Klassik əsərin yeni yozumu Featured

Nərgiz Cabbarlı,

           “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə İrəvan Dövlət Azərbaycan Dram Teatrında olduq. Tamaşadan əvvəl teatrın direktoru Hacıbaba Məmmədov çıxış etdi. Hər kəsi Dövlət Suverenliyi Günü münasibətilə təbrik edərək teatrın tarixi və dəfələrlə yerdəyişməyə məcbur qalması haqqında danışdı. Sonra da “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası nümayiş etdirildi. Tamaşanın rejissoru Gümrah Ömərdir.

 

Hər dəfə hansısa klassik bir əsərin yeni quruluşuna baxmağa gedəndə, istər-istəməz, belə bir sual yaranır insanda: "Axı yeni nə deyə bilərlər ki?" Bu dəfə də "yaranmadı" demirəm. Teatra da elə bu sualla üz tutduq. Cavab? Yeni olan fərqli rejissor yozumu, klassik əsərlə çulğalaşan və müasir səhnənin tələbi olan dinamika, bir də maraqlı aktyor oyunu idi.

Rejissor bizim mətndən tanıdığımız və axmaqlığı, səriştəsizliyi ilə gülünc vəziyyətdə gördüyümüz "qadınların başına badya keçirdiyi" vəziri bu dəfə bir qədər fərqli, Lənkəran xanlığında gedən hadisələrə və o hadisələrin iştirakçısı olan insanlara təsir edə bilən (səhnə yozumunda bu insanlara toxunaraq hərəkətə gətirmə kimi bir plastika ilə həll edilmişdi) biri kimi təqdim etmişdi. Hətta o qədər fəndgir ki, hakimiyyətə "xanın qardaşı oğlunu" gətirmək üçün gizli plan qurmağı bacarır. Quruluşçu rejissor "hakimiyyətə qalxma", "hakimiyytdən endirilmə" anlayışlarını (proseslərini də) pantomim hərəkətlərlə, plastika ilə maraqlı bir şəkildə həll etməyi bacarmışdı. Bu da klassik əsərə vurulan fərqli çalarlardan idi. Bir sözlə, tamaşada Vəzir prosesləri yönləndirən biri kimi görünürdü. O ki qaldı Axundzadənin əsərdə Vəzirin zəifliyini, avamlığını göstərmək üçün başına keçirtdirdiyi "badya" məsələsinə, o badya o qadın məkri ilə o başa yenə də keçirildi. Yəni... Hakimiyyəti yönləndirən birinin başı belə qadın məkrinin və hiyləsinin təsiri ilə yenə də "badyaya salınmaq"dan qurtula bilmədi. Hətta rejissor onu daha ağıllı göstərməyə çalışsa da... Məsələnin məntiqi bu!

Bir də... Lənkəran xanlığında sarayiçi əxlaq və münasibət ziddyyətlərini aktoyor və aktrisalar bir çox hərəkətlərlə (səhnədə buna çox da alışıq olmasaq da!!!) ötürə bildi. (Baxmayaraq ki, bəzi məqamlarda aktrisaların və aktyorların ehtirası ifadə etmək üçün bir-birlərinin bellərinə, qucaqlarına tullanması bir az artıq görünürdü! Amma bəzi məqamlarda!)

Yeri gəlmişkən, obrazı canlandıran Natiq Həziyevin çıxışını, xüsusilə də mərsiyyə deməsini, avazını qeyd etmədən keçə bilməyəcəyəm. Bundan başqa, Ziba obrazını canlandıran Elnarə Heydərovanın, Şölə xanımı oynayan Güney Əliyevanın, bir də Xacə Məsudu canlandıran aktrisanın çıxışının (təəssüf, adını bilmirəm) tamaşanın ən yaddaqalan oyunları olduğunu qeyd etmək istəyirəm.

Onu da bildirim ki, tamaşanın bəstəkarı Azər Hacıəsgərli, quruluşçu rəssamı Umay Həsənovadır.

Teatrın kollektivinə yeni mövsümdə uğurlar və bir-birindən maraqlı tamaşalar arzulayıram.

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.