“Ədəbiyyat və incəsənət” portalının Dünya Gənc Türk Yazarlar Birliyi ilə birgə həyata keçirdiyi Türk dünyasının gənc yazarları layihəsinidə bu gün Özbəkistandan Şəhinur Omarovanın şeirləri təqdim edilir.
Şəhinur Omarova 1998-ci il 23 sentyabrda Daşkənd şəhərində anadan olub.Özbəkistan Yazarlar Birliyi tərəfindən “Payız” adlı şeirlər toplusu nəşr olunub. Dünya ədəbiyyatı nümayəndələrinin əsərlərini ingilis və rus dillərindən özbəkçəyə tərcümə edib.
TUTQUN
Firüzə bacıma
bacı,
bu ölkənin küləkləri tutqun,
hətta quşları da azad deyil.
torpağı səssizcə səmaya baxarkən,
otuz beş ildir ki fəryad çəkməkdə:
(dağlar silkələnir, tozlanır torpaq)
“mən hür məqamına layiq deyiləm!
salamat qalanların və
torpaq udmayanların –
iyrənc qoxusunu duymurmu bu xalq?”
bacı,
bax, mənim də xəyallarım tutqun,
getdikcə kiçilir, azalır ərkim.
təmiz qəlbindən şeirlərinə axan
incə ağrılarını gəlib soraram…
sənin əlin üşüyür, qonur mənim dizimə,
həzin-həzin baxırıq bu çarəsiz Vətənə –
niyə bütövlər deyil, yaralı, yarımçıqlar
canını vermək istəyir Vətənə?
arxada bir Vətən var,
bacı,
sənin kimi qəmli,
ögey qardaşından yumruq yemiş adam.
gözlərinə duzlu qumlar sancılıb,
göz yaşlarını bircə siləlim onun…
bacı,
bu ölkənin küləkləri tutqun…
TƏSƏLLİ
Gözlərinizdə görürəm, əzizim,
bir həsrət var –
ayağımız dəyməmiş yurdların həsrəti,
dənizlər,
sahillərin həsrəti –
danışmadığımız mövzular kimi sonsuz,
dinləmədiyimiz nəğmələr kimi sakit,
və gözəl,
mənim yazılmamış şeirlərim qədər.
Gözlərində görürəm, əzizim,
mənə deyə bilmədiyin sözlər
daha da dərindən batır qəlbinə,
qopmuş bir çiçəyin
suya həsrət qalan kökü kimi.
yüzlərlə təşəkkürlər,
minlərlə “sevirəm”lər,
eşq etiraflarını –
qoxusun duyuram dodağım toxunanda –
qəlbin – böyük gülzar.
bəlkə buna görə sevirəm səni.
SORĞU
sən kimsən,
bir kölgə axtarıb səhra bağrında
durursun mənzilsiz bir sarvan kimi.
ilahi sirr titrər baxışlarında –
oyanıb onu ifşa etmək istəyi:
sən kimsən?
ananın ürəyi – bir ovuc torpaq,
atanın göz yaşından yoğrulmuşdun?
yüyrüyündə qanad izi var, yoxsa
yoxsa, quştək doğulmuşmudun?
sən kimsən?
yuxusunu yelləyib, eşq gəlişinə
dözümündən döşək toxuyan qadın,
günəşin yoluna su səpib, sübhün
başına atarsan ipək bir yaylıq,
sən kimsən?
iki gözmuncuğu – bəxtin müjdələri
isti nəfəsindən qəlbin isinib.
biri çiynindədir, biri əlində –
azadlığını da udur köksündən.
sən kimsən?
…sən öz şəklini çəkmək istəyirsən,
molbert qarşısında durub şəst ilə.
əlində boyalar – hazırsan, hazır,
fırça diləyirsən yalvarıb Haqqdan
və susursan…
Özbəkcədən uyğunlaşdıran: Rahmat Babacan
“Ədəbiyyat və incəsənət”
(21.11.2025)


