“Hardan bilinəcəkdi, kim nə çəkdi!” – Yalçın Türkay, Təbriz Featured

 

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə Çağdaş türk dünyası ədəbiyyatı layihəsində bu gün yolumuz Təbriz şəhərinədir.

Bugünkü qonağımız türk dünyasının mənəvi kodlarını özündə daşıyan Təbrizdə yaşayıb-yaradan Yalçın Turkay bəydir. Gəlin onu yaxından tanıyaq.

 

1981-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Yazıçılıq fəaliyyətinə 2002–2003-cü illərdə başlamışdır. Əsərləri İranda nəşr olunan “Yarpaq”, “Yaşmaq”, “Heydər Baba”, “Ban” və “Sancı” dərgilərində, eləcə də İraqda çap olunan “Katibəl Türkəmani” və Türkiyədə yayımlanan “Kardeş Kalemler – Aylıq Avrasiya Edebiyat” dərgilərində dərc edilmişdir.

Müəllifin əsərləri “Baş Çıxaran Ölüm”, “Ağ Məqbərələr” və “Azərbaycan Şairləri” adlı antoloji kitablarda da yer almışdır.

Ali təhsilini psixologiya ixtisası üzrə başa vurmuşdur və lisans dərəcəsinə malikdir.

 

Çap olunmuş və nəşrə hazırladığı əsərlər:

* “Qızıl Mucahidlər” (2008) – şeirlər toplusu

* “Sonuncu Dua” (2013) – Əli Səmid Kürün şeirlər toplusu

* “Yaz Bayramı” (2014) – Mirəli Seyidovun mifologiya sahəsində tanınmış əsəri

* “Dövlətim Məhəbbət, Varım Sevgidir” (2014) – Nəbi Xəzrinin lirik şeirlər toplusu

* “Daş” (2018) – Əli Kərimin şeirlər toplusu

* “Payız Məktubu” (2018) – Paşa Qəlbinurun şeirlər toplusu

* “Qumarbaz” (2019) – Fyodor Dostoyevskinin məşhur əsərinin nəşri

* “Daha Dəhşət” (2019) – Cabir Novruzun şeirlər toplusu

* “Cəza Köynəyi” (2019) – Xəlil Rza Ulutürkün şeirlər toplusu

* “Popcorn Yeyən Ənqa Quşları” (2021) – türkcə şeirlər toplusu.

 

 

ESTOKASTİK

 

Bəlkədə min il sonra,

Çox sadəcə bir qız-uşağı -

Qulaqlarına hedfon taxaraq

           Səksəkəylə

               Geym oynayırda indimizi!!

Yaxud, bəlkə də indi,

Hansısa bir sabahda;

          Daş üstə cızılacaq

            Şəkil fikiriyik kimi,

         Prosə keçiririk -

                    Varılmaqçün

                    Cızılmaqçün

                          Xeyli soralar üçün -

Neandertal birisinin

Gözlərində -

                    Barmaqlarında...

 

 

İŞDİR DƏ, BU DA BİR İŞDİR

 

Yorumsuz bir hünəri əsər imiş-

Sən demə bu varaq!

Təmamilə mübhəm olduğuna baxmayaraq-

-Bu əsər-

Səy etməsənsə də-

Üst-üstə səni götürəcəkdir, sözsüz ki;

Sadalaya bilmədiyin,

Sui təfahümlərə sarı sansordan xeyli- xeyli iraq!

 

Söhbət deyildir sadə desəm,

Söz:

-silinməyəcəkdir, iztirablardan gedir bu arada-

Bu arada-

Yara da, elə- belə bir məfhum deyildir illər sonra-

Yeri qalsın dərisinin üstündə illərdən sonra!

Sonra-

Qanyaddaşından silinsin,

Sonra-

Bilinsin cərahətinin izi, bilinib- bilinməz!

 

Bilinməz! Hardan bilinəcəkdi, kim nə çəkdi!

Çəkdi nə kimin yaranı?! Haranı?

Haranı, kim çəkib?!

Kim çəkib- gedib?!

Gedib, çəkdiyini kim nə biləcəkdir kiminkini?!

Kimin kini, yandırıb da- yaxdı ömür boyu-

Kiminki kimi, kiminsə hayatını?!

 

Hayatını kiminsə itirdi?!

Hayatını kiminsə batırdı?!

 

Atırdı başından,

Qanyaddaşından-

Elə düşünürdü silinilmişdir,

                              Silinmişdir-

                              Silmişdir...

İşdir da bu da bir işdir!

Yeri qalmışdır dərisinin üstündə,

illərdən sonra...

Bir də-

Tənhalığında sığındığı yeri varmışdır illərdən sonra.

İztirablardan pənah aparıb da-

Təskin tapmışdır o yarada!

Bu arada-

Yorumsuz bir hünəri əsər-imiş-

Sən demə bu varaq!

Təmamilə mübhəm olduğuna baxmayaraq...

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.