Yaşamaq istəyən Qulu Xəlilov Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu gün sizə 9 dəfə ağır əməliyyata tuş gələn, olumla ölüm arasında çmücadilə aparan, “Yaşamaq istəyirəm” adlı bestseller yazan bir alimimiz barədə danışmaq istəyirəm.

 

Qulu Xəlilov 20 noyabr 1930-cu ildə indiki Sisyan rayonunun Qızılcıq kəndində anadan olub. 1948-ci ildə ailəsi məcburi şəkildə Ağcabədi rayonun Poladlı kəndinə köçürülüb. 1949-cu ildə daxil olduğu Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini 1954-cü ildə fərqlənmə ilə bitirib. Tələbə ikən Tələbə Elmi Cəmiyyətinin sədri, komsomol bürosunun üzvü, divar qəzetinin redaktoru olub. 1954-1955-ci illərdə ”Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri olub

1956-1959-cu illərdə Azərbaycan Pedaqoji Universitetində aspiranturada təhsil alıb. 1959-cu ildə vaxtından 6 ay əvvəl “Vaqif” pyesi və tarixi dram janrı” mövzusunda namizədlik, 1968-ci ildə isə “Azərbaycan romanının inkişafı tarixi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi adını alıb.

1967-1970-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində Azərbaycan mətbuatı tarixi kafedrasında müəllim,sonra professor (1967), filologiya fakültəsində dekan (1977-1978) işləyib, ömrünün sonunadək ADU-nun jurnalistika fakültəsinin “Mətbuat tarixi və ideoloji iş metodu” kafedrasının professoru olub.

”Atam və mən”, ”Ömrün baharı”, ”Qocaların söhbəti”, ”Qulun yaman kişnədi”, ”Müəllimə”, "Hörümçək", "Tənha palıd", "Bir də gəlmə" kimi əsərləri yazıb. Xalq yazıçısı Süleyman Rəhimov onu tənqidimizin “Koroğlu toppuzu”, xalq şairi Bəxtiyar Vahabzadə “Babək qılıncı” adlandırıb. Ümumilikdə 15 elmi-tənqidi-publisistik, 10 bədii kitabın və 1000-dən çox elmi-publistik məqalələrin müəllifidir

 

Qulu Xəlilovun ədəbi-tənqidi fəaliyyəti Azərbaycan sovet romanının ideya-məzmun strukturu, tematik inkişaf dinamikası, süjet və xarakter sisteminin formalaşması, eləcə də dil və üslub xüsusiyyətlərinin analizi kontekstində mühüm əhəmiyyət kəsb edib. O, tənqidlərində ədəbi obrazların ictimai reallıqlarla əlaqəsini və onların bədii-estetik dəyərini sistemli şəkildə təhlil edib.

İndi isə Kaspi.az saytına məxsus Qulu Xəlilov haqqında məqalədən hissələri təqdim edirəm.

 

"9 dəfə əməliyyata girir

Q.Xəlillinin ilkin əmək fəaliyyəti çobanlıq olub. Hətta uşaq olmasına baxmayaraq, bu işinə görə medalla da mükafatlandırılıb. Amma içərisindəki elmə həvəs ona elə bir təkan vermişdi ki, təhsil almaya bilməzdi. Ağcabədidən Ağdama gələrək orta məktəbi orada oxuyur və ali məktəbə hazırlaşır. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib aspiranturaya qəbul olur. Daha sonra Yazıçılar Birliyində "Ədəbiyyat və incəsənət" qəzetində işə başlayır. Yazıçılar Birliyində işləyəndə hərbi xidmətə çağırılsa da, səhhəti ucbatından gedə bilmir. Universitet illərində güləşlə də məşğul olur. Heç kim onu yıxa bilməsə də, döyüş əsnasında nəfəsi təngiyir, tez yorulurdu. Bu, xəstəliyinin göstəricisi idi, amma onu haqlayacaq bu xəstəlikdən hələ ki, xəbəri yox idi. İşə başladığı, özünü təsdiqləmək imkanı qazandığı vaxt ağır xəstəliyə düçar olduğu üzə çıxır. 1954-cü ilin payızında xəstəlik onu üstələyir və 1955-ci ildə diaqnozu qoyulur: qaraciyərin exnakoku. Bu xəstəlik hələ kiçik yaşlarından həyat səviyyəsinin aşağı, ailə şəraitinin pis olması ilə bağlı idi. Onu tanıyanların sözlərinə görə, qəhrəmanımızın çəkdiyi hər bir ağrıya rəğmən, nəinki yaşamaq eşqi azalmır, əksinə həyatın ətəklərindən dördəlli yapışır. Azərbaycanın və Moskvanın xəstəxanalarında 9 dəfə əməliyyata girir - xəstəlikdən tamamilə qurtulmaq ümidi ilə... Amma hər dəfə də çabaları boşuna gedir”.

