Türkiyənin paytaxtı Ankara şəhərində “Milli kimlik və soydaşlıq mirası” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Kərkük Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə Türkiyənin Qazi Universitetində baş tutan konfrans müxtəlif ölkələrdən olan alimləri, ictimai xadimləri və diaspor nümayəndələrini bir araya gətirib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, Türk dünyası şəhidlərinin əziz xatirəsinin yad olunması ilə öz işinə başlayıb. Bu, tədbirə xüsusi mənəvi dəyər və rəmzi məna qatıb.
Açılış nitqi ilə çıxış edən Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri Şemsettin Küzeci konfrans iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətindən danışıb. O, milli kimliyin qorunması, ortaq dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsinin müasir dövrdə xüsusi aktuallıq kəsb etdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın diaspor siyasətinin uğurlu inkişafından bəhs edib. O bildirib ki, Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsinə, onların hüquqlarının müdafiəsinə və milli-mədəni kimliyin yaşadılmasına daim xüsusi diqqət yetirir. Bu istiqamətdə həyata keçirilən uzunmüddətli layihələrin milli dəyərlərin qorunmasına və təbliğinə mühüm töhfə verdiyini vurğulayıb.
İraqın Türkiyədəki səfirliyinin müşaviri professor Müyesser Emin, Qazi Universiteti Türk Dünyası Araşdırmalar Mərkəzinin professoru Bülent Aksoy konfransın işinə uğurlar arzulayıblar.
Konfrans çərçivəsində təşkil olunan panel müzakirələrində “Milli kimlik və soydaşlıq irsi” mövzusu müxtəlif aspektlərdən geniş şəkildə təhlil edilib. Ankara Hacı Bayram Veli Universitetinin professoru Ahmet Taşkının moderatorluğu ilə baş tutan müzakirələrdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev, Suriyanın millət vəkili Tarık Sulo Cevizci, iraqlı alim Adil Sekran Zeynelabidin, Livandakı Azərbaycan Evinin rəhbəri Xaled İsmayıl mövzu ətrafında geniş müzakirələr aparıblar, elmi və praktiki baxımdan əhəmiyyətli fikirlər səsləndiriblər.
Tədbirin növbəti paneli Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Qazi Universitetində açılan "Azərbaycan türkcəsi təhsil otağı"nda davam etdirilib. Paneldə “Milli kimlik və soydaşlıq irsi - Azərbaycan milli kimlik tarixinin təməli”, “Milli kimlik kontekstində türkmən ələviliyi və bektaşiliyi irsi”, “Diasporda türkmən milli kimlik və soydaşlıq mirası: tarixi yaddaş problemləri və diaspordan gözləntilər” mövzuları müzakirə olunub.
Konfrans bədii hissə ilə yekunlaşıb. İştirakçılara zəngin və rəngarəng mədəni proqram təqdim olunub, Azərbaycan və Türk dünyasının mədəni irsi nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(25.04.2026)


