MinaRəşid,
“Ədəbiyyat və incəsənət”
Bu günlərdə Qərbi Azərbaycan Televiziyasının “Ədəbi İrəvan” verilişində Əməkdar jurnalist Telli Pənahqızının qonağı yazıçı Varis olub. Bu dəfə söhbət Varisin dövlət sifarişi ilə qələmə aldığı “İrəvanda xan qalmadı” romanı əsasında qurulmuşdu...
Varis söhbətin əvvəlində bildirir ki, bir vaxt Prezidentimiz deyirdi ki, biz hamımız qarabağlıyıq. Bu gün də biz hamımız Qərbi azərbaycanlıyıq: “O vaxt mən dövlət sifarişi ilə Xocalı haqqında roman yazdım, Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası vasitəsilə bu əsər təbliğ olundu. Romanın təqdimatı 2020-ci il 26 fevralda Bakı Konqres Mərkəzində keçirildi. Ayağı da sayalı oldu. Həmin il zəfərimizi qazandıq. Bu dəfə isə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən Qərbi Azərbaycanla bağlı roman yazmaq sifarişi aldım. Düşündüm ki, bu elə bir əsər olmalıdır ki, bu dəfə baltanı kökündən vurmalıyıq. Elə bundan başlamalıyıq ki, Rus imperiyası 1826-cı ildə İrəvan xanlığını 167 gün mühasirədə saxladıqdan sonra necə işğal eləmişdi... Bu mövzu bədii və sənədli ədəbiyyat üçün çox maraqlı alındı. Həm də, bu hadisələrlə bağlı indiyədək ancaq tədqiqatçıların əsərləri ortadadır, heç bir bədii ədəbiyyat yoxdur. Romanın siyasət üzrə məsləhətçisi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, tarix üzrə məsləhətçisi isə Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Qərbi Azərbaycan bölməsinin rəhbəri Cəbi Bəhramovdur. Əsərdə 1 milyon işarə arxivdən istifadə olunub. Müxtəlif dillərdə xeyli mənbələrə istinad edilib. Bu qaynaqlar ən çox da Gürcüstanda, Tiflis arxivində, eləcə də Sankt-Peterburq arxivindədir”.
Qeyd edək ki, roman iki gəncin sevgisi üzərində qurulub. Əsər bu yaxınlarda təkrar çap edilib. İlk nəşrdə romanın adı “İrəvanda xal qalmadı” idi. İkinci nəşrdə isə roman “İrəvanda xan (l) qalmadı” adı ilə təqdim olunur. Birinci ad daha çox məişət mövzusuna çəkdiyi halda ikincidə siyasi anlam diqqət çəkir.
Varis bu “xal”-“xan” məsələsi ilə bağlı belə bir əhvalat danışır. 19-cu əsrin sonlarında İrəvan şəhərində bir azərbaycanlı xan oğluna toy edirmiş. O toya Şuşadan dövrün ən məşhur xanəndəsi Cabbar Qaryağdıoğlunu çağırıbmış. “Bəy tərifi”ndə gəlinin atası deyir ki, ay Cabbar bəy, bir gəlini də tərif elə. Xanəndə deyir, axı gəlini görmədən onu necə tərif edim, onun hansısa əlamətini mənə de. Gəlinin atası da qızını ona yanağındakı qoşa xalı ilə təsvir edir. Cabbar Qaryağdıoğlu elə bədaətən bax, bu dillər əzbəri olan “İrəvanda xal qalmadı” mahnısını oxuyur:
İrəvanda xan qalmadı,
Gəncədə sultan qalmadı,
Daha məndə can qalmadı
O xal nə xaldı,
Qoşa düzdürmüsən...
Bundan sonra hamı bu mahnını oxuyur. Bunu gedib rus canişininə çatdırırlar ki, azərbaycanlılar öz mahnılarında şikayətlənirlər ki, ruslar gəlib azərbaycanlıları qırıb, burada xan qalmayıb. Ona görə də rusların Qafqazdakı canışını mahnıdan “xan” və “sultan” kəlmələrini yığışdırmağı əmr edir. Və mahnıda “xan” sözünün yerinə “xal” sözünü işlətməyə başlayırlar. Bu əhvalat kitabda yer alıbdır.”
Varis İrəvan xanlığında ermənilərin ilk dəfə necə məskunlaşması tarixçəsini də danışır, 1431-ci ildə onların katalikosunun Kilikiyanın Sis kəndindən qovularaq yola düzəlməsi, Üçkilsə kəndində alban kilsələrini görüb bizim Qaraqoyunlu hakimiyyətindən sığınacaq istəməsi, “Üç Müəzzin” adlı, hazırda ermənilərin Eçmiədzin adlandırdığı o coğrafiyada 10 il ərzində ermənilərin necə qol-budaq atmaları nəql edilir. 1431-ci ildə ermənilər Üçkilsədə məskunlaşandan düz 10 il sonra, 1441-ci ildə artıq tarixi sənəd - əqdnamə vasitəsilə Qaraqoyunlu hökmdarının xəzinədarından bir qədər gümüş pulla ətraf 7 kəndi də satın alırlar. Yəni bizim o ulu babalarımızın tamahkarlığı ucbatından belə bir səhv addım atılır, öz qoynumuzda ilan yuvası qururuq.
