Şərəf Cəlilli,
filologiya üzrə fəlsəfə doktoru.
“Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində sizlərə Türk dünyası məşhurları təqdim edilir.
Sultan Səlim: “Alimin çamuru mənə şərəfdir”
Milli dövlətçilik və milli-mənəvi dəyərlər tarixinə adı həkk olunan Osmanlı sultanları iqtidarının uzun və ya qısa olmasına baxmayaraq bütün zamanlarda elmi-irfana, maarifçilik məsələlərinə önəm vermişlər. Onlardan biri də Sultan Əbdülhəmiddir. Məscid yaptırdığı hər yerdə mədrəsələr açdıran Sultan Əbdülhəmid onun zamanına qədər olan 200 məktəbin sayını 9347-yə çatdırmaqla adını Osmanlı tarixinə mədrəsə, məktəb tikdirən Sultan kimi yazmışdır. Osmanlıda qurulan ilk dünyəvi təhsil mərkəzi – universitet də məhz onun adı ilə bağlı olmuşdur. Sultan Əbdülhəmid Osmanlı tarixinə həm də ilk tibb fakültəsinin qurucusu və ilk fotoaparat arxivinin sahibi kimi yazılmışdır.

Beş dil bilən, təməlini qoyduğu universitetə buraxılmayan Padşah
Osmanlı Sultanları kəskin qılıncları ilə yanaşı, həm də dəyişməz qanunları ilə məşhur olmuşlar. “Ya mən İstanbulu alaram, ya İstanbul məni!” nidası ilə tarix yaradan, Peyğəmbər əleyhissəlamın və Şeyx Ədəbalının “İstanbulu fəth edən komutan, nə mutlu komutan!” hikmətini gerçəyə çevirən Fateh Mehmet tarixdə həm də, təməlini qoyduğu İstanbul Universitetinə tələbə olaraq qəbul edilməyən Sultan kimi qalmışdır. Özünün təməlini qoyduğu universitetə qəbul üçün müraciətdə bulunan Sultan “Buraya imtahansız tələbə alınmaz!” cavabı ilə qarşılaşanda: “Bu bir Osmanlı ənənəsidir, onu Padşah belə poza bilməz!” deyib, Sultanın fərmanını, Kadı əfəndinin qərarını pozmayan universitet rəhbərliyinə minnətdarlıq etmişdir.
Fətih dastanları ilə dünyaya meydan oxuyan, “Türk olmaq zordur, çünki, dünya ilə savaşırsan. Türk olmamaq daha zordur, çünki, Türk ilə savaşırsan!” nidası ilə tarix yaradan, ölümündən sonra cənazəsi bir həftə gizlin qalan, Anadolu hisarının mühəndis-memarı, Bizans İmperiyasının qorxulu röyası olan, İstanbulu Fəth etməklə Ayasofyanı kilsədən məscidə çevirən, İstanbula vararkən mürşidi – kamili Ağ Şəmsəddinlə Ayasofyada İmam olaraq namaza duran Fateh Mehmet təkcə qüdrətli sərkərdə-xaqan deyil, həm də, 7 dili mükəmməl bilən elm-irfan əhli idi. Onun bütün danışıqlarda, elçilərlə görüşlərdə mütərcimsiz qəbullar keçirdiyi haqqında faktlar, məlumatlar, rəsmi sənədlər İstanbulun Nuri-Osmaniyə kitabxanasında qorunur.

