Eli yağmalanan rəssam Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ötən əsrin əvvəlləri...

Azərbaycan tarixinin ən qarmaqarışıq və ziddiyyətli vaxtları...

1908-ci ildə İrəvanda Həsən Qazıyevin ailəsində Şamil adlı bir oğlan uşağı dünyaya gəldi. Şamilim 12 yaşı olanadək ailə bu doğma şəhərdə yaşadı. Sonra isə...

 

Həmin dövrdə xalqımız çətin günlər yaşayırdı. Daşnakların 1917-1920-ci illərdə İrəvanda, Zəngəzurda və onlara yaxın bir çox Azərbaycan şəhərlərində, kəndlərində müsəlmanlara qarşı törətdikləri soyqırımlar zamanı yüzlərlə ailə Qərbi Azərbaycanımızdan Azərbaycanın digər bölgələrinə — Naxçıvan, Gəncə və Qarabağa köçməyə məcbur oldu...

Belə ailələrdən biri də Şamil Qazıyevin ailəsi idi. Atası Həsən bəy 1920-ci ildə evini, yaşadığı elini arxada buraxıb, Naxçıvana pənah gətirdi.

Hələ uşaqkən Şamil Qazıyevin rəsm çəkməyə böyük marağı vardı. Əvvəllər Naxçıvan Pedaqoji Texnikumunda oxusa da, təsviri incəsənətə olan marağı pedaqoji təhsilini davam etdirməyə mane oldu.

Uşaqlıqdan qəlbinə hakim kəsilən rəng və fırça ilə işləmək arzusu onu Bakıya, Rəssamlıq Məktəbinə gətirdi. O, 1929-cu ildə həmin məktəbi bitirsə də, müəllimlərə olan ehtiyac ucbatından Azərbaycan Maarif Komissarlığı Şamil Qazıyevi Naxçıvan Pedaqoji Texnikumuna rəsm müəllimi vəzifəsinə göndərdi. O zaman atası Həsən Qazıyev də bu məktəbdə işləyirdi.

Şamil Qazıyev xatirələrində yazırdı:

 "1932-ci ildə rejissor Yusif Ulduzun quruluşunda Naxçıvan teatrında tamaşaya qoyulmuş "Hamlet" əsərinə tərtibat verdim. Lakin o vaxt mən teatrda həvəskar kimi iştirak edirdim. 1934-cü ildə xalq artisti Sidqi Ruhulla məni teatra rəssam vəzifəsinə çağırdı və onunla "Hacı Qara", "Namus" tamaşalarına tərtibat verdik".

Naxçıvan teatrında tamaşaya qoyulan 120 əsərin bədii tərtibatı məhz rəssam Şamil Qazıyevə məxsus olub. Rəssamın yaradıcılığına, fırça ilə işləmək qabiliyyətinə, öz fantaziyası ilə rənglərin vəhdətindən orijinal əsərlər yaratmaq istedadına yaxından bələd olan məşhur karikaturaçı Əzim Əzimzadə həmkarını "Kommunist" qəzetində işləməyə dəvət edib.

O zaman Əzim Əzimzadə bu qəzetin redaksiyasında baş rəssam vəzifəsində çalışıb. Şamil Qazıyev təklifi qəbul etsə də, Bakıda çox işləməyib və yenidən Naxçıvana qayıtmaq məcburiyyətində qalıb. O, burada Naxçıvan Musiqili Dövlət Dram Teatrında baş rəssam vəzifəsində çalışıb. Məhz onun təşəbbüsü ilə Naxçıvan şəhərində 1939-cu ildə rəssamlıq məktəbi açılıb.

1939-1940-cı illərdə Naxçıvanda yeni fəaliyyətə başlamış həmin rəssamlıq məktəbinə direktorluq edib. 1944-cü ildə "Naxçıvan MSSR Əməkdar incəsənət xadimi" fəxri adı, 1946-cı ildə "Əməkdə rəşadətə görə" döş ordeni ilə təltif olunub. "Çoban" əsəri ilə "Tretyakov" qalereyasında Azərbaycanı təmsil edənŞamil Qazıyev bu nüfuza nail olan ilk azərbaycanlı rəssamdır.

1948-ci ildə yenidən Bakıya dönən rəssam 40 ilə yaxın "Azərbaycan gəncləri" qəzeti ilə əməkdaşlıq edib. Şamil Qazıyev 1980-ci ildə Bakıda vəfat edib. 2018-ci ildə "Azərbaycan Respublikasının Xalq Rəssamı" fəxri adına layiq görülüb. Şamil Qazıyevin böyük oğlu, Arif Qazıyev Azərbaycanın xalq rəssamı, Vaqif Qazıyev isə heykəltəraşdır. Nəvələri Samir, Mədinə, İlahə heykəltəraş və rəssam olmaqla, babalarının yolunu davam etdirirlər

1979-cu ildə Naxçıvan şəhərində Şamil Qazıyevin fərdi sərgisi açılıb. Sərgidə rəssamın çoxsaylı əsərləri nümayiş etdirilib. Həm mövzu, həm də janr etibarilə diqqət çəkən bu rənglər dünyası seyrçilər tərəfindən maraqla qarşılanıb. Həmin əsərlərin əhəmiyyətli cəhəti haqqında o dövrün mətbuatı belə yazırdı: "Bu təsvirlərdə Azərbaycanın ən qədim guşəsi olan Naxçıvanın keçmiş tarixinə, etnoqrafiyasına, adətlərinə aid təsəvvürlər öz əksini tapmışdır".

Rəssamın "Biçinçilər", "Xırman", "Molla məktəbi", "Qalayçılar", "Su dəyirmanı", "Çörək bişirən qadınlar", "Köhnə Naxçıvan", "Qaçqınlar", "Çarıqçılar", "Beş qardaş", "Sıldırımlı dağ", "Dağların simfoniyası" və digər əsərləri mədəniyyət tariximiz üçün olduqca qiymətlidir.

Rəssam 13 iyul 1980-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.