İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Türkiyə ədəbiyyatşünası, folklorçusu Ənvər Uzun
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının türk ünlülərinin tanıtımı layihəsində Türkiyə ədəbiyyatşünası, folklorçusu Ənvər Uzun barədə danışacağıq. Çünki bu gün bu ünlü şəxsin doğum günüdür.
Ənvər Uzun 18 iyun 1958-ci ildə Türkiyə Cümhuriyyətinin Akçaabat qəzasının Dumankaya kəndində anadan olub. 1992-ci ildə Əskişəhər Anadolu Universitetinin ədəbiyyat fakültəsini bitirib. 1997-cı ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Yaşar Qarayevin elmi rəhbərliyi ilə "Hüseyn Cavid və Türkiyə ədəbi muhiti" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Bir müddət Türkiyə Futbol Federasiyasında futbol hakimi vəzifəsində fəaliyyət göstərib. Daha sonra Trabzon Bələdiyyəsi Kültür Kurulunun üzvü olub. Trabzon Yazarlar Birliyinin, Anadolu Basın Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, "Beynəlxalq Muzeylər Birliyinin Azərbaycan Milli Komitəsi" və Trabzon Valiliyi Yöresel Kültürə Katkı xüsusi ödülünü alıb.
Orta məktəb illərində surətçıxarma üsulu ilə yayınlanan "Meşale" adlı şagird dərgisinin nəşrinə rəhbərlik edib. İlk qələm təcrübələrini həmin dərginin səhifələrində sınaqdan çıxarıb. Daha sonra müxtəlif qəzet və dərgilərdə ədəbiyyat, sənət, tarix, folklor və idmanla əlaqəli yazılar yazmağa başlayıb. "Koroğlu" adlı ilk elmi araşdırması ciddi uğur qazanıb. "Asistentlərin eşqi" romanı təfriqə şəklində yayınlanıb. Romanda insanın şüuraltında yaşayan duyğu anaforunda nəzarəti qeyb etməsi lirik tərzdə bədii ifadəsini tapıb.
Xeyli sayda publisist, folklor və tarixi-coğrafi mövzulu yazıların müəllifidir. Ənvər Uzunun araşdırmaların Azərbaycanın Güneyində (İranda) yaranan ədəbiyyat, folklor, mətbuat kimi mövzular aparıcı yer tutur. Müəllifin elmi tədqiqatlarının bir qismi Azərbaycanda və İranda yayınlanıb. Türkiyə, Azərbaycan və Avropa ölkələrində yayınlanan bir çox ədəbi dərgi və qəzetlərdə məqalələri dərc olunub. Dünyanın bir çox ölkələrində keçirilən konfrans, simpozium, forum və seminarlara qatılıb, Türkiyə və Azərbaycan mədəniyyəti və ədəbiyyatını layiqincə təmsil edib.
Kitabları
1. Kur’anı Kerim ve Etnikler
2. Hüseyn Cavid və Türkiyə ədəbiyyatı
3. 100 Güney Azərbaycan şairi
4. Ermenistan’ın Ortaya Çıkışı (tərcümə)
5. Trabzon’da Sinema Kültürü.
6. İran Türk folkloru
7. Trabzon Yer Adları
8. Bir Ömrü Yazdım
9. İran İzlenimlerim
10. Hatıralarda Ali Rıza Yıldız
11. Dumankaya Monografyası
12. İran Türklerinde Meydan Temaşaları
13. Koroğlu
Tərcümələri
1. Ali Şîr Nevai Hakkında Rivayetler
2. Rusya’nın Erzurum’daki Başkonsolosu Mayevski’nin Hatıraları
3. Azerbaycan Muhaceret Edebiyatı (Aktarma)
4. Ruhun Ağrıları (Aktarma)
5. Güney Azerbaycan’ın Doğusundaki Yer Adları (Aktarma)
“Ədəbiyyat və incəsənət”
(18.06.2025)