“Əsərdə də tarixdə olduğu kimi ən təsirli yer İrəvan qalasının alınması prosesidir. Bütün şimali Azərbaycanı ruslar və qacarlar arasındakı müharibədə ruslar işğal edir. Bir Naxçıvan, bir də İrəvan xanlıqları işğal olunmamış qalmışdı. 1825-ci ildə çar Rusiyasında hakimiyyətə I Nikolay gəlir. Elə gələn kimi də xəritədə İrəvan və Naxçıvan ərazisinin üzərinə əlini qoyur və “Rusiyanın bağrındakı bu qara ləkə nədir?” – deyir. Ona deyirlər ki, bu İrəvan xanlığıdır ki, heç cür işğal edə bilmirik, oranın əhalisi əsla bizim təbəəliyimizi qəbul etmək istəmir. Çar deyir, nəyin bahasına olursa olsun, o torpaqları almalıyıq. Tez Qafqazdakı canişinə xəbər göndərir ki, nə yolla olursa olsun İrəvanı almalısan. Ancaq Yermolov bu işi bacarmır. Ona görə də ora yeni canişin - general Paskeviç göndərilir. General gələn kimi baxır və düşünür. Nə qədər ki, İrəvanın arxasında Naxçıvan var, onun mühasirəsi bir bəhrə verməyəcək, Naxçıvanla İrəvan arasındakı əlaqəni kəsmək lazımdır. Odur ki, Cənubi Azərbaycana adlayaraq Makudan Naxçıvana hücum edir və xanlığı işğal eləyir. Beləcə, İrəvan xanlığı təklənir. Dərhal ruslar 4 tərəfdən irəliləyərək Vedibasarı, Gərnibasarı, Göyçəni, Sərdarabadı və digər əraziləri alaraq İrəvan qalasına yaxınlaşırlar. Beləliklə də, İrəvan qalasını qısa fasilələrlə 167 gün mühasirədə saxlayırlar. Amma mərd müdafiəçilər “öldü var, döndü yoxdur” deyib təslim olmurlar. Ruslar qalaya nə daxil ola bilirdilər, nə də onu dağıtmaq olurdu... O vaxt İrəvan xanı Hüseynqulu xanın qardaşı “Sarı Aslan” təxəllüsü ilə qəhrəmanlıqda ad çıxarmış Həsən xan müdafiəyə başçılıq edirdi. Ona hətta qəhrəmanlığına görə Teymur Ləngin qılıncını da ənam etmişdilər...
Romanın kişi qəhrəmanı Uluxan Həsən xanın mühafizəsində xidmət edir.
Qalada yaşayan bir ovuc erməninin bir gün onlara xəyanət edəcəyini ağlına gətirməyən xan sonra bunun şahidi olur. Belə ki, ermənilər qalanın sxemini ruslara göndərirlər. Canişin də bundan sonra bütün su kəhrizlərini daşla doldurur, əhalini Yezid kimi susuz qoyur...
Təslim olmaq tələbinin qarşılığında İrəvan xanı Paskeviçə söyləyir ki, mən Qacaram, çıxıb Vətənimə gedərəm, amma bil ki, bu xalq heç vaxt sənə təslim olmayacaq!
Varis deyir ki, bu gerçək tarixlə tanış olduqca çox təsirlənib: “Qala müdafiəçilərinin inadı o qədər güclüymüş ki, qadınlı, uşaqlı, qocalı öldü var, döndü yoxdu deyə təkrarlayırmışlar. O vaxt 1988-ci ildə noyabr mitinqlərində biz tələbəydik, deyirdik - “Öldü var, döndü yox!” Bax, bunun kökü keçmişimizdən gəlirmiş... Bu bir qəhrəmanlıqdı, adam qürur hissi keçirir ki, bizim belə əcdadlarımız olub...”
Axırda canişin başqa üsula əl atır. O vaxt rusların bir ölüm artilleryası var idi. O 40 topdan ibarətdi, adı “mühasirə artilleriyası” idi. Adi 6 dyumluq toplardan fərqli olaraq bu 24 dyumluq qorxunc topları gətizdirirlər. Hüseynqulu xan qardaşı Həsən xana deyir, artıq sondu, gəl gedək. Həsən xan ona cavab verir ki, mənim İrəvan qalasından ancaq meyidim çıxar!
O vaxt hətta qalada qadın batalyonumuz da olub. Əsərin qadın qəhrəmanı Selcan xanım da o batalyonun üzvü idi...
O toplar İrəvan qalasının şimal bürcünü uçursa belə ruslar ətdən hasar çəkən irəvanlıları yenə geri çəkə bilmirlər. Belədə yenidən erməni xəyanəti işə düşür, qaladakı ermənilər Paskeviçə cənub qapısının müdafiəsiz olması xəbərini çatdırırlar və düşmən ordusu oradan qalaya daxil ola bilir...”
Beləliklə, Varis əsərində İrəvan xanlığının süqutu, rus işğalı və yerli əhalinin qəhrəmanlıqla dolu müdafiə mübarizəsini çoxsaylı arxiv sənədləri əsasında bədiiləşdirdiyindən danışır.
Telli xanım bildirir ki, əsər həm gənc nəslin milli yaddaşını təzələmək, həm də Qərbi Azərbaycan həqiqətlərini geniş kütləyə tanıtmaq məqsədi daşıyır.
Müzakirə zamanı vurğulanır ki, bədii ədəbiyyat tarixin unudulmaması üçün ən güclü təbliğat silahıdır.
“Ədəbiyyat və incəsənət”
(30.04.2026)