 

"Yaşamaq istəyirəm" povestindən:

"Bu dəftəri yazmaya bilməzdim. Yazmasaydım, elə hesab edin ki, bağrım çatlardı. Mənim cəmi 30 yaşım var. 24 yaşımdan xəstəxanalara düşmüşəm. Ürəyimin bir çox dərdlərini, arzularını, həyatımın bəzi lövhələrini bu dəftərdə görə bilərsiniz. Xəstəliklə mübarizə davam edir. Əgər mən bu mübarizədə həlak olsam, qoy mənim yerimə ölümə qarşı bu dəftər döyüşsün". Moskva, 1955.

 

"Evinə gedən tələbələrin hamısını yedizdirib yola salarmış"

Xəstəlik onu nə qədər üstələsə də, məğlub olmur. 30-40 yaşlarından başlayaraq ömrünün sonuna qədər xəstəlikdən əziyyət çəkir. Yaradıcılığına, yaşayıb-yaratmağına isə davam edir. 1959-cu ildə namizədlik dissertasiyasını vaxtından 6 ay əvvəl müdafiə edir və elmlər namizədi adını alır. Nizami adına Ədəbiyyat Muzeyində işləməyə başlayır. Burada çalışdığı müddətdə isə doktorluq dissertasiyasını müdafiə edir. Həmçinin filologiya fakültəsində dərs deməyə başlayır.

Tələbələrini sevməklə yanaşı, onlara həmişə qayğı göstərib, lazım olanda tərəflərini də saxlayır. Qızı Rəna Xəlillinin mətbuata verdiyi açıqlamaya görə, atası onlara gedən heç bir tələbəni ac yola salmayıb: "Kim ki, atamın tələbəsi olub hansısa iş üçün bizə gəlirdisə, bizim evdə çörək yeməmiş getməzdi. Atamın tələbəlik illəri çox ağır vaxtlara təsadüf edib. Buna görə tələbələrindən birini də evdən yemək yeməmiş yola salmazmış. Həyat yoldaşına da deyərmiş ki, otaqdan çıxaq, uşaq sərbəst, doyunca yeyə bilsin".

Q.Xəlillinin evdəki otağı kitabxananı xatırladardı. Hətta bəzən qəhrəmanımız saatlarla otaqdan çıxmaz, dissertantları ilə bərabər işləyrmiş.

 

"Sizi kəsmək su içimi kimidir"

Tələbəsi Faiq Qismətoğlu yazır:

"Auditoriyaya girərdi və sonra da özünəməxsus bir görkəm alıb qaşları çatılardı. Sonra da deyərdi ki, əgər mən sizi "kəsmək" istəsəm, bu, su içimi kimi bir şeydir. Deyərəm ki, gedin "Şamo"nu başdan-ayağa oxuyun. Amma sizə deyirəm ki, Hüseyn Cavidi oxumasanız, Əhməd Cavadı tanımasanız, Mikayıl Müşfiqi öyrənməsəniz, Süleyman Rəhimovu bilməsəniz gələcəkdə axsayacaqsınız. Yazı-pozu adamı əlinə qələm götürüb nə isə yazmaq istəyən bütün gənc ədibləri, o cümlədən adını sadaladığım yazarları tanımalıdır. Bunları oxumayan, bunları öyrənməyən tələbəyə barmağımı kəssələr, də qiymət yazan deyiləm".

