Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
Sizlərə qardaş Türkiyənin dəyərli saytlarından biri olan varyasyonkalemler.com saytında dərc olunmuş yeni müsahibəmi təqdim edirəm.
1.Habil bəy sizi bir az daha yaxından tanıya bilərikmi?
Salamlar. Mən Nəbiyev Habil Yaşaroğlu (Habil Yaşar), 26 fevral 1983-cü ildə (Xocalı soyqırımı səbəbindən doğum günümü qeyd etmirəm) Bakıda anadan olmuşam. 271 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil almışam.
“N” saylı hərbi hissədə xidmət etdikdən sonra bir neçə il Bakı Neft və Enerji Kollecində müəllim kimi çalışmışam. Müəllimliklə yanaşı, jurnalist, menecer, tərcüməçi və aparıcı kimi də fəaliyyət göstərmişəm.
Bir çox qurumun üzvüyəm. Eyni zamanda, bir sıra təşkilatların idarə heyətinə seçilmişəm. Azərbaycan Yazıçılar Birliyi (2003), Dünya Gənc Türk Yazarlar Birliyi (Maliyyə Nəzarət Təftiş Komissiyasının sədri – 2013), Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (Maliyyə Nəzarət Təftiş Komissiyasının üzvü – 2009), Beynəlxalq İnsan Hüquqları (2007), Dünya Azərbaycanlılar Konqresi (2010), CASCFEN (MTK üzvü – 2012), Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurası (2014), Azərbaycan Ədəbiyyat Fondu (2023), Yazşader (Yazarlar və Şairlər Həmrəylik Dərnəyi) və s.
Ölkə daxilində və xaricdə (Türkiyə, İngiltərə, Qazaxıstan, Gürcüstan və s.) bir çox beynəlxalq tədbirlərdə iştirak etmişəm. 2009-cu ildə Prezident təqaüdünə və bir çox ədəbi mükafatlara layiq görülmüşəm. Əsərlərim ingilis, rus, türk və digər dillərə tərcümə edilərək kitab, qəzet, jurnal və internet saytlarında (Türkiyə, Rusiya, İngiltərə, Amerika Birləşmiş Ştatları, Hindistan və s.) yayımlanmışdır.
Nəşr olunan kitablarım:
1. Səni Sevdim, Sevəcəyəm (2001, şeirlər)
2. Məni Sevgi Yaratdı (2003, şeirlər)
3. Yoxluğumun Varlığı (2012, şeir və hekayələr)
4. Yeddinci Ayın Yeddisi (Roman)
5. Yuxuya Bənzər Şəhər (Şeir, esse və hekayələr-İran)
Bəzi şeirlərim bəstələnərək mahnı halına salınmışdır.
“Xocalı” pyesi Azərbaycanın bir çox bölgələrində səhnələşdirilmişdir.
2. Həyatınızın dönüş nöqtələri, yazıçılığa yönəlməyinizdə təsirli olan hadisələr nələr idi?
Ədəbiyyata olan sevgim uşaqlıqdan başlayıb. İçimdəki yazmaq həvəsi heç vaxt tükənməyib. Yazıçı olmağın böyük zəhmət və fədakarlıq tələb etdiyini heç vaxt unutmadan bu yola çıxmışam; çünki ən böyük arzum hər zaman yazıçı olmaq idi.
Bəlkə də uşaqlığımda keçirdiyim kədərli günlər və məktəbəqədər dövrdə valideynlərimin mənə tez-tez ədəbi əsərlərdən, yazıçıların həyatından bəhs etməsi məndə ədəbiyyata qarşı dərin və davamlı bir maraq oyatmışdı.
3.Yazıçılıq yolunuzda qələmə aldığınız ilk əsər nə idi?
İlk şeirimi hələ yeddi yaşımda, birinci sinifdə oxuyarkən yazdım: “Kosmos”
4.Bu ilk addım sizə nə hiss etdirdi?
O qədər sevinc içində idim ki, sanki dünyalar mənə verilmişdi. Yaşadığım xoşbəxtlik və həyəcan hələ də yaddaşımda canlıdır. İlk oxucum hər zaman anam olub; şeirlərimi sevgi ilə dinləyər, məni sevindirərdi.
Allahın izni ilə, son nəfəsimə qədər yazmağa davam edəcəyəm.
5.Əsərlərinizdə təkrarlanan mövzular və ya sizi əks etdirən obrazlar varmı?
Şübhəsiz ki, belə mövzular və obrazlar vardır.
6.Yazdığınız obrazlarda özünüzü tapdığınız olurmu?
Əlbəttə ki, bəzi obrazlarda özümü tamamilə görürəm.
7. Nəşr olunmamış kitabınızdan qısa danışa bilərsinizmi?
Əlbəttə...
