Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində Bakı Birinci Türkolji Qurultayının 100 illiyi münasibətilə yazıları davam etdiririk.
Türkologiya – türk dillərinin, ədəbiyyatının, tarixi və mədəniyyətinin öyrənilməsi ilə məşğul olan elmi sahədir. XX əsrin əvvəllərində bu sahədə elmi koordinasiyanı təmin etmək, ümumtürk ortaq dəyərlərini sistemləşdirmək məqsədilə ilk beynəlxalq miqyaslı tədbir – Birinci Türkoloji Qurultay keçirildi. 1926-cı ildə Bakıda baş tutan bu hadisə, türkologiya elminin inkişafında və türk xalqları arasında mədəni həmrəyliyin gücləndirilməsində mühüm rol oynadı.
1926-cı il fevralın 26-dan martın 6-dək Bakı şəhərində keçirilən I Türkoloji Qurultayda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Başqırdıstan, Sibir, Çin, Almaniya, İran, Polşa kimi ölkələrdən 130-dan çox alim iştirak edirdi. Qurultayın əsas məqsədləri aşağıdakılardan ibarət idi:
•Türk dillərinin və ədəbiyyatlarının müqayisəli tədqiqi,
•Ortaq əlifba — latın qrafikalı vahid türk əlifbasına keçid,
•Terminologiya və tərcümə məsələlərinin müzakirəsi,
•Türk xalqlarının mədəni irsinin qorunması və öyrənilməsi,
•Türklər arasında elmi əməkdaşlığın gücləndirilməsi.
Qurultayda ən böyük əhəmiyyət daşıyan məsələ yeni əlifbaya keçid idi. O dövrə qədər bir çox türk xalqı ərəb qrafikasından istifadə edirdi. Latın əlifbası daha praktiki, elmi və müasir biliklərə çıxışı asanlaşdıran bir vasitə kimi qiymətləndirilirdi. Alimlər bu dəyişikliklə savadlılıq səviyyəsinin artacağını, tədrisin asanlaşacağını və türk xalqları arasında ortaq anlaşma dilinin formalaşacağını düşünürdülər.
Qurultay türkologiya sahəsində bir sıra mühüm nəticələr doğurdu:
•Türk dillərinin sinxron və diaxron tədqiqi sürətləndi;
•Ortak söz bazası və qrammatik terminologiyanın müəyyənləşdirilməsinə başlanıldı;
•Türk xalqlarının folklor və ədəbiyyat nümunələrinin sistemləşdirilməsinə dair təkliflər verildi;
•Sovet İttifaqı daxilində mədəni birliyin saxlanılması istiqamətində modellər hazırlandı.
Bununla belə, 1930-cu illərin repressiyaları dövründə türkologiya sahəsində çalışan bir çox alim, o cümlədən, qurultay iştirakçıları siyasi səbəblərlə təqiblərə məruz qaldılar, bu isə sahənin inkişafına ciddi zərbə vurdu.
1926-cı il I Türkoloji Qurultay təkcə elmi tədbir deyildi, o, türk xalqlarının intellektual və mədəni birliyinə yönəlmiş bir çağırış idi. Qurultayın nəticələri sonrakı onilliklərdə türkologiyanın strukturlaşmasına, elmi məktəblərin yaranmasına və ümumtürk mədəniyyətinin qorunmasına şərait yaratdı. Bu baxımdan Qurultay həm tarixi, həm də elmi dəyəri baxımından türkologiyanın qızıl səhifələrindən biri olaraq qalır.
“Ədəbiyyat və incəsənət”
(02.07.2025)