Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Bu gün - may ayının 29-u İstanbulun fəth edilməsinin 572-ci ili tamamlanır. Bu gün bu mövzu barədə danışmaq qərarına gəldim.
"Əvvəlcə İstanbul mənim ürəyimi fəth etdi, sonra mən onu". Bu sözlər Fateh Sultan Mehmetə məxsusdur.
1453-CÜ İLİN 29 MAYI
İstanbulun fəthi 1453-cü il mayın 29-da Osmanlı sultanı 21 yaşlı Fateh Sultan Mehmetin (Sultan II Mehmet) rəhbərliyi ilə həyata keçirilmişdir. Şərqi Roma (daha öncələr Bizans) imperiyasının paytaxtı Konstantinopol həmin tarixdən Osmanlı dövlətinin imperiyasının bir parçasına çevrilmişdir. Bizans imperiyası tarixin səhnəsindən silinmiş, VII Osmanlı Sultanı II Mehmet Fateh Sultan Mehmet adlandırılmışdır.
6 aprel 1453-cü ildə Osmanlı ordusu tərəfindən mühasirəyə alınan İstanbul 53 gündən sonra fəth edilmişdi.
Sultan Mehmet və onun tabeliyində olan əsgərlər Bizans imperatoru XI Konstantinin ordusuna qarşı döyüşdə qalib gələrək türk dünyasının tarixində yeni bir səhifə açmışdır.
FATİH SULTAN MEHMET
Ədirnədə dünyaya gələn Fatih Sultan Mehmet dövrünün tanınmış elm adamlarından dərs almış və 13-14 yaşlarında atası tərəfindən taxta çıxarılmışdır. Sarayda sərt reaksiya ilə qarşılanması və səlibçilərin Varnaya hücumu səbəbindən II Mehmet saray əyanları ilə atasını yenidən taxta dəvət edir. 1451-ci ildə atasının vəfatından sonra yenidən Ədirnəyə qayıdaraq taxta çıxır.
ƏN YAĞLI TİKƏ - KONSTANTİNOPOL
Dünyanın coğrafi mərkəzi hesab edilən Konstantinopol dəfələrlə mühasirəyə düşmüşdü. Osmanlılar da əvvəllər şəhəri mühasirəyə almış, hətta Çimpə qalasını və Rumelidə bir qisim torpağı ələ keçirmişdilər. Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı dövləti ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə almışdır. Həmin zaman I Bəyazid mancanaqlardan istifadə etmişdir. Lakin qərbdə Macarıstan krallığının indiki Bolqarıstan ərazisinə (Osmanlı torpağına) hücumu ilə planlar pozulmuşdur. Növbəti il kifayət qədər hazırlıqlı olan bizanslılar dəniz yolundan gələn hücumların qarşısını kəsmək üçün Anadolu Hasarını inşa etmişdilər. Uzun sürən mühasirədən sonra I Bəyazid Bizansın sülh təklifini qəbul edərək geriyə dönməyə məcbur olmuşdu.
Ankarada məğlub olmuş Osmanlı dövləti I Bəyazidin oğlu Musa Çələbinin başçılığı ilə Konstantinopola yenidən hücum etmiş və 1412-ci ildə buranı mühasirəyə almışdı. Lakin bu zaman da heç bir uğur əldə edilməmişdir. Dördüncü mühasirə isə II Muradın dövründə olmuş, uğurlu strateji həmlə edən Bizans imperatoru VII İohanın Qara dəniz sahilindəki bəzi torpaqları və xərac verməyi qəbul etməsindən sonra başa çatmışdı. Bizansın bu qədər kiçik bir əraziyə sıxışdırılmasına baxmayaraq, illərlə niyə məhv edilmədiyi sualının cavabı şəhər divarları arasında gizlənir. Üç qatda düzülmüş bu divarlar çox möhkəm materialdan hazırlanmışdı. Şəhəri əhatə edən divarların ümumi uzunluğu təxminən 22 kilometr, qalınlığı 5 metr, hündürlüyü isə 15 metr idi. Bastionların yerdən hündürlüyü bəzi yerlərdə 20-25 metrə çatmışdı. Sözügedən mühasirələr uğursuz olsa da, qüdrətli Osmanlı dövləti Bizansın bütün ətraf ərazilərini öz tərkibinə qatmışdı. Artıq II Mehmet taxta çıxdığı zaman Konstantinopol Osmanlı dövlətinin torpaqları ilə əhatələnmişdi. Bu böyük dövlətin imperiya halına gəlməsinə isə sadəcə bir addım qalmışdı.