Pandemiya başda olmaqla, həm tarixin qaranlıq dövrlərinə səyahət edəcək, həm elm və tibbin sirlərinə kifayət qədər agah olacaq, həmçinin digər sivilizasiyalar haqqında mümkün qədər məlumatlandırılacaqsınız... Bitdimi? Əlbəttə ki, xeyr. Dinlər sizi yenidən xəbərdar edəcək, mistika ruhunuzu sarsacaq, süni zəka sanki sizinlə oyun oynayacaq, siyasət öz qalmaqalları ilə gündəmi zəbt edəcək... Bitdimi sandınız? Xeyr, hələ davam etməkdədir. Rənglər haqqında bilmədiyiniz xeyli məlumatlara sahib olacaq, intellektinizi daha da zənginləşdirərək içinizdəki ziddiyyətlərdən qurtulmağa çalışacaq, sənətin əsrarəngizliyinə heyrətlənəcəksiniz... Şübhəsiz, əsl sevgiylə də tanış olacaq, ailə-məişət qayğıları ilə də qarşılaşacaqsınız... Və daha nələr, nələr...
İnşallah!
8. Kitablar sizin üçün nə məna ifadə edir?
Kitablar mənim üçün həyat qədər dəyərlidir. Oxuduqca daxili olaraq zənginləşir, yazdıqca isə rahatlıq tapıram.
9. Yazarkən sizə ilham verən nədir?
Gözəl, fərqli və düşündürücü hər şey mənə ilham verə bilər. Sevgi, vətən, təbiət, elm, din, maraqlı dünya hadisələri… Həm yaşanmış, həm də yaşanacaq olanlardan yazılarımda bəhs etməyi sevirəm. Lakin ən çox sirli şeyləri kəşf etmək və onları qələmə almaq xoşuma gəlir. Fəlsəfə başda olmaqla kainata və rəqəmlərə xüsusi marağım var; bu marağım yazılarımda da əks olunur.
10. Bir fikri yazıya çevirməyə sizi sövq edən hiss və ya an nədir?
Bəzən özün belə gözləmədiyin bir hadisədən və ya səbəbdən təsirlənirsən. Bütün bunlar isə yazmaq üçün bir səbəb olur, içində bir qığılcım yaradır.
11. Bir yazıçı olaraq yaradıcılıq rutininiz necədir?
Az, lakin mümkün olduğu qədər daha keyfiyyətli yazmaq.
12. Yazmaq üçün müəyyən bir saatınız və ya xüsusi bir ritualınız varmı?
Mənim sabit bir yazma rejimim yoxdur. Günün istənilən saatında, istənilən məkanda yaza bilirəm. Lakin gecələr səmaya baxaraq düşünməyi və yazmağı daha çox sevirəm.
13. Yazma prosesində sizə ən çox çətinlik törədən nə olub?
Yazarkən bir çox çətinliklərlə qarşılaşdığım anlar olur. Xüsusilə dialoqları daha düzgün və keyfiyyətli şəkildə qurmaq buna bir nümunə ola bilər.
14. Heç imtina etmə nöqtəsinə gəldiyiniz olubmu?
Əlbəttə, olub. Amma heç vaxt imtina etməmişəm.
15.Əsərlərinizin əsas ideyaları və ya vermək istədiyiniz əsas mesajlar nələrdir?
İnsan olaraq haqqın yanında olmaq, doğruları qorxmadan müdafiə etmək, bəzi sirli şeyləri araşdırmaq və bilməyənlərə çatdırmaq, gözəl bir gələcək üçün yorulmadan mübarizə aparmaq mənim üçün önəmlidir.
16. Oxucunun mətnin sonunda zehnində nə ilə qalmasını istərdiniz?
Mətnlərim vasitəsilə gözəl düşüncələrlə xatırlanmaq hər yazıçının arzusudur.
17. Oxucular niyə sizin kitabınızı oxumalıdır?
Kitabım oxucunu həyat, sevgi, insan və kainat haqqında düşünməyə dəvət edir və onları öz həyat yollarında ilhamlandırır.
18. Sizi digər yazıçılardan ayıran nə ola bilər?
Çox dərin bir sualdır. Amma cavab vermək məcburiyyətindəyəm. Düşünürəm ki, məni digər yazıçılardan ayıran cəhət, yazılarımın oxucuda həm hiss, həm də düşüncə oyatmasıdır; hər əsər bir səyahət və ilham mənbəyidir. Əgər bunu bacarıramsa, bundan böyük bir xoşbəxtlik ola bilməz.
19. Son olaraq, ədəbiyyat yolculuğunda olan gənc yazıçılara və ya yazıçı namizədlərinə nə demək istərdiniz?
Yazmaqdan çox oxusunlar. Araşdırsınlar. Klassik ədəbiyyatı çox oxusunlar və müasir ədəbiyyatı da daim izləsinlər. Təkcə ədəbiyyatla kifayətlənməyib, elm, fəlsəfə və digər faydalı sahələrdə də dərin bilik sahibi olsunlar.
20. Yazmağa yeni başlayanlara tövsiyə məktubu yazmalı olsaydınız, ilk cümləsi nə olardı?
Qəlbinizdəki və ağlınızdakı hər şeyi sərhəd tanımadan yazın...
“Ədəbiyyat və incəsənət”
(17.04.2026)


