“KİTABİ-DƏDƏ QORQUD” – türkün ensiklopediyası Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

“Gəlimli-gedimli dünya, bir ucu ölümlü dünya” anlamıyla kamilliyə çatan “Kitabi-Dədə Qorqud” türkün ensiklopediyasıdır. O, məişətimz, yurdumuz, inam və tapınaqlarımız,  mərasimlərimiz, əxlaqımız, dilimiz, düşüncə tərzimiz, döyüş bacarığımız və s. barədə aydın təsəvvür yaradan, hüquq və azadlığımıza, dövlətçiliyimizə, mənəvi bütövlüyümüzə doğru əsas məqamları əks etdirən monolit abidədir.

 

Hünərinə, el-oba qarşısında xidmətlərinə görə insanı qiymətləndirir “Kitabi-Dədə Qorqud”. Oğuz igidləri davada qaçanı qovmur, aman istəyəni öldürmür, suçlunu belə bağışlayır, ancaq xalqın adını batıranları, xainləri öz axarından kənara atır. “Axar su mundarlıq götürməz”  misalına rəğmən Dədə-Qorqud xalqı, dünyanın işlərini saf-çürük etmək əzmindədir və bu, ali səviyyəli xarakter dəqiqliyidir, insanın dünyəviliyidir.

Səlcuqlar dövründə güney Azərbaycanda yaradılan bir dekorativ nimçədə yazılıb ki, “Türklə ucuz başla danışmaq olmaz”, yəni onunla ali insan xarakteri keyfiyyətləri ilə ünsiyyət saxlamaq mümkündür.” Yüzilliklərlə Dədə Qorqudun türkə yetəri mirası da elə budur.

Dastanda ata və qardaşlarına, ər və nişanlılarına arxa duran, zərifliyi, mənəvi təmizliyi, intellekti ilə bu günün insanını heyrətə gətirən qadınlar göstərilən mənəvi mirasın əsil sahibləridir.

Ər meydanında kişilərdən “yey”, hökmlü, sevgisində misli - bərabəri olmayan Burla xatun, nişanlısı Qanturalıdan geri qalmayan Selcan xatun, on dörd ilin həsrətinə mərdliklə dözüb, sevgilisi Beyrəyi çətin imtahana çəkən Banuçiçək və başqa qadın obrazları sanki böyük və möhtəşəm bir sarayın dayanıqlığını və estetik gözəlliyini tamamlayan silsilə atributlardır.

Mühitimizdə dilini, görkəmini, davranış qaydalarını saxlamağa çətinlik çəkən, yad ənənələrə tapınan, hər şeydən əvvəl türk başlanğıcını itirən müasir qadınlar, qızlar Dədə Qorqud qadınları qarşısında nə qədər miskin görünürlər ! Bir müəllim kimi Dədə Qorqud öyrətmələrinin və bu öyrənclər zamansız yarandığına görə onların müasir dünyamızdan da qırmızı işıq kimi keçməsi həmişə mənim arzum olmuş, öz fəaliyyətimdə pedaqoji sistemin bu yolla addımına çalışmışam. Başqa sözlə, belə çıxır ki, biz zəngin bir təlim-tərbiyə xəzinəsinin yanından gözübağlı keçməkdəyik.

Dastanda oğuz igidləri ədəb-ərkanı, zərif etik normaları bütün dəqiqliyi ilə gözləyirlər. Qadınlara “Xan qızı, qara gözlü yavuqlum, həlalım, qadınım, diləyim-döləyim”, - deyə müraciət edirlər. Oğuz xanımının “Başımın baxtı, evim taxtı...” ifadələrinin dilin estetikliyi cəhətdən qüdrətini isə heç bir zərifliklə izah etmək mümkün deyildir. Mən demirəm ki, müasirlərimiz bu ifadələri təkrar etsinlər. Ancaq fikrin nəciblik mahiyyəti, koloriti itirilməməlidir. O xanımlar “göz açıban gördüyü, könül verib sevdiyi” igidlərə ərə gedirlər, yeri gələndə nöqsanlarını açıqlayıb, ağıllı məsləhətlər verirlər, onları ruhlandırır, ürək dostlarına çevrilirlər. Türkün qadını yüzilliklərlə belə olub, ona görə ki, onlar ailə, cəmiyyət qarşısında öz məsuliyyətlərini yaxşı anlayıblar, fədakarlıqları ilə seçiliblər. Bütün bunlarda müasir sayılmayacaq nə var ki !? Hələ ilk məktəb illərindən balalarımızın bu “əlifba” kitabı ilə böyümələrində qəbahət nədir ki ?!

Qazan xan döyüşdən əvvəl “Anamı vergil mana! Savaşmadan, vuruşmadan qaydayım” ifadələri ilə müraciət edir düşməninə. Uruz anasına deyir ki, “qoy məni çəngələ vursunlar, ətimdən qara qovurma etsinlər, qırx bəy qızının önünə gətirsinlər. Onlar bir yediyində, sən iki ye.” Onun dedikləri valideynə, ata hörmətinə, namusuna yüksək səviyyədən baxışın ifadəsidir.

“Kitabi-Dədə Qorqud”da ana haqqı tanrı haqqı hesab olunur, anaya bundan yüksək qiymət, bəlkə də, heç bir ədəbiyyatda verilməyib.

Gənc nəslin tərbiyəsində ananın üzərinə düşən böyük məsuliyyət Dədə Qorqud cəmiyyətinin bütün incəliklərinə qədər dərk edildiyindən, dastanda qadına xüsusi münasibət yaranmışdır. “Kitabi-Dədə Qorqud”a qədər formalaşmış türk tarixi də nəzərə alınarsa, dastanın ömrü xalqımızın yaranması, təşəkkül tapması dövləri ilə üzvi bağlıdır.

İndi Dədə Qorqud öyrətmələri müasirdir və xalqımızın da bütün dünyada öz orjinalında olduğu kimi tanınması vacib problemlərimizdəndir. Bu baxımdan “Kitabi-Dədə Qorqud” xalqımızın heç kimə bənzəməyən mənəvi xəzinəsidir. Bu xəzinəni səhifə-səhifə öyrənmək, təbliğ etmək, bundan öyünmək, qürurlanmaq lazımdır ki, bu tarixi, mənəviyyatı başqası deyil, mənim xalqım yaratmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.06.2025)

 

                                                             

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.