Azərbaycanlı şair, alim Bursa Uludağ Universitetində türk dünyası şairləri toplantısında iştirak edib Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” üçün

 

Yaxın günlərdə Bursa Uludağ Universitetində keçirilən Türk Dünyası Şairlər Buluşmasında filologiya elmləri doktoru, dosent Təranə Turan Rəhimli Azərbaycanı təmsil edib. Türk dünyasının ortaq mədəni yaddaşını və mənəvi bağlarını gücləndirən bu mötəbər tədbir universitetin nəzdində fəaliyyət göstərən Türk Dünyası və Mədəniyyəti Mərkəzi ilə Gənc Qələmlər Topluluğunun birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.  Türk Dünyası Şairlər Buluşması beş fərqli Türki Cümhuriyyətindən -- Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan gələn şairləri, həmçinin Axıska, Türkiyə şair və  sənət adamlarını,  rəsmi qonaqları bir araya gətirərək sözün, musiqinin və mədəniyyətin sərhədsiz gücünü nümayiş etdirib.

 

Bursa Uludağ Universitetinin Mühəndislik Fakültəsində yerləşən Dr. Arif Ağaoğlu İrəli Texnologiyalar Mərkəzi  Laboratoriya zalında baş tutan beynəlxalq görüşdə Türk dünyası şairləri -- Təranə Turan Rəhimli (Azərbaycan),  Mugimcan Nurbayev, Alimcan Suyarov , Babur Şer Oğlu (Özbəkistan), Akgül Jumayeva (Türkmənistan), Kadiça Akimcan (Qırğızıstan), Karima Nadzipova (Qazaxıstan), Mircavad Ahıskalı (Türkiyə)  öz şeirlərini  həm Türkiyə türkcəsində, həm də ana dillərində səsləndirərək auditoriyaya əsl ədəbi ovqat bəxş ediblər. Tədbirdə Bursa Uludağ Üniversiteti rektorunun müavini professor doktor Zəkəriyya Arı, Bursa Böyükşəhər Bələdiyyəsinin sədr müavini Ayhan Sarsıcı, Osmangazi Bələdiyyəsinin sədr müavini Murat Hoşgörü, Bursa Miqrasiya İdarəsinin müdiri Haşim Özcan, TÜDAM-ın müdiri professor doktor Ferhat Kurtulmuş, eləcə də müxtəlif ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Şeir dinləmələri ilə yanaşı, Türk dünyasının zəngin musiqi irsi də tədbirə xüsusi rəng qatıb. Bursa Uludağ Universitetinin məzunu, Bursa Böyükşəhər Bələdiyyəsi Orkestr Şöbə Müdirliyinin Türk Xalq Musiqisi Bölməsinin saz sənətçisi Alim Hüseynioğlunun ifa etdiyi türküler zalda böyük maraqla qarşılanıb. Universitetin Təhsil Fakültəsində təhsil alan Qazaxıstan vətəndaşı Ayşe Yersinbek qazax xalqının milli aləti dombra ilə, BUU məzunu Çolpan Kambarova isə qırğız xalqının milli aləti komuzla Türk dünyasına məxsus musiqi nümunələrini səsləndirərək dinləyiciləri ortaq köklərə aparıb. Eyni zamanda BUU Azərbaycan Mədəniyyət və İncəsənət Topluluğunun üzvləri Kemale Məmmədova və Amal Babayevin təqdim etdiyi Azərbaycan xalq rəqsləri tədbirə xüsusi coşqu qatıb.

