Meltem Demirkıran, İstanbul-Türkiyə
Dilimizə uyğunlaşdıran: Rəqsanə Babayeva,
“Ədəbiyyat və İncəsənət”
Türkülər həsrətdir, ümiddir, dostluqdur, hayqırışdır. Bəzən uzun yolların qıvrım cığırlarında yol yoldaşı, bəzən gecə yarısı yada düşən ilk sirdaşdır. Bəlkə dərdi olanın dərmanıdır, bəlkə çarə axtarana çarədir. İmkansız eşqdən vəfasızlığa, ayrılıqdan inanca qədər saysız duyğunu özündə yaşadır. Torpağa yağış necə düşürsə, türkülər də elə düşür qəlbin tellərinə. Türklər demək, bir az da özləm deməkdir — yaşıl dağlardan dənizlərə uzanan bir səs kimi...
Türkü sözünün mənşəyinə baxdıqda, “Türki” — yəni “Türkə xas, Türkə aid” mənasını daşıyan ifadədən törədiyini görürük. Türkülər bizim kimliyimizi, dəyərlərimizi, yaddaşımızı danışan poetik mətnlərdir. Həm milli yaddaşımızdır, həm də sevgiliyə, anaya, vətənə duyulan həsrətin səsidir. Bəzən ayrılığın, bəzən qovuşmanın, göz yaşının və ya sevincin ifadəsidir. Türkülər bir növ şeirin nəğməyə çevrilmiş halıdır.
Xalq musiqisi deyiləndə yada Nida Tüfekçi, Muzaffer Sarısözen və Musa Eroğlu kimi ustadlar düşür. Anadolu’da Musa Eroğlu’nun təzənəsi nədirsə, Azərbaycanda Aşıq Şəmşirin sazı odur. Əgər bir türküdə yurd qoxusu axtarırsınızsa, Qədir Rüstəmovun yanıq səsindən bir “xalq mahnısı” dinləmək kifayətdir.
Türkülərin dili birdir; coğrafiyalar dəyişsə də, qəlbin tellərini titrədən o qədim sızı dəyişmir. Arazın bu tayında Musa Eroğlu’nun bağlaması ilə dillənən dərd, o tayda aşıqların piri Aşıq Şəmşirin sazında əks-səda tapır. Bizdə bozlaqlar ürək dağlayarkən, Azərbaycanda xalq mahnıları Qədir Rüstəmovun fəryadı ilə ruhlara toxunur. İstər Anadolunun “Hacel Obası”, istər Azərbaycanın “Sona bülbüllər”i səslənsin — hamısı eyni torpağın, eyni həsrətin səsidir.
HƏR TÜRKÜNÜN BİR HEKAYƏSİ VAR
Musa Eroğlu şübhəsiz xalq musiqimizin ən böyük təmsilçilərindən biridir. “Turnaların köçü”, “Nalın Dilber” və “Mihriban” kimi türkülər dillər əzbəridir. Türkülər bölgədən bölgəyə dəyişir və hər birinin öz hekayəsi var. Sivas bölgəsinə aid “Hacel Obası” türküsünün hekayəsi isə son dərəcə kədərlidir.
Cümhuriyyətin ilk illərində Sivasın Şarkışla bölgəsində Mustafa ilə Ayşe adlı iki gənc bir-birinə aşiq olur. Elə həmin vaxtlarda kasıb bir ailənin oğlu Nevzat adlı bir gənc də var idi. O, hərbi məktəbi qazanmış, uğurlu bir delikanlı idi. Məktəbdən verilən çəkmələri geyinərək Şarkışla’dan keçərkən, Mustafa’nın sevdiyi Ayşe bir gün dostları ilə oturarkən onun ayaqqabılarını göstərərək kim olduğunu soruşur.
Bu sadə sual dedi-qoduya səbəb olur və Ayşe’nin könlünün Nevzat’a düşdüyü düşünülür. Söhbət Mustafa’nın qulağına çatanda o, dərin bir sarsıntı yaşayır. Sevdiyi qızın onu tərk etdiyini zənn edən Mustafa bu ağrının içində “Hacel Obası” türküsünü yaradır:
Hacel obasını engin mi sandın
Hər olur-olmazı dengin mi sandın
Ayağında potini var zengin mi sandın
Ay da geçti göremedim yar seni…
“ÇANAKKALE TÜRKÜSÜ” — ƏSLİNDƏ KASTAMONUYA AİD
“Çanakkale Türküsü” əslində geniş yayılmış fikrin əksinə olaraq Kastamonu bölgəsinə aiddir. Lakin bu türkü yalnız bir bölgənin deyil — bütün bir coğrafiyanın səsidir. Şərqdən qərbə, şimaldan cənuba hər kəsin dilindədir.
Bu türkü Anadolu insanının taleyinin səsidir. Cəbhədən cəbhəyə göndərilən gənclərin, geri dönməyənlərin, ana-atasına, sevdiyinə qovuşa bilməyənlərin ağısıdır. Bu türkünü dinləyərkən bir anlıq düşünün: geri dönməyənləri, onları gözləyən anaları, sevgililəri…
Sonra bir yaylıq götürün əlinizə. İstər hönkür-hönkür, istər səssiz-səssiz ağlayın… və sonra dua edin. Torpağınıza sarılın, vətəninizə sarılın.
Çanaqqala qəhrəmanlarına, başda Mustafa Kamal Atatürk olmaqla bütün şəhidlərə Allahdan rəhmət diləyirik.
“SARI GƏLİN” — ERZURUMUN YANĞILI HEKAYƏSİ
Erzurum deyildikdə ilk yada düşən türkülərdən biri “Sarı Gəlin”dir. Bu məşhur türkünün hekayəsi də olduqca kədərlidir.
Qıpçaq bəyi Çoruh çayı sahilində yaşayan nüfuzlu bir ailənin başçısı idi. Erzurumlu bir gənc onun sarışın saçlı qızına aşiq olur. Hər iki tərəf bu eşqə qarşı çıxır. Lakin gənc sevgisindən vaz keçmir və qıza məktub yazaraq onu qaçırmaq istədiyini bildirir.
Onlar qaçmağa razılaşırlar, lakin Qıpçaq bəyinin adamları onların ardınca düşür. Nəhayət, Erzurumda yaxalanırlar və gənc öldürülür. Bu faciəvi sevda “Sarı Gəlin” türküsündə əbədiləşir:
Erzurum çarşı pazar
Leylim aman aman…
İçində bir qız gəzər
Sarı Gəlin…
“Ədəbiyyat və incəsənət”
(30.04.2026)


