AZƏRBAYCANLI ALİM BAŞQAN MÜAVİNİ VƏ ULUSLARARASI TƏMSİLÇİLİK ŞURASININ SƏDRİ TƏYİN EDİLDİ
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Türk Akademisyenlər Birliyində “Yeni Dövr İdarə Heyətinin Tanıtımı, Vəzifə Bölgüsü, Fəaliyyət Hesabatı və İş Planı Təqdimatı” keçirilmişdir. Toplantını birliyin Təşkilat üzrə məsul başqanı Dos.Dr.İzzəddin Özpolatın açılış nitqi ilə başlamış, daha sonra Türk Akadenisyenlər Birliyinin sədri Dos. Dr. Ümmügülsüm Candeğer çıxış edərək birliyin yeni dövr strateji hədəflərini açıqlamışdır. Çıxışlarda Türk dünyasında elmi əməkdaşlığın genişləndirilməsi, akademik şəbəkələrin gücləndirilməsi və beynəlxalq görünürlüyün artırılması əsas prioritetlər kimi vurğulanmışdır.
Bu çərçivədə azərbaycanlı alim, Prof. Dr. Təranə Turan Rəhimliyə iki mühüm vəzifə həvalə olunmuşdur: Türk Akademisyenlər Birliyinin başqan müavini və Beynəlxalq Təmsilçilik Şurasının sədri.
Başqan müavini kimi o, təşkilat daxilində idarəetmə proseslərinin koordinasiyasını həyata keçirmək, fəaliyyət planlarının icrasını təmin etmək, struktur bölmələrin işini əlaqələndirmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etməklə görəvləndirilib. Eyni zamanda zəruri hallarda sədri əvəz etmək və təşkilatı rəsmi səviyyədə təmsil etmək də onun səlahiyyətlərinə daxildir.
Beynəlxalq Təmsilçilik Şurasının sədri kimi isə Prof. Dr. Təranə Turan Rəhimli Türk elminin bütün ölkələrdə təmsil olunması, beynəlxalq akademik əməkdaşlıqların genişləndirilməsi və Türk dünyası elminin qlobal görünürlüyünün artırılması istiqamətində fəaliyyət göstərir. Onun rəhbərliyi ilə Türk Akademisyenlər Birliyinin müxtəlif ölkələrdə media və akademik tanıtım fəaliyyəti genişləndirilmiş, elmi platformalarda iştirakı artırılmışdır.
Fəaliyyət hesabatı çərçivəsində o, İtaliya, Keniya, Belçika, Türkiyə, Suriya və başqa ölkələrin mətbuatında Türk Akademisyenlər Birliyinə dair materialların müxtəlif dillərdə yayımlandığını və bu istiqamətdə təşkilatın beynəlxalq görünürlüyünün artırılması üçün media əlaqələrinin qurulduğunu təqdim etmişdir. Təşkilat rəhbərliyi ilə aparılan geniş müsahibələr beynəlxalq platformalarda dərc edilmiş və birliyin akademik nüfuzunun güclənməsinə xidmət etmişdir.
Prof. Dr. Təranə Turan Rəhimli Azərbaycan və Türkiyə arasında akademik diplomatik görüşlərdə iştirak etmiş, İzmir şəhərində keçirilən rəsmi görüşdə Türk Akademisyenlər Birliyini təmsil etmiş və beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı çıxış etmişdir.
O, 18 Mart Çanaqqala Savaşı Panelində məruzə ilə çıxış etmiş, Çanaqqala mövzusunda elmi məruzəsi və bu mövzuya həsr etdiyi şeiri ilə elmi auditoriyanın diqqətini cəlb etmişdir. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyində keçirilən “Türk Xalqları Ədəbiyyatı Görüşü” və “Turan Ədibləri Antologiyası” təqdimatında Türk Akademisyenlər Birliyini təmsilən çıxış edərək Türk ədəbiyyatının beynəlxalq səviyyədə tanıdılmasına töhfə vermişdir.
Bundan əlavə, onun Türk dünyası ədəbiyyatı və dilinin inkişafına verdiyi töhfələr çərçivəsində Kıbrıs İraq Balkanlar Avrasiya Türk Ədəbiyyatları Qurumu tərəfindən təqdim olunan “2025 Türk Dilinə Xidmət Mükafatı”na layiq görülməsi bu fəaliyyətlərin mühüm nəticələrindən biri kimi təqdim edilmişdir.
Birlikdə fəaliyyət göstərdiyi müddət ərzində o, Türk Akademisyenlər Birliyinin bütün rəsmi toplantılarında aktiv iştirak etmiş, təşkilatın sosial media və rəqəmsal platformalarında fəaliyyətləri mütəmadi paylaşmış, Facebook, Instagram və WhatsApp vasitəsilə institusional görünürlüyün artırılmasına töhfə vermişdir. Eyni zamanda YouTube platformasında təşkilat rəhbərliyi ilə geniş tanıtım müsahibəsi hazırlanmış və beynəlxalq auditoriyaya təqdim edilmişdir.
Ümumilikdə, bu fəaliyyətlər Türk Akademisyenlər Birliyinin beynəlxalq akademik şəbəkəsinin genişləndirilməsinə, Türk dünyası elminin qlobal səviyyədə tanıdılmasına və təşkilatın institusional gücünün artırılmasına mühüm töhfə vermişdir. Prof.Dr. Təranə Turan Rəhimli Türk Akademisyenlər Birliyinin Uluslararası Təmsilçilik Şurasında Makedoniya, Albaniya, , Azərbaycan, Almaniya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Yunanıstan (Batı Trakya), İsveç, Doğu Türküstan, İngiltərə üzrə təmsilçiliklərin yaradıldığını, bu ölkələrin alimləri ilə işbirliyi sahəsində ilk addımların atıldığını da vurğuladı.
“Ədəbiyyat və incəsənət”
(04.05.2026)


