Leyla Səfərli, “Ədəbiyyat və incəsənət”
Bu gün - mayın 3-ü Türk Dünyasının Həmrəyliyi Günüdür. Türkçülük bayramının keçirilməsinin tarixi 80 ilə yaxındır. Bu tarixi gün ilk dəfə 1944-cü il may ayının 3-də Türkiyədə - Topxana hərbi həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla, on nəfər məhkum tərəfindən qeyd edilib. Bundan sonra həmin gün daha geniş kütləni əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb.
Günün tarixçəsi:
Türkçülük Gününə gətirən proseslər 1942-ci ildən başlayıb. Belə ki, həmin dövrdə Türkiyənin Baş naziri milli düşüncə sahibi Şükrü Saraçoğlu olsa da, dövlət məmurları arasında kommunistlərin də sayı az olmayıb. SSRİ o dövrdə Türkiyədə kommunist plasdarmı hazırlamağa xüsusi diqqət ayırırdı. Təhsil naziri Hasan Ali Yücel kommunist olduğunu açıq söyləyir, bu siyasi görüş daşıyıcılarını orta və ali təhsil ocaqlarına yerləşdirirdi. Ölkədə kommunizm ideologiyasının yayılması, milli düşüncənin sıxışdırılması millətçi ziyalıları narahat edirdi. Dövrün böyük fikir adamlarından Nihal Atsız və digər ziyalılar prosesin dayanması üçün addımlar atılmasını vacib sayır, “Bozkurt”, “Orhun”, “Çınaraltı” nəşrlərində kommunizm əleyhinə yazılar dərc edirdilər.
Türk ziyalılarının Sovet İttifaqının timsalında kommunizmin türk irqinin məhvinə yönəlik ideologiya olduğunu bildirən məqalələri kommunistlərə qoşulan xeyli gənci bu yoldan çəkindirdi. Elə işğal altında olan Azərbaycanda 1937-ci illərdə minlərlə insanın türkçülük, turançılıq əqidəsinə görə məhv edilməsi göz önündə idi.
Ancaq kommunistlər təşkilatlanmaqda davam edir və sayları artırdı. Həmin günlərdə Nihal Atsız Şükrü Saraçoğluna açıq məktub yazır. Məqalə “Orhun” nəşrinin 1944-cü il mart sayında dərc edilir. Məktubda təhsil naziri Hasan Ali Yücelin əmri ilə məktəblərdə, universitetlərdə kommunizmi təbliğ edən çap məhsullarının yayıldığı, bunun üçün ianə toplandığı bildirilir. Onun bu məsələdə ən yaxın silahdaşının məşhur yazıçı, “Xəz dərili Madonna”nı yazmış Sebahattin Ali olduğu göstərilir. Bu hadisə Türkiyə tarixinə kommunizm əleyhinə ən böyük mitinq kimi yazılır.
Nihal Atsız: 3 may tarixi türkçülüyün tarixində bir dönüş nöqtəsidir
Yazılanlar təhsil naziri üçün ciddi problemə çevrilir. Nazir Yücel və “Ulus” qəzetinin baş redaktoru Falih Rıfkı Atayın təşviqi ilə Sabahattin Ali Nihal Atsızı məhkəməyə verir. 1944-cü il aprelin 26-da başlanan məhkəmə prosesi elə böyük marağa səbəb olur ki, insanların çoxluğundan hakimlər salona girməkdə çətinlik çəkirlər. Məhkəməni davam etdirmək mümkün olmadığı üçün proses mayın 3-dək təxirə salınır.
Məhkəmə başlayan saatlarda milliyyətçi gənclik Ankarada böyük etiraz yürüş-mitinqi keçirir, türkçülüyə dava açanların cəzalandırılmasını tələb edirlər. Hökumət mitinqi dağıdır, 165 tələbə həbs edilərək Ankara zindanlarına salınır, onlara ağır işgəncələr verilir. Bu hadisə Türkiyə tarixinə kommunizm əleyhinə ən böyük mitinq kimi keçir.
Amma gözləniləmədən mayın 3-də məhkəmə Nihal Atsızı da həbs edir. O, hücrələrinə bir nəfərin güclə sığa biləcəyi və buna görə də “tabutluq” adlandırılan həbsxanaya göndərilir.