 

Dərs oxumaq barədə tələbələrinə güzəştə getməsə də, həmişə onların yanında olub. Tələbəsi Faiq Qismətoğlunun dediyinə görə, onun "Ədəbiyyat və incəsənət" qəzetində "Dekan dekan olsa..." sərlövhəli yazısı o vaxt böyük əks-sədaya səbəb olub: "Qulu müəllim həmin yazıda tələbə-müəllim münasibətindən danışırdı. O, tələbəni müdafiə edirdi, yaxşı oxuyanın haqqını özünə qaytarmaq istəyirdi və tələbəni incidən müəllimlərə üsyan edirdi. O vaxt hər kişinin işi deyildi ki, müəllimi qoyub tələbəni müdafiə etsin. Amma Qulu müəllim əzazil, tələbəni incidən müəllimləri mühakimə edir, onları haqqın yoluna qaytarmaq istəyirdi. Qulu müəllim harada olubsa, harada işləyibsə, orada həmişə halallıq, haqq-ədalət olub və işə vicdani münasibət bəsləyib".

 

"Nə xahişin olsa, edərəm, ancaq bu xahişi etmə"

Q.Xəlilli 40-dan çox müxtəlif səpkidə kitab, mindən çox məqalə müəllifi idi. 1953-cü ildən mətbuatda həm də tənqidçi kimi fəaliyyətə başlayıb. Özünü ədəbiyyatımızın qara fəhləsi adlandırırdı. Onun üçün əsas məqsəd Azərbaycan ədəbiyyatının toxunulmazlığı, inkişafı idi.

Qızı Rəna Xəlillinin sözlərinə görə, Azərbaycan Dövlət Dram Teatrında elə bir tamaşa olmazmış ki, atası onun ilkin baxışında iştirak etməsin: "Orada tamaşaları qoyulan yazıçıların hamısı, aktyorlar belə məhz atamın o tamaşa haqqında dediklərini gözləyirdilər. Bilirdilər ki, atamın heç bir sözündə qərəz yoxdur".

Qulu Xəlillinin bacısının yoldaşı Şirin Quliyevin dediyinə görə, bəzi şair və yazıçılar barədə Qulu müəllimdən müsbət rəy yazmasını xahiş edəndə onun cavabı belə olarmış: "Nə xahişin olsa, de, edərəm, ancaq bu xahişi etmə".

Qulu müəllim söhbətlərində zəif əsər haqqında güzəştə getməyi millətə xəyanət hesab etdiyini deyirdi.

Qulu Xəlilli həm də yazıçı idi. Ağır exnakok xəstəliyi ilə çarpışa-çarpışa "Yaşamaq istəyirəm", "Ömrün baharı", "Atam və mən", "Qulun yaman kişnədi", "Mələk xala" kimi roman, povest və hekayələrində bir-birindən maraqlı, unudulmaz bədii obrazlar yaratmışdı.

 

"Həyat eşqi olmasa, insan özünü, qamətini çətin düzəldər"

Ömrünün sonlarına yaxın televiziya müsahibələrinin birində deyirdi: "Allah mənə bir yaratmaq, yaşatmaq arzusu verə... Həyat eşqi olmasa, insan özünü, qamətini çətin düzəldər. Heç yaralı ağac da özünü düzəldə bilməz".

Oğlu Azər Xəlilovun dediklərindən aydın olur ki, Qulu Xəlilli öz vəsiyyəti ilə Şağanda bir qayanın yanında dəfn olunur: "Mənə deyirdi ki, kaş qəbrim ya sıldırım qayaların arasında yerləşərdi, ya da buzluğun içində olardı".

16 noyabr 1995-ci ildə, 65 yaşında xəstəliklə çarpışa-çarpışa rəhmətə gedən Q.Xəlillini İkinci Fəxri Xiyabanda dəfn etmək qərara alınsa da, vəsiyyətini və ailəsinin istəyini nəzərə alıb onu öz atasının yanında - Xəzər rayonunun Şağan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediblər. Məzarı qayaların arasında düşüb.

 

Elmi və publisistik əsərləri

- Böyük sənət uğrunda

- "Vaqif" pyesi və tarixi dram janrı

- Sənət və sənətkar

- V. İ. Lenin və ədəbiyyat məsələləri

- Azərbaycan Sovet Ədəbiyyatında Lenin Milli Siyasətinin qələbəsi

 

Bədii əsərləri

1. Yaşamaq istəyirəm. Sənədli povest.

2. Mələk xala. Hekayələr

3. Atam və mən. Povestlər və hekayələr

4. Həyatdan gələn səslər. Hekayələr, oçerk və portretlər

5. Ömrün baharı. Povest və hekayələr

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.