Varis,
“Ədəbiyyat və incəsənət” portalının Baş redaktoru
Dünən aldığımız bir ağır xəbər hamımızı sarsıtdı. Özbək gənci Cahangir Nomozov dünyasını dəyişib. O, Azərbaycan sevdalı şair, jurnalist və tərcüməçi idi. Onun ölüm xəbəri burada onu tanıyanlar üçün çox gözlənilməz oldu. Bizlərə Cahangir bir köynək daha yaxın idi, portalımızın Özbəkistan təmsilçisiydi...
Təsəvvür edin, şənbə günü mənə yazmışdı ki, Özbəkistanda yaradıcı gənclər üçün verilən mükafata namizədliyi irəli sürülüb, onun üçün xasiyyətnamə lazımdır. Mən xasiyyətnaməni yazıb dünən ona yolladım. Gördüm xətdə deyil. Az sonra da bu acı xəbəri eşitdik. Beləcə, məktub ona yetişmədi.
“ “Ədəbiyyat və İncəsənət” portalı adından böyük məmnuniyyətlə bildiririk ki, Cahangir Nomozov Furqat oğlu portalımızın Özbəkistan təmsilçisi kimi fəaliyyət göstərməklə yanaşı, çağdaş türk dünyası ədəbi əlaqələrinin inkişafında rol oynayan istedadlı şair, publisist, ədəbi təhlilçi və beynəlxalq ədəbi dialoq qurucularından biridir.
C. Nomozovun fəaliyyəti yalnız jurnalistik müşahidə və xəbərçiliklə məhdudlaşmır. O, Azərbaycan–Özbəkistan ədəbi münasibətlərinin daha da dərinləşdirilməsi, ortaq mənəvi dəyərlərin təbliği və türk xalqları arasında mədəni körpülərin möhkəmləndirilməsi istiqamətində ardıcıl, yüksək peşəkarlıqla və böyük məsuliyyət hissi ilə xidmət göstərir.
Portalımızda onun müəllifi olduğu ədəbi-bədii müsahibələr, elmi-analitik məqalələr, poeziya təhlilləri, esse və publisistik yazılar mütəmadi olaraq geniş oxucu auditoriyasının diqqətinə təqdim olunur. Bu yazılar yalnız bədii dəyəri ilə deyil, həm də dərin fəlsəfi məzmunu, ədəbi düşüncə zənginliyi və mədəniyyətlərarası dialoqa xidmət edən ideya yükü ilə seçilir.
Xüsusilə onun dünya miqyasında tanınmış şair və yazıçılarla keçirdiyi ədəbi-bədii və elmi söhbətləri təqdirəlayiqdir.
Əminliklə qeyd edirik ki, Cahangir Nomozovun fəaliyyəti bundan sonra da türk dünyası ədəbi-mədəni inteqrasiyasına, Azərbaycan–Özbəkistan ədəbi əlaqələrinin daha da genişlənməsinə və beynəlxalq ədəbi dialoqun dərinləşməsinə mühüm töhfələr verəcəkdir...”
Belə bir Xasiyyətnamə idi, ünvanına çata bilmədi...
Həyatım boyu çox ölümlər görmüşəm. Ancaq onların cəmi iki bölgüsü var. Gözlənilənlər və qəfil olanlar. Ahıl insanların, ağır xəstəlik keçirənlərin ölüm xəbərləri səni təəccübləndirmir, buna hazırlıqlı olursan. Amma gənc, sağlam insanın ölüm xəbərini alanda donub qalırsan, “bu necə ola bilər” sualını verirsən. Sualın da iki cavabı olur, ya bədbəxt hadisə, ya intihar.
Bu qədər həyat eşqi ilə dolu, bol enerjili, yaradıcılıq fədaisi olan bir gənc bu gün səninlə sabahkı planlarından, böyük-böyük işlərdən danışır, amma sabah canına qıyır. Niyə, nə səbəbə, nəyə görə?! Həyat, niyə bunca acımasızsan? Niyə gəncləri bu cür yarı yolda qoyursan?
Qeyd etdim, Cahangir Azərbaycan sevdalısı idi. Ən böyük arzusu gəlib Bakını görmək idi. Fəqət, arzusu ürəyində qaldı. Baxdım, onun dərc növbəsini gözləyən bir şeirini gördüm, “Azərbaycana” adlanır, martın 30-da yazıb, dilimizə Aysel xanım Xanlarqızı uyğunlaşdırıb.
Qoy elə bu şeirin səslənməsi də bizim Cahangirlə vida mərasimimiz olsun.
Bu qədər ürəkdən sevmək olarmı,
Üzünü görmədən bir başqa yeri.
Adı çəkiləndə ruhum sevinir,
Odur ürəyimin xoşbəxtlik sirri.
Xəyalım dolaşır küçələrində,
Qayalar dil açır Qobustandakı…
Alov qüllələri boylanır, baxır,
Salam söyləyirəm, eşidir Bakı!
Dənizin nəfəsi, küləyin səsi
Hicran yanğısıtək toxtamaz bir an…
Laylası məst edər gözəlliyilə
Qoynuna çağırar əziz Abşeron.
Sən məğrur, əbədi, qədim tarixsən,
Müdrik gələcəkdən xəbərdar, agah…
Qədim qalaların, gözəl bağların,
Köksündə cəmlənib Gəncə və Qazax.
O çay kollarının ətrin duyuram,
Yaşıl yarpaqlayır duyğular hər an.
Astara səsləyir: gəl, qardaş, deyə,
Limonlu çay süzür mənə Lənkəran.
Mingəçevir- səntək hey işıq saçır,
Çoşur ilhamım da səndən başlayır.
Mənə çox doğmasan, elə əzizsən,
Çünki gül qoynunda dostum yaşayır!
Dünya dərdlərindən yorulur könül,
Rahatlıq və hüzur axtarır bu can.
“Şükr elə” deyərək səccadə sərib,
Əlimə bir təsbeh verir Naxçıvan.
Qırmızı almalar, yaşıl almalar,
Quba tərəflərdə gözüm qalıbdır.
Xaçmazın o geniş, xoş yaylaqları
Ürəyimə vətən eşqi salıbdır.
Şoran olsa belə, bərəkəti bol,
Nə qədər təmizdir, xoşdur həyatı.
Döyünən qəlbidir hər sətirimin
Şirvan və Salyanın şərəfli adı.
Sarsıtdı, çox yordu nisgil, iztirab,
Şəkillərdən sənə həsrət baxıram.
Səni hiss edərək qucaqlayıram,
Səninlə göylərə uçuram, Aran.
Azərbaycan, böyük sevgimsən mənim,
Kədərim, sevincim — sənə bağlıdır.
Özüm özbək oğlu, türk oğlu türkəm,
Amma duyğularım qarabağlıdır.
Ey mənim görmədən sevdiyim diyar,
İstəyim də sənsən, arzum da sənsən.
Hüsnünə dastanlar söyləsəm yetməz,
Sözüm aciz qalır, can Azərbaycan!
Elə bizim də sözlərimiz bu qəfil yoxluğun qarşısında acizdir, Cahangir.
Allah sənə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.04.2026)


