“Masumiyet Müzesi” haqqında bədii-fəlsəfi esse Featured

 

KubraQuliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bəzi əsərlər var ki, onları “sevgi hekayəsi” adlandırmaq çox səthi qalır. Orxan Pamukun Məsumiyyət Muzeyi də belə əsərlərdəndir. Çünki bu əsərdə sevgi görünən tərəfdir, amma altında yatan əsas məsələ insanın daxili boşluqları, qorxuları və özünü aldatmaq bacarığıdır.

 

İnsan bəzən sevdiyini düşünür, amma əslində sadəcə hiss etdiyi duyğunu itirmək istəmir. Kemal da məhz bunu yaşayır. O, Füsunu sevdiyini deyir, amma onun sevgisi qarşısındakı insana yönəlmiş bir hiss deyil. Bu, daha çox onun öz içində yaratdığı bir dünyaya bağlılıqdır. Füsun bu dünyanın içində sadəcə bir simvoldur. Bu səbəbdən də Kemal nə qədər “sevirəm” desə də, bu sevgi heç vaxt qarşı tərəfi azad edən bir sevgi olmur. Əksinə, sıxan, donduran və zamanla insanı öz içində həbs edən bir hissə çevrilir.

Bu nöqtədə əsər sevginin mahiyyətini sorğulamağa başlayır: sevgi həqiqətən qarşı tərəfi sevməkdirmi, yoxsa onun bizdə yaratdığı hissə bağlanmaq? Kemalın xatirələri əşyalarla “qorumağa” çalışması da bunu göstərir. O, insanı yox, onunla bağlı anları, hissləri və illüziyanı qoruyur. Bu isə sevginin canlı bir duyğu yox, keçmişə bağlı bir asılılığa çevrildiyini göstərir.

Amma bu hekayəni təkcə fərdi psixologiya ilə izah etmək də kifayət etmir. Burada cəmiyyətin rolu da böyükdür. Sosial təbəqələr arasındakı fərq Kemal və Füsun arasındakı münasibəti əvvəlcədən qeyri-bərabər edir. Kemalın dünyası ilə Füsunun dünyası eyni deyil və bu fərq sevginin içində belə hiss olunur. Sevgi bu fərqi aradan qaldırmır, əksinə, daha da görünən edir. Bu isə göstərir ki, bəzən münasibətlər təkcə hisslər üzərində qurulmur — arxasında sosial reallıqlar dayanır.

Füsun bu baxımdan daha real bir obrazdır. O, hisslərlə deyil, həyatın içində hərəkət edir. Onun qərarları bəzən ziddiyyətli görünə bilər, amma bu ziddiyyətlər insanın daxilində yox, yaşadığı şəraitdə yaranır. O, nə tam yaxınlaşa bilir, nə də tam uzaqlaşa. Çünki hər iki seçim onun üçün müəyyən itkilər deməkdir. Bu isə insanın azad seçimlərinin hər zaman mümkün olmadığını göstərir.

Digər tərəfdən, əsər xəyanət anlayışını da fərqli şəkildə təqdim edir. Burada xəyanət açıq və görünən deyil. Ən böyük xəyanət insanın fiziki olaraq birinin yanında, amma emosional olaraq başqa birində olmasıdır. Bu nöqtədə Sibel obrazı ortaya çıxır və hekayənin ən ağır yükünü daşıyan tərəfə çevrilir. O, münasibətə inanır, güvənir, gələcək qurur. Amma bilmədən bir illüziyanın içində yaşayır. Bu isə insanın reallığı bilmədən yaşadığı bir yalanın içində qalması deməkdir.

Əsər eyni zamanda zaman anlayışını da fərqli şəkildə təqdim edir. Burada zaman irəliləmir. Kemal üçün zaman dayanır. O, keçmişi buraxa bilmir və bu səbəbdən indini də yaşaya bilmir. Bu isə insanın yaddaşla münasibətini göstərir: bəzən xatirələr insanı zənginləşdirmir, əksinə, onu həbs edir.

Bütün bunların fonunda əsər bir sual qoyur: sevgi insanı azad etməlidir, yoxsa ona sahib olmalıdır? Kemalın sevgisi azad etmir, əksinə, bağlayır. Bu isə sevginin ən təhlükəli formalarından biridir. Çünki bu sevgi qarşı tərəfi yox, insanın öz ehtiyaclarını mərkəzə qoyur.

Bu əsəri oxuyarkən (və ya izləyərkən) bir həqiqət çox aydın hiss olunur: sevgi insanı zəiflədir. İnsan sevdikcə daha həssas olur, daha çox bağlanır və bəzən özünü itirir. Amma insan özünü seçmədiyi anda, ən böyük zərəri yenə özü görür. Sevgi bəhanə olur, amma qırılan yenə insanın öz qəlbi olur.

Bəlkə də əsərin adı “masumiyyət” olsa da, onun içindəki insanlar masum deyil. Çünki insan bəzən ən böyük səhvləri məhz sevgi adı altında edir. Və bu zaman sevgi gözəl bir hiss olmaqdan çıxır, sakit və görünməz şəkildə insanı içdən dağıdan bir gücə çevrilir.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.