Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Hazırda süni intellekt vasitəsilə ortaq türkcə proqramının yaradılması istiqamətində işlər aparılır. Belə ki, layihə çərçivəsində türk dövlətləri üçün vahid informasiya və bilik bazasının formalaşdırılması nəzərdə tutulur. Məqsəd müxtəlif ölkələrdə mövcud olan milli sistemləri inteqrasiya edərək ortaq bir süni intellekt platforması yaratmaqdır. Bu platforma vasitəsilə dil, mədəniyyət və informasiya mübadiləsinin daha səmərəli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Bakı Dövlət Universitetinin Multimedia və Elektron Kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli“Ədəbiyyat və İncəsənət” portalına açıqlamasında hazırda süni intellektin bir çox sahələrdə tətbiq olunduğunu vurğulayıb:
"İnformasiya mübadiləsi, tarix, dil, din və mədəniyyət baxımından yaxın olan ölkələrin informasiya mübadiləsi üçün süni intellektin çox böyük faydası var. Türk dövlətləri üçün ortaq informasiya bazası: bu, həm dilə aiddir, həm mədəniyyətə aiddir, həm də ayrı-ayrı ölkələrin ümumi intellektual informasiya mübadiləsinə aiddir. Ona görə də burada söhbət təkcə ortaq türkcə yaratmaqdan deyil, türkcə ortaq mədəniyyətlər, ortaq informasiya mübadiləsi platforması yaradılmasından gedir və bunun üçün də süni intellektdən istifadə olunur".
Q.Məhərrəmlinin fikrincə, bu, alternativ informasiya mənbəyi kimi türk xalqlarının bir-birini tanıması, tarix, dil və mədəniyyət baxımından, indiki şəraitdə əsas hədəfləri görmək və geniş auditoriyaya məlumat ötürmək üçün çox önəmlidir:
"Biz çox sevinirik ki, Türkiyədəki alimlər və bu sahəyə aid olan dövlət qurumları bununla ciddi şəkildə məşğul olur. Həmçinin Azərbaycanda da bu türkcə platformasının bir parlaq elementi kimi, bir subyekti kimi bu məlumatlardan faydalanacaq. Həm məqalə sayəsində, həm elmi fikir mübadiləsi baxımından və əlbəttə ki, birinci növbədə informasiya, məlumat almaq, fikir mübadiləsi aparmaq aspektində bu ortaq türkcə platforması çox faydalı olacaq".
“Ədəbiyyat və incəsənət”
(21.04.2026)


