“Birinci Türkoloji Qurultay” adlı kitabın təqdimat mərasimi keçiriləcək

30 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi çəçivəsində Fond tərəfindən nəşr edilən “Birinci Türkoloji Qurultay” adlı kitabın təqdimat mərasimi keçiriləcək.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib.

 

Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bildirilən Türk Dünyası Həftəsinin əsas məqsədi türk xalqları və dövlətləri arasında ortaq tarixi, mədəni və mənəvi bağları daha da gücləndirmək, türk dünyasının birliyini, həmrəyliyini və qardaşlığını qlobal səviyyədə nümayiş etdirmək, həmçinin türk dünyasının zəngin mədəni irsinin gənc nəsillərə ötürülməsini və beynəlxalq aləmdə tanıdılmasını təmin etməkdir.

Təqdim olunan nəşr – Azərbaycandakı Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun, tanınmış alimlər professor Mahirə Hüseynova və  filologiya elmleri doktoru Aysel Qəriblinin müəllifi olduğu “Birinci Türkoloji Qurultay” adlı elmi monoqrafiyadır. Kitabda 1926-cı il Bakı qurultayının tarixi missiyası, onun türk xalqlarının mədəni-elmi inkişafındakı müstəsna rolu, eləcə də etnoqrafiya, orfoqrafiya, terminologiya, əlifba, dil və ədəbiyyat məsələləri dərin elmi təhlil obyektinə çevrilib.

Tədbirdə Türk Dünyası Həftəsinin yerli və xarici qonaqları, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, elm, mədəniyyət və ictimai-siyasi xadimlər, beynəlxalq təşkilat rəhbərləri  eləcə də media təmsilçiləri iştirak edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.