Müdrik kəlamları ilə tarixdə qalan Fatehlər
Fətih dastanları ilə tarixdə qalan, dünyanın dörd bir yanını qılıncına müntəzir edən Osmanlı Sultanları həm də, müdrik kəlamları, son vəsiyyətləri ilə əziz tutulmuş, milli-mənəvi dəyərlər tariximizin bir parçasına çevrilmişlər. “Məni incit, Şeyx Ədəbalını incitmə” deyən Ərtoğrul Qazi atasının və özünün ruhunun atasına, Mürşidi-kamilinə son ana kimi dəyər vermişdir. “Zülmdən uzaq dur, Ədalətlə ol!” nidası ilə Osmanlı İmperiyasını quran Osman Qazi “Mürşidin əli-ətəyi öpülər, Kəbə kimi sevilər!” kəlamını həyatının mənasına çevirmişdir. “Dövlətin başı oldum deyə qürurlanma, Mövlamın yeli var, seli var!” deyə tarix yaradan Orxan Qazinin mənəvi əzəmətini I Sultan Murad “Xalqın duası qılıncdan kəskindir!” hikməti ilə rövnəqləndirmişdir. “Məzlumun ahı taxtı laxladar!” sevdası ilə qul haqqına girməyən III Sultan Murad bu müdrikliyin dərsini babaları - “Məni sadə bir qəbrə qoyun!” kəlamı ilə tarix yaradan II Sultan Muraddan, “Qul haqqı ilə Tanrı hüzuruna çıxa bilmərəm!” nidası ilə Fətih dastanları yazan Sultan Süleymandan almışdır.

Sultan Səlim: “Sən indiyə qədər bizi kiminlə bilirdin!?”
Peyğəmbər əleyhissəlamın müqəddəs əmanətlərini Osmanlıya gətirən, Sina çölündə 30 minlik ordusu ilə 5 qat artıq düşmən ordusu ilə savaşıb onu yenən Yavuz Sultan Səlim “Alimin çamuru mənə şərəfdir!” kəlamı ilə elmi-irfan tarixində Mürşid-mürid müqəddəsliyində yeni səhifə açmışdır. Yavuz Sultan Səlimin son anını, yer üzü ilə vida zamanını özündə ehtiva edən bir məqam isə ibrəti-aləmdir: “Kürəyindəki çibandan əziyyət çəkən, artıq son anının yetişməsi üzündən təngnəfəsliyi artan Sultan üzünü nədiminə tutaraq, “Can, bu yaşadıqlarımız nədir?” sualını edəndə “Üzü Tanrıyayıq, Sultanım!” cavabını alarkən Sultan kədərləndirməklə yanaşı, həm də qəzəblənir: “Sən indiyə qədər bizi kiminlə bilirdin!?” cavabı Yavuz adı ilə dünyanın yarısından çoxunu Fəth edən Sultan Səlimin İlahi eşqinin, Tanrı sevgisinin əzəmətini nümayiş etdirir.
“Qələm” və “Şüəra” surəsi ilə müjdələnən Sultanlar
Dünya fatehi Yavuz Sultan Səlimi bədahətən şeirlər, qəzəllər deyən şair olaraq xatırlayan tarix, digər bir dünya fatehi Qanuni Sultan Süleymanı “Mühibbi” imzası ilə şeirlər yazan şair kimi tanıyır. Onun Mövlana Məhəmməd Füzuli, Həbibi, Aşıq Qurbani ilə dostluq münasibətləri də bilinən faktlar sırasındadır. Tarix hər iki sultanı – Yavuz Sultan Səlimi və Qanuni Süleymanı həm də “Şüəra” və “Qələm” surəsi ilə müjdələnən şairlər olaraq xatırlayır.
“Ədəbiyyat və incəsənət”
(03.04.2026)

Qələmin qüdrəti, Kəlamın hikməti ilə tarix yaradanlar
IV Sultan Muradının qəhvəni və tütünü yasaq edən Sultan kimi xatırlayan Osmanlı tarixi onu həm də 20 saatdan çox at minib qılınc qurşayan sərkərdə kimi yaddaşına həkk edib. Osmanlı İmperiyasının qurucusu Osman Qazinin yadigarı, Ərtoğrul Qazinin varisi, cəsurluğu və mərdliyi ilə ad çıxaran Orxan Qazinin şəhərlərin qurucusu kimi qəbul edən Osmanlı tarixçiləri, onu həm də, gözəl qiraətçi, məclislərdə şeirləri, qəzəlləri səslənən Sultan olaraq yad edir.
Bir əlində qılınc, bir əlində qələm tarix yaradan bu dünya fatehləri mənəvi dünyamızı bu gün də zinətləndirməkdədirlər.


