Cahangir Namazov, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi
Bu dəfə müsahibə deyil, bir şeirlə hüzurunuzdayam. Şeir Azərbaycanın tanınmış ziyalısına, Filologiya fənləri doktoru, Nəvaişünas alim, Özbəkistan Respublikası
“Dostluq” ordeni sahibəsi, dəyərli ustadım Almaz Ülvi Binnətovaya həsr olunub.
Əlində qələm var, ürəyində nur,
Saysız könüllərə paylarsan ziya.
Ruhunda var gözəl, şərqvari qürur,
Sənintək alimdən dərs alır dünya.
Ömrün elm üçün bir bəxşiş olub,
Sanki iynə ilə qazmısan quyu.
Ulu ustadların ətəyin tutub,
Eldə dəyər tapıb göstərdin boyu.
Səni ovsunlayan sözlər sevinci,
Qəlbində bir gözəl cununi heyrət.
Neçə əsrlərdir nurlu bu inci,
“Sənə” nəzər salmış Nəvai Həzrət.
Fəxrisən - qardaşım Azərbaycanın,
Qədərsizdir hətta özbəyin mehri.
O orden bəzəyi məğrur yaxanın,
Mehrin, məhəbbətin gözəldir yeri.
Gənclər ürəyində çatıb ocaqlar,
Yüksək uçuşlara olmusan qanad.
Sənintək ustadalar nə qədər ki var
Daim gül açacaq bu köhnə həyat.
Yaxşılıq qalibdir meydan içində,
Düz söz əbədidir, ölməz heç zaman.
Səni adi sözlə tərif etsəm də,
Həqiqi almazsan, qəlbi - “Almazsan!”
“Ədəbiyyat və incəsənət”
(24.06.2025)