İstanbulda Azərbaycan ədəbiyyatının ümumtürk ədəbi dilinə verdiyi töhfələrə dair panel iclas keçirilib

 

Türkiyənin İstanbul şəhərində keçirilən 42-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Azərbaycan ədəbiyyatında ümumtürk ədəbi dili və Azərbaycan ədəbiyyatı” mövzusunda panel iclas keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a isrinadən  xəbər verir ki, Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Şəmil Sadiqin moderatorluğu ilə keçirilən toplantıda Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Azərbaycan Yazıçılar Birliyinin “Dünya Ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynlinin məruzələri dinlənilib.

Panelin əsas məqsədi həm Azərbaycan ədəbiyyatının təbliği, həm də İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əli bəy Hüseynzadə, Hüseyn Cavid kimi şəxsiyyətlərdən başlayaraq ədəbiyyatımızın ümumtürk ədəbiyyatına, ədəbi dilinə verdiyi töhfələri Türkiyə ictimaiyyətinə daha yaxından tanıtmaq olub.

İclasda Azərbaycan ədəbiyyatının Türk dünyası ədəbiyyatına, türk ədəbi dilinə xidmətləri, tarixboyu bu prosesə yanaşmalar, mədəniyyətimiz və ədəbiyyatımızın Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Türkiyədə tanıdılması istiqamətində görülən işlər, eləcə də ölkəmizin Türk dünyasının ortaq dilinin formalaşmasında siyasi-tarixi baxımdan gördüyü işlər barədə geniş məlimat verilib.

Tədbirdə Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərə hazırlıq barədə danışılıb, bu baxımdan ölkəmizin Türk dünyasının mərkəzinə cevrilməsi və tutduğu mövqe xüsusi vurğulanıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.