4 noyabr 2025-ci il tarixində, Özbəkistanın Səmərqənd şəhərində keçirilən YUNESKO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Türk dünyası üçün tarixi əhəmiyyətə malik mühüm bir hadisə baş tutacaq — Türk Mədəniyyəti və İrsi Fondu ilk dəfə olaraq türk sivilizasiyasının dərinliyini və böyüklüyünü əks etdirən unikal layihələrin təqdimatını keçirəcək.
“Ədəbiyyat və İncəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, təqdimata aşağıdakı layihələr daxildir:
Türk Dövlət Başçılarının qəbul etdiyi “Türk Dünyasına Baxış– 2040” və “TURKTIME” strateji sənədlərinə uyğun olaraq hazırlanmış “Türk Dünyasının Mədəni Kodu” adlı Türk dünyasının mədəni irsinə dair kataloq;
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və Türk dövlətləri başçılarının dəstəyi ilə həyata keçirilən çoxcildli “Türk Folklor İrsi” Antologiyasının nəşri.
Qeyd etmək lazımdır ki, təqdim olunan bu unikal layihələrin həyata keçirilməsi məqsədilə Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının görkəmli alim və mütəxəssislərini bir araya gətirib. Onlar türk xalqlarının çoxəsrlik mədəni və elmi irsinin sistemləşdirilməsi, tədqiqi və gələcək nəsillərə ötürülməsi işinə əvəzsiz töhfə veriblər.
Proqram çərçivəsində, həmçinin, 2025-ci il noyabrın 3-də YUNESKO Baş Konfransının 43-cü sessiyasının qətnaməsi ilə qəbul edilmiş Türk Dili Ailəsi Gününün (World Turkic Language Family Day) qeyd olunması ilə bağlı tədbir keçirildi. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan və Macarıstanın YUNESKO yanında Daimi Nümayəndəliklərinin rəhbərləri, Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, tanınmış alimlər, mədəniyyət institutlarının təmsilçiləri və media nümayəndələri iştirak edirdilər. Tədbir Türk mədəniyyəti və irsinin səfiri, etno-folklor “Turan” ansamblının solistlərinin çıxışları ilə müşayiət olunurdu.
Beləliklə, YUNESKO 15 dekabr gününü Türk Dili Ailəsi Günü elan etdi. Hər il həmin gün qeyd ediləcəkdir.
Bu tədbir türk xalqlarının tarixi üçün növbəti əlamətdar hadisə olmaqla, onların dil və mədəni birliklərinin beynəlxalq miqyasda tanınmasını, eləcə də türk sivilizasiyasının dünya mədəniyyətinin və humanitar əməkdaşlığın inkişafına verdiyi töhfəni əks etdirəcək.
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)