19 YAŞIN HİKMƏTİ
Fateh Sultan Mehmet 1451-ci ildə taxta çıxarkən cəmi 19 yaşı var idi. Avropada bir çoxları gənc sultanın uğur qazana biləcəyinə şübhə ilə yanaşır, Balkanlarda, Egeydə xristian gücləri qarşısında məğlub olacağını proqnozlaşdırırdılar.
Ağlı və zəkası ilə fərqlənən gənc hökmdar səfər hazırlıqları çərçivəsində Konstantinopolun dənizlə olan əlaqəsini tamamilə kəsmək və mühasirə vaxtı şəhərə dənizdən kömək gəlməsinin qarşısını almaq məqsədilə Rumeli Hasarının tikintisinə başlanılmasını əmr etmişdi. Rumeli Hasarı I Bəyazid tərəfindən tikilən Anadolu Hasarının qarşısında idi. 400 əsgərin müdafiə etdiyi qala Firuz Ağaya tapşırılmışdı. Lakin tikintinin başa çatması ilə boğazda gediş-gəlişin dayanması Bizans tərəfini narahat edirdi. Buna görə də bizanslılar bütün xristian dünyasından yardım istəyirdi. Roma papası isə II Mehmetə xristianlığı qəbul edəcəyi təqdirdə nəinki Konstantinopolu, bütün dünyanı qan tökülmədən fəth etməyi vəd etmişdi. Bu təklif isə Mehmet tərəfindən qəzəblə qarşılanmış və bunu bildirən elçi qala divarlarından aşağıya atılmışdır.
BAŞLANĞIC
1453-cü il aprelin 6-da Osmanlı ordusu Qızıl Buynuzdan Mərmərəyə qədər uzanan divarlar qarşısında yerləşdirilmişdi. İki gün sonra artıq Baltaoğlu Süleyman Paşanın komandanlığı ilə Osmanlı Donanması Prinkipos (Büyükada) və Antiqoni (Burgaz adası) və Tarabyada Bizans qalasını ələ keçirmişdi. Aprelin 20-də isə 4 Genuya gəmisi təchizatı tükənmiş şəhərə dəstək üçün hərbi yardım gətirdi. Bu, Bizansın duruş gətirməsinin ömrünü bir qədər uzatdı. Osmanlı donanması buna mane ola bilmədi. Bu hadisədən sonra Osmanlı tərəfində mənəvi sarsıntı yaşansa da, tez bir zamanda tarixə keçəcək addım atıldı. Osmanlı gəmiləri quru yol ilə dənizə endirildi. Plan daha əvvəl hazırlansa da, Genuya gəmilərinin Bizansa yardım gətirməsi bu planı sürətləndirdi.
VƏ YEKUN
Mayın 29-da Osmanlı ordusu günəş doğmadan Mehter marşı ilə hücum yürüşünə başladı. II Mehmet yeniçərilər ilə qala divarlarına yaxınlaşdı. Bizans qoşunları artıq tükənmişdi, qətiyyətli və təcrübəli yeniçərilər sıralarını pozmadan divarlara çatdılar. Fateh Mehmet rəhbərliyi ilə yeniçərilər sürətlə şəhərə doğru irəlilədilər. Bunlar tarixi anlar idi, dünyanın geopolitik mənzərəsini, qüvvələr nisbətini kökündən dəyişən təntənə idi. II Mehmet vəzirləri və komandirləri ilə birlikdə Müqəddəs Romanos qapısından (indi Topkapı adlanır) şəhərə daxil olaraq Aya Sofyanın önünə gəldilər. Mehmet kilsəyə sığınan camaatın həyatına toxunmadı.
Beləcə, Konstantinopolun fəthi Bizans imperiyasına son qoymaqla yanaşı, İstanbulun dünyanın ən inkişaf etmiş elm, mədəniyyət beşiklərinin birinə çevrilməsi gerçəkliyinin təməlini qoydu.
“Ədəbiyyat və incəsənət”
(29.05.2025)