlara məhz şəhidimizin xatirəsinə ithafən "Ərən Əməliyyatları" adı verilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.