16 may saat 17:00-da Bakı Dövlət Universitetində Türk dünyasının musiqi brendi, Türk mədəniyyəti və irsinin səfiri olan dünyaşöhrətli “TURAN” ansamblının musiqili mühazirəsi baş tutacaq.
Konsert Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunur və Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ansamblın unikal müəllif formatında təqdim olunan çıxışları türk xalqlarının folklor sənətinin, mədəniyyətinin, musiqisinin və ənənəvi musiqi alətlərinin təbliğinə yönəlib. “TURAN”ın musiqili mühazirələri melodiyaların dərin maarifləndirici məzmunla harmoniya təşkil etdiyi xüsusi yaradıcılıq məkanıdır.
Proqram çərçivəsində ansambl üzvləri yalnız musiqi əsərlərini ifa etməklə kifayətlənməyəcək, eyni zamanda qrupun yaranma tarixi, milli geyimlərin xüsusiyyətləri, ənənəvi musiqi alətlərinin mənşəyi, onlarla bağlı rəvayətlər və hazırlanma incəlikləri barədə ətraflı məlumat verəcəklər. Hər bir əsər onun bədii və mənəvi məzmununu açıqlayan dolğun izahlarla müşayiət olunur.
“Ədəbiyyat və incəsənət”
(16.05.2026)


