Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində bu günkü mövzumuz qədim türk dini inanclarında göy tanrı kultunun siyasi legitimləşdirmədə roludur. Düçünürük ki, əvvəlki mövzular kimi bu mövzu da diqqətinizi cəlb edəcək.
Qədim türklərin dünyagörüşündə mərkəzi yer tutan Göy Tanrı (Tengri) kultu yalnız dini sistemin əsas elementi deyil, həm də erkən dövlətçilik quruluşunun legitim əsasını təşkil edən ideoloji sütunlardan biri olmuşdur. Türk xaqanlarının hakimiyyət iddiaları və siyasi fəaliyyətləri çox vaxt Tanrı tərəfindən bəxş olunmuş ilahi mandatla əsaslandırılmış, beləliklə də, dini inanc siyasi legitimliyin əsas mənbəyinə çevrilmişdir. Bu anlayış, xüsusilə, Göytürk yazılı abidələrində (Orxon-Yenisey kitabələrində) aydın şəkildə ifadə olunmuşdur: xaqan öz hakimiyyətini xalqın və Tanrının iradəsinin birləşməsi kimi təqdim edir və «Tanrı istədiyi üçün mən xaqan oldum» formulu ilə bu mandatı rəsmi şəkildə elan edir.
Göy Tanrı kultunun siyasi funksiyası yalnız hakimiyyətin mənşəyini izah etməklə məhdudlaşmır, həm də onun qorunması və davamlılığını şərtləndirirdi. Hakimiyyət Tanrının bir lütfü sayıldığından, xaqanın vəzifəsi Tanrının qoyduğu kosmik nizamı qorumaq və xalqın rifahını təmin etmək idi. Əgər xaqan bu missiyadan yayınar, ədalətsizlik və zülmə yol verərdisə, Tanrı tərəfindən verilmiş «qut», yəni hakimiyyət bəxti və səlahiyyəti ondan alına bilərdi. Bu inanc sistemi, dövlət idarəçiliyində mənəvi məsuliyyət və əxlaqi davranış prinsiplərinin qorunmasına xidmət edirdi.
Göy Tanrıya istinad həm də türk dövlət ideologiyasına universallıq çaları qazandırmışdı. Qədim türklər öz imperiyalarını yalnız etnik-siyasi ittifaq kimi deyil, Tanrının yaratdığı və qoruduğu bir dünya nizamının davamı kimi təsəvvür edirdilər. Bu, onların imperiya quruculuğuna kozmik bir missiya donu geyindirirdi. Beləliklə, Tanrının himayəsi altında olmaq ideyası təkcə hökmdarın deyil, bütövlükdə dövlətin legitimliyini möhkəmləndirirdi və bu, həm daxili itaəti təmin edir, həm də qonşu xalqlara qarşı ideoloji üstünlük yaradırdı.
Bu dini-siyasi sintez nəticəsində Göy Tanrı kultu qədim türk dövlətçilik ənənəsində təkcə bir inanc obyekti deyil, həm də siyasi hakimiyyətin əsaslandırılma mexanizmi olmuşdur. Hakimiyyətin Tanrı iradəsi ilə əlaqələndirilməsi türklərin dövlət quruculuğuna müqəddəs xarakter verərək, onların tarix səhnəsində güclü və davamlı siyasi birliklər yaratmasına zəmin hazırlamışdır.
“Ədəbiyyat və incəsənət”
(24.09.2025)