Tədbirdə Türk Dünyası Şairlərinə Bursa Uludağ Universitetinin təşəkkür bəlgəəsi və Türk Ocaqları Dərnəyi Bursa Şöbəsinin plaketi təqdim olunub.  Filologiya elmləri doktoru Təranə Turan Rəhimli tədbirlə bağlı təəssüratlarını bölüşüb: "Bursa Uludağ Universiteti mənə çox doğmadır. İlk övladım Şəfiqə bakalavr təhsilini bu universitetdə alıb, uğurla məzun olub. Burada ona dərs deyən dəyərli profesaorların verdiyi yüksək referanslarla magistraturanı qazanıb. Bu gün tədbirin açılış və qapanışında  Şəfiqənin sevimli müəllimi, ona Konstitusiya Hüququndan dərs deyən dəyərli alim,  Prof.Dr. Zəkəriyyə Arı hocanın nitqi, eləcə də Uludağ Universitetində elmin, təhsilin inkişafına ömrünü həsr etmiş, Türk Ocaqları Bursa Şöbəsinin sədri professor doktor Səlcuq Kırlının plaketimi təqdim etməsi mənimçün xüsusilə böyük anlam daşıyır. Türk dünyası şairlərini bir araya gətirən Bursa Uludağ  Universiteti rəhbərliyinə, tədbirə  böyük təşkilatçı əməyi verən, uzun illərdir elmi əməkdaşlıq etdiyim  Dos.Dr. Minara Aliyeva Çinar xanıma və  bu layihənin təşşəbbüskarı, ideya rəhbəri Mugimcan Nurbayevə  möhtəşəm tədbir üçün minnətdarlıq duyuram. Mugimcan Nurboyevin  tərtibçisi olduğu, Türkiyənin "Emin Yayınları"nda nəşr edilən "Turan ədibləri" toplusunun məhz bu tədbirdə  tanıdılması və şeirləri topluda yer alan şairlərə hədiyyə edilməsi də yadda qalan anlar oldu. Türk Dünyası Şairlər Buluşması bir daha təsdiqlədi ki, Turana gedən yol şeir, sənət gözəlliklərinin içindən keçir. Və bu gözəlliklərlə də o yolun daha tez qət olunacağı şəksizdir.

Proqram çərçivəsində Türk dünyasının mədəni və ədəbi əlaqələrinin inkişafına verdikləri töhfələrə görə Bursa Uludağ Universitetinin  alim və pedaqoqlarından bir qismi  beynəlxalq mükafatlarla təltif olunuduar. Qırğızıstanın Beynəlxalq Qırğız Akın Yazarlar Birliyi tərəfindən “Çingiz Aytmatov” medalı və təşəkkür məktubu, Qazaxıstanın "Düniye Talanttarı" Birliyi tərəfindən isə “Əhməd Yəsəvi” medalı və təşəkkürnamə təqdim edilib. Bu mükafatlar BUU rektoru professor doktor Ferudun Yılmaz, Türk Ocaqları Dərnəyi Bursa Şöbəsinin sədri professor doktor Səlcuq Kırlı, Türk Dünyası və Mədəniyyəti Topluluğunun məsləhətçisi, professor doktor Alev Sınar Uğurlu, Gənc Qələmlər Topluluğunun məsləhətçisi dosent doktor Minara Əliyeva Çınar və BUU Əlişiir Nəvai Özbək Dili və Mədəniyyəti Mərkəzinin müdiri Surayyo Xodjoyevaya təqdim olunub. Xarici səfərdə olduğu üçün tədbirdə iştirak edə bilməyən rektor professor doktor Ferudun Yılmazın “Əhməd Yəsəvi” medalı və sertifikatı daha sonra ona rəsmi qaydada təqdim edilib.

Tədbirin sonunda qonaq şairlərə və təşkilati işlərdə fəal iştirak edən tələbələrə xatirə hədiyyələri və təşəkkür sənədləri verilib. “Türk Dünyası Şairlər Buluşması” BUU rektorunun müavini professor doktor Zəkəriyya Arının birlik, həmrəylik və ortaq mədəni dəyərlər barədə vurğularla zəngin yekun çıxışı ilə yadda qalıb.

 

“Ədəbiyyat və incəsənət”

(20.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.