Ədəbiyyatımıza Gül Turan adlı yeni və fərqli imza qədəm qoyur

Mina Rəşid,

“Ədəbiyyat və incəsənət”

 

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda gənc yazıçı Gül Turanın “EON” romanının təqdimat mərasimi keçirilib. Tədbirin aparıcısı, şair Dəyanət Osmanlı iştirakçıları salamlayaraq müəllifin yaradıcılığı və təqdim olunan əsəri haqqında qısa məlumat verib. Daha sonra qələm adamları, tənqidçilər çıxış edərək gənc yazıçıya uğurlar arzulayıblar.

 

Yazıçı-tərcüməçi, “Xəzər” ədəbi-bədii jurnalının baş redaktoru Etimad Başkeçid, şairə Nəcibə İlkin, tənqidçi Vaqif Yusifli, filosof Razim Əliyev, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, AYB-nin katibi, şair və tərcüməçi Səlim Babullaoğlu, şairlər Yusif Nəğməkar, Nurhafiz, Rəşid Faxralı, Dayandur Sevgin, Xaqani Abbaslı, eləcə də digər sənət adamları çıxış edib.

Çıxışlarda romanın müxtəlif ədəbi-bədii və fəlsəfi qatlarına toxunulub, müəllifin mövzuya yanaşması, süjet quruluşu, dili və üslubu ətrafında maraqlı mülahizələr səsləndirilib.

Şairə Nəcibə İlkin əsərin süjet xətti və bədii məziyyətləri haqqında danışaraq romanın məzmun və kompozisiya xüsusiyyətlərinə diqqət çəkib.

Yazıçı-tərcüməçi Etimad Başkeçid çıxışında romanın ədəbi-bədii məziyyətlərini, mövzunun müəllif tərəfindən işlənmə xüsusiyyətlərini və əsərin fəlsəfi dərinliyini ətraflı təhlil edib. O, Gül Turanın hadisələrin mahiyyətinə nüfuzetmə bacarığını, romanın axıcı dilini və özünəməxsus üslubunu xüsusi vurğulayıb. Eyni zamanda, əsərdə zaman və mifoloji qatların bədii təxəyyüllə ustalıqla uzlaşdırılmasına, reallıqla mifin qovuşduğu məqamlarda yaranan sənət ecazına diqqət çəkərək romanın orijinallığını şərtləndirən əsas bədii məziyyətləri önə çəkib.

Tənqidçi Vaqif Yusifli çıxışında əsəri gənc nəslin ədəbiyyata gəlişi kontekstində dəyərləndirib, Gül Turanın ilk romanı ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. O da əsərin axıcı dilini və üslub xüsusiyyətlərini romanın diqqətəlayiq cəhətləri sırasında qeyd edib.

AYB-nin katibi Səlim Babullaoğlu Birliyin gənc yazarların yaradıcılıq fəaliyyətinə göstərdiyi dəstəkdən, onların ədəbi mühitdə öz sözlərini demələri üçün yaradılan imkanlardan danışıb. O, gənc müəlliflərin ədəbiyyata gəlişində ədəbi mühitin, diqqət və dəstəyin əhəmiyyətini vurğulayıb.

“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs isə yaradıcılığa yeni başlayan müəlliflərə münasibətdə həssaslığın vacibliyinə toxunub. O, gənc yazıçıların yaradıcılıq axtarışlarının diqqətlə izlənilməsinin və onların psixoloji baxımdan dəstəklənməsinin əhəmiyyətini qeyd edib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının nümayəndəsi İbad Mehdiyev çıxış edərək müəllifi təbrik edib, ona xoş arzularını və ürək sözlərini çatdırıb. “Ümid Yeri” uşaq sığınacaq evinin müdiri Nigar Mənsimova da Gül Turanı təbrik edərək müəllifə səmimi arzularını ifadə edib.

Əsərlə tanış olan qələm adamlarının fikirlərindən belə qənaət yaranıb ki, ədəbiyyatımıza yeni və fərqli bir imza qədəm qoyur.

Qeyd edək ki, Gül Turan əslən Qərbi Azərbaycandan olan iki istedadlı, tanınmış yazıçı - Xanəmir Telmanoğlu və Ayişə Nəbinin övladıdır.

Tədbirin sonunda Gül Turan oxucuları üçün kitablarını imzalayıb. Sonda müəlliflə xatirə şəkilləri çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.