Azərbaycan və Türkiyə ədəbiyyatlarının qardaşlaşması fədaisi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Rəfiq Zəka əlinə qələm aldığı gündən gənclik ehtirası ilə şeir və gözəllik məftunu olduğunu sübut edib. Onun şeirlərində canlı xalq dilinə bağlılıq, axıcılıq və səlistlik nəzərə çarpır. Hafizəsinin kəskinliyini, zəngin Şərq ədəbiyyatını dərindən duyduğunu, sənət haqqında ehtiraslı düşüncələrə malik olduğunu görməmək mümkün deyil.

Xalq yazıçısı Mirzə İbrahimov

       

Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəfiq Zəka Xəndanın anım günüdür. O, 1939-cu il 16 iyunda Bakıda dünyaya gəlib. "Axırı yaxşı olar" (1968), "Mənim əziz vəhşiciyim" (1970) musiqili komediyalarının mətnini yazıb. Şair həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olub. Keçən əsrin 80–90-cı illərində Azərbaycan - Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynayıb.

Şair demək olar ki, Azərbaycan - Türkiyə ədəbi əlaqələrinin özülünü qoyanlardan olub. Həmin illərdə şair Türkiyə mətbuatı səhifələrində Azərbaycan ədəbiyyatını geniş işıqlandırıb. O, "SIZE", "Tanıtım" kimi məşhur türk jurnallarında Azərbaycan şair və yazıçıları haqqında yazılar dərc edib.

Rəfiq Zəka şairlik fəaliyyəti ilə yanaşı Azərbaycan İncəsənət Akademiyasının professoru olaraq müəllim heyəti içərisində yer alıb, estetikadan mühazirələr oxuyub. Onun adı türk dünyasında tanınıb və sevilib. Dəfələrlə Türkiyənin bir çox şəhərlərində keçirilən elmi konqreslərdə, beynəlxalq konfranslarda və simpoziumlarda iştirak edib.

Türkiyədə kitabları çap olunub, haqqında monoqrafiyalar nəşr edilib, yaradıcılığından məhəbbətlə, böyük qürurla söz açılıb.

Həm də bir alim kimi diqqət mərkəzində olub. Klassik Şərq ədəbiyyatını, ərəb və fars dillərini, eləcə də Türkiyə türkcəsini dərindən bilirdi. Türk dünyasının görkəmli söz ustadları haqqında monoqrafiyalar nəşr etdirib. Gözəl dramaturq olub, dünya klassik ədəbiyyatı nümunələrini tərcümə edib.

 

Kitabları

1. Çağlayan (Kitabdakı şerlərin böyük qismi və "Səni düşünürəm" poeması çox sevdiyi şair Mikayıl Müşfiqə həsr olunmuşdur).

2. Şerlər

3. Səadət

4. Vətən kimlərindir

5. Meşədə

6. Altı gül

7. Nərmin

8. Vəsilə

9. Baharın heykəli

10. Könlümün yadigarı

11. Əbədi saniyə

12. Tanışlıq

13. Nur səhəri

 

Şair heca və əruz vəznlərində əsərlər yaratmışdır. Əsərlərinin əsas mövzuları türkçülük, vətən sevgisi, məhəbbət, qəhrəmanlıq, öyüd-nəsihət kimi mövzulardır.

 

Filmoqrafiya

1. Dəli Kür

2. Oxuyur Şövkət Ələkbərova

3. Axtaran tapar

 

 21 mart 1989-cu ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. Şair həmçinin 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı laureatı olub.

O, 7 yanvar 1999-cu ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.