TÜRKSOY-un baş katibi Sultan Raevə "Turan bilgəsi" nominasiyası üzrə mükafat təqdim edilib

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dekabrın 16-da Turan Balabilgə Akademiyasının prezidenti Şəmil Sadiq və vitse-prezidenti Mirkan Aydın TÜRKSOY-un Ankaradakı mərkəzi qərargahında qurumun  baş katibi Sultan Raevlə görüşüblər.

 

Qonaqlar Sultan Raevə Naxçıvanın təbii daş duzundan hazırlanmış, üzərində Orxon-Yenisey əlifbası həkk edilmiş Turan Balabilgə Akademiyasının ilk mükafatı - “Turan bilgəsi” nominasiyası üzrə mükafatı və “Turan Balabilgə Akademiyası"nın fəxri üzvü diplomunu təqdim ediblər.

Baş katib göstərilən diqqət və hörmətə görə təşəkkür edib, akademiyanın ortaq Türk mədəniyyəti, tarixi, dil və elmi ənənələrinin araşdırılması və təbliği, türkdilli ölkələrdə və icmalarda elm, təhsil və innovasiyaların inkişafına yönəlmiş tədbirlərin keçirilməsi, Türk xalqları məktəbliləri arasında əməkdaşlıq və akademik-mədəni əlaqələrə töhfə vermək baxımından əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” tezisi bir daha xatırlanıb, ictimai təşkilatların, elm-təhsil, mədəniyyət ocaqlarının ortaq tarixi və etnik köklərə söykənən qardaşlıq əlaqələrinin möhkəmlənməsində yaxından iştirak etdiyi diqqətə çatdırılıb. 

Xatırladaq ki, “Turan Balabilgə Akademiyası” bu il dekabrın 5-də Bakıda təsis olunub.  Birinci Türkoloji qurultayın 100 illiyi ərəfəsində keçirilən tədbirdə Türk dövlətlərindən görkəmli ziyalılar, elm və ictimaiyyət nümayəndələri, deputatlar və digər fəxri qonaqlar iştirak ediblər. Təsis iclasına Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cumhuriyyəti, Makedoniya, Moldovadan olan nümayəndələr qatılıblar.

Hüquqi şəxs statusuna malik olmayan akademiyanın fəaliyyətinə dair təşkilati və metodiki dəstəyi Hədəf Liseyi təmin edir.

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.