Bakıda Özbəkistanın Mədəniyyət Günləri davam edir

 

Bakıda Özbəkistanın Mədəniyyət Günləri davam edir. Bu incəsənət bayramı xalqlarımızın yaxınlığını və ortaq mədəni əlaqələrin zənginliyini bir daha nümayiş etdirir. Proqram çərçivəsində növbəti tədbir Heydər Əliyev Sarayında keçirilən “Navruz” Özbəkistan Milli Rəqs Ansamblının konserti olub.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, tamaşaçılara Özbəkistanın tanınmış incəsənət xadimlərinin, Özbəkistan Dövlət Simfonik Orkestrinin və “Navruz” ansamblının iştirakı ilə zəngin konsert proqramı təqdim edilib.

Simfonik orkestrin müşayiəti ilə dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, həmçinin “İskəndərnamə” əsərlərindən ilhamlanan musiqili-xoreoqrafik kompozisiyalar səsləndirilib.

Konsertin ikinci hissəsində ifaçılar Özbəkistanın müxtəlif bölgələrinin koloritini əks etdirən milli rəqslər və mahnılar vasitəsilə ölkənin zəngin ənənələrini nümayiş etdiriblər.

Gecə çərçivəsində Özbəkistanın Əməkdar artisti, özbək müğənnisi Mohiçehra Şomurodova da çıxış edib. Onun ifasında “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı səsləndirilib. Bundan əlavə, səhnədə Özbəkistanın Əməkdar artistləri Tulkin Jabborov və Yulduz Turdiyeva çıxış ediblər. Y.Turdiyeva özbək kompozisiyaları ilə yanaşı, Azərbaycan mahnısı olan “Qarabağ”ı da ifa edib.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.