Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Fəhlə və kəndlilərin hökuməti kimi tarixə düşən Sovet Sosialist Respublikalari İttifaqına (SSRİ) Stalinin rəhbərlik etdiyi dönəmdə, ikinci dünya müharibəsindən az sonra 1946-cı ilin noyabr ayının 15-də o vaxtkı Ermənistan Sovet Sosialist Respublikasının (SSR) Vardenis rayonunun (əsl adı Basarkeçər) Sətənəxaç kəndində aşıq Oruc Əhmədovun ailəsində dünyaya gəlib. Onun iki yaşı olanda Oruc kişi ailələsi ilə birlikdə ata-baba torpaqlarından deportasiya olunaraq, Azərbaycan SSR-in Gədəbəy rayonunun Zəhmət kəndinə köçüblər...
...Orta məktəbi bitirdikdən sonra Bakıya üz tutub. M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun filologiya fakültəsinə qəbul olunub. 1967-ci ildə oranı bitirərək filoloq ixtisasına yiyələnib. 1970-1973-cü illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında təhsilini davam etdirərək, 1974-cü ildə filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1993-cü ildə isə "Azərbaycan türk dili" indeksi ilə "Azərbaycan dilinin etnolinqvistikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlk dərəcəsinə yüksəlib. İndiyədək 250-dən artıq elmi əsəri və 18 kitabı çap olunmuş, həmçinin xaricdə 7 elmi məqaləsi nəşr olunub. Əsas elmi nailiyyətlərindən biri kimi "Azərbaycan dilində etnolinqvistika sahəsinin əsasları"nı göstərmək olar. 1993-1995-ci illərdə Azərbaycan Pedaqoji Universitetində müəllim işləyib, 1993-1999-cu illərdə 291 saylı və 43 saylı liseylərdə Azərbaycan dili və ədəbiyyatı fənlərindən dərs deyib. 1999-2002-ci illərdə Bakı Dövlət Universitetində müəllim, 1994-2002-ci illərdə Bakı Ali Pedaqoji Qızlar seminariyasında (indiki Bakı Qızlar Universiteti) professor kimi çalışıb. 1970-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda işləyir. 1989-cu ildən hal-hazıra kimi isə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Tətbiqi dilçilik şöbəsinin müdiridir...
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi Aqil Cəfərov onun barəsində deyir:- “İsmayıl Məmmədli ilə ilk tanışlığım aspiranturada oxuduğum illərə təsadüf edir. Tanıdığım ilk zamanlardan özünün doğmalığı, sadəliyi, təəssübkeşliyi ilə seçilən İsmayıl müəllim sonradan tale elə gətirdi ki, mənim ilk şöbə müdirim oldu. Mənim aspiranturadan sonra institutda işləməyim müzakirə olunan zaman bir-iki şöbə müdiri mənim onların şöbəsində işləməyimə etiraz etsələr də İsmayıl müəllim həmişə olduğu kimi qəlbinin saflıq ənənəsinə sadiq qalaraq öz şöbəsində çalışmağıma razılıq verdi. Onunla birgə işlədiyim gündən nəinki mənimlə, digər həmkarlarımla da özünün xoş, həlim rəftarı ilə hamımızın razılığını qazanmışdı. İsmayıl müəllim gözəl insan olmaqla yanaşı, həm də gözəl alimdir...”
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi isə onu belə xarakterizə edir:- “Bir zamanlar, əksər ziyalılar rus dilində oxuyub-yazmağa can atanda İsmayıl Məmmədli geniş auditoriyada, hər evdə dinlənilən, tamaşa edilən - radio və televiziyada "Azərbaycan dili" və "Dil xalqın mənəvi sərvətidir" adlı verilişlərlə Azərbaycan dilinin gözəlliyini, onun ədəbi dil kimi geniş inkanlarını təbliğ edirdi. Gənclik illərindən belə məsul və çətin işə könül bağlamaq mütəxəssisin - alimin vicdanı qarşısında sanki özünün-özünə hesabatı idi. Həmin veriliş mənim də yadımdadır. Aparıcı İsmayıl Məmmədlinin (o vaxt Məmmədov yazılırdı) olduqca səlis, rəvan, hamının (uşaqdan böyüyəcən) başa düşəcəyi dildə apardığı bu veriliş doğma dilə məhəbbətlə yanaşı həm də insana Vətən sevgisi də aşılayırdı. Verilişin aparıcı olan zamanlarda 31 yaşlı gənc olsa da, təmkini, danışığı, sözə yanaşma məhəbbəti onu ağsaqqal müdriklərə bənzədirdi. Sonralar yenidənqurma siyasəti dövründə bu veriliş daha aktual oldu. Cəmi 2-3 il sonra isə milli müstəqillik mübarizəsinin alovlanaraq Azadlıq meydanında zirvə nöqtəsinə yetəndə bu verilişin xalqa, bütün millətə ciddi təsirini, ehtiyacını unuda bilmərik. Bəli, bir alim dilindən doğma dilin artıq bütün dünyaya, dünya azərbaycanlılarına təbliği çıxışlarını tarixi sənəd kimi dəyərləndirə bilərik. Qəlbi Müstəqil Azərbaycan Dövləti eşqi ilə döyünən alimin zəhmətdən yorulmaq, yazmaq-yaratmaq məhəbbəti tükənmir. Heç biz də onun yaratdıqlarını qələmə düzüb tamamlaya bilmirik. O, indiyədək çox mükafatlara layiq grülüb, amma ən böyük mükafatı onu tanıyan dostlarının, yoldaşlarının, tələbələrinin, yaxınlarının etibarını qazanmaqdır və bunu qazandığı üçün professor İsmayıl Məmmədli çox xoşbəxt insandır. Bəli, ustad alim İsmayıl Məmmədli gözəl insani duyğuları, sözü-əməli bütöv şəxsiyyət kimi hamımızın ustadı, üz tutacaq ziyalımızdır...”
Ötən gün, noyabrın 15-i İsmayıl müəllimin 80 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, ağrı-acısız günlər, firəvan həyat arzulayırıq. 80 yaş qocalıq deyil, gəncliyin zirvəsidir. 80 illik təcrübəni bir yerə toplamaqdır...
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(16.11.2026)


