“Dünya musiqisi” (“Әлем Әуені”) Beynəlxalq İncəsənət Festivalı keçiriləcək Featured

 

Qazaxıstanın paytaxtı Astanа şəhərində şəhər Akimliyi Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə 2025-ci il 24–25 noyabr tarixlərində tədqiqatçıların, ustadların və ifaçıların iştirakı ilə “Dünya Musiqisi” (“Әлем Әуені”) Beynəlxalq İncəsənət Festivalını təşkil edəcək. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib. 3 məkanda - Sülh və Əmin-amanlıq Sarayı, İncəsənət Muzeyi və “Jastar” Sarayında düzənlənəcək festival çərçivəsində “Əcdadlar və Sədalar: Türk musiqi alətlərinin hazırlanması ənənələri və müasir yanaşmalar” mövzusunda simpozium, ustad dərsləri, İncəsənət Muzeyinin rəsmi açılışı və qala-konsert keçiriləcək.

Layihənin əsas məqsədi türk xalqlarına məxsus musiqi alətlərinin hazırlanması ənənələrinin hərtərəfli araşdırılması, qədim texnologiyalarla müasir innovativ yanaşmaların davamlılığının müəyyən edilməsi, eləcə də ustadlar, alimlər, ifaçılar və tədqiqatçılar arasında təcrübə mübadiləsi üçün elmi-praktiki platformanın yaradılmasıdır.

Festival çərçivəsində xüsusi diqqət praktiki ustad dərslərinə yetiriləcək. Türk ölkələrindən olan tanınmış ustadlar musiqi alətlərinin hazırlanmasının ənənəvi üsullarını, restavrasiya üzrə müasir yanaşmaları və səs akustikasının yaxşılaşdırılması texnologiyalarını təqdim edəcəklər. İştirakçılar ağac emalının əsas mərhələlərini, dərinin gərilməsi, simlərin quraşdırılması proseslərini izləyə, həmçinin alətin mini-modelini hazırlaya biləcəklər.

Bundan əlavə, Festival çərçivəsində Astanada unikal “İncəsənət Muzeyi”nin təntənəli açılışı baş tutacaq və burada türk dünyasının musiqi alətlərinə həsr olunmuş xüsusi guşə təqdim olunacaq.

Eləcə də türk xalqlarının musiqi alətlərində ifa ənənələrini əks etdirən konsertlər və açıq nümayişlər təşkil ediləcək.

Tədbirə türk dünyasının elmi-tədqiqat institutlarının və mədəniyyət mərkəzlərinin nümayəndələri, musiqişünaslar, incəsənətşünaslar, etnoqraflar, alət ustaları, magistr və doktorantlar, həmçinin Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkiyənin, Özbəkistanın və Macarıstanın musiqi irsinin qorunması və təbliği sahəsində fəaliyyət göstərən dövlət və ictimai xadimlər dəvət olunub.

Əlaqə məlumatları:

QKQK “Mədəni Tədbirlərin Təşkili İdarəsi”, Astana şəhər Akimliyi: +7 708 592 3611 (layihə kuratoru — N.T. Serikkali)

Türk Mədəniyyəti və İrsi Fondu: +7 705 802 20 58

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.