İllər sonra N.Atsız həmin günlər haqqında yazırdı: “3 may türkçülüyün tarixində bir dönüş nöqtəsidir. O zamana qədər yalnız duyğu və düşüncə olan, ədəbi və elmi sərhədləri çox da aşmayan türkçülük birdən-birə geniş bir hərəkata çevrildi. 3 may türkçülərin günü olsa da, ona bir bayram deyə bilməcəyəyik. Çünki illərlə sürəcək böyük iztirabımız həmin gündən başladı. Ona bir matəm demək də qəbul edilməz. Çünki həmin gün bizə bu qədər sıxıntı arasında böyük bir imtahan vermək, ürəkləri ilə ürəksizləri ər meydanında sınaqdan çıxarmaq, yaxşı ilə yamanı ayırmaq fürsəti verdi. Türkçülər, kütləvi və ya fərdi olaraq 3 Mayı xatırlayaq və ucaldaq”.
1945-ci ilin martın 29-na kimi davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılır. Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələrə məruz qalırlar. Ancaq məhkəmə müddəti bununla başa çatmır. Məhkumların hüquqlarını qoruyan vəkillər onların azad edilməsi üçün üst məhkəmələrə müraciət edir. 1947-ci il martın 31-də məhkumlar bəraət alırlar.
1954-cü ildən isə Nihal Atsızın istəyi ilə hər il həmin gün Türkçülük Günü kimi qeyd olunmağa başlayıb.
Bu gün Azərbaycanda da geniş qeyd edilir
Türkçülük Günü Azərbaycanda da populyardır. 1992-ci ilin məhz bu günündə Bakıya gələn rəsmi nümayəndə heyətinin tərkibində olan əfsanəvi türk lideri Alparslan Türkeş Azadlıq meydanında bir milyona yaxın insan qarşısında çıxış edib və birlikdə türkçülərin “Bozqurd” işarəsi ilə toplananları salamlayıb.
Türk dünyasına xidmət edən və milli düşüncəmizə türkçülük anlayışını gətirən azərbaycanlılardan Fransanın tanınmış Sorbon Universitetində təhsil alan ilk azərbaycanlı olan Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Hüseyn Cavid, Məhəmməd Hadi və digərlərinin adlarını çəkmək mümkündür. Onların məqsədləri, ilk növbədə, türk xalqlarının mədəni birliyinə nail olmaq idi. Bu insanların qayəsi ondan ibarət idi ki, milliyyətçilik başqa millətləri sevmək, başqa millətlərlə bərabər öz adət və ənənələrini, tarixini qoruyub, gələcək nəsillərə ötürməkdir.
Türkdilli ölkələri bir araya gətirən Türk Dövlətləri Təşkilatı
Türkdilli dövlətləri bir araya gətirən Türk Dövlətləri Təşkilatı (keçmiş adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-red.) 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində təsis edilib. Əsas üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyədir, müşahidəçi üzvləri isə Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasıdır. Türk Dövlətləri Təşkilatının üç mərkəzi var - İstanbul, Bakı və Astana. İstanbul qurumun ümumi katibliyinin, Bakı parlament assambleyasının, Astana isə Beynəlxalq Türk Akademiyasının mərkəzidir.
Türkdilli ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanırlar. Bundan əlavə, üzv ölkələrin xarici işlər nazirləri də il ərzində davamlı olaraq iclaslar keçirirlər.
Türk Mədəniyyəti və İrsi Fondunun töhfəsi
Təbiidir ki, türkdilli xalqların mədəniyyətinin və irsinin təbliği və təşviqi sahəsində aparıcı mövqe sərgiləyən Türk Mədəniyyəti və İrsi Fondu da hər il 3 may gününü rəngarəng tədbirlərlə qeyd edir. Biu il də ənənən pozulmayacaq.
Bu gün Bakıda, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Flarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Türk Mədəniyyəti və İrsi Fondunun və Filarmoniyanın birgə təşkilatçılığı ilə Türk Dünyasının Həmrəyliyi Gününə həsr olunmuş “Birlik ruhu” adlı konsert keçiriləcəkdir.
Konsert proqramında Niyazı adına Azərbaycan Dövlət Simfonik orkestri (dirijorlar Yalçın Adıgözəlov və Kanat Omarov) və Qazaxıstanın “Turan” folklor ansamblı iştirak edəcək. Proqramda Azərbaycan, Qazaxıstan, Qirğızıstan, Türkiyə, Macarıstan, Özbəkistan və Türkmənistan bəstəkarlarının əsərləri və xalq mahnıları səslənəcək.
“Ədəbiyyat və incəsənət”
(03.05.2025)