Göz üçün musiqi bəstələyən rəssam Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Məşhur italyan rəssamı Koizani deyirdi: "Dekorasiya göz üçün musiqidir".

Haqqında söhbət açacağımız rəssam həyatını teatr rəssamlığı sənətinə həsr etmiş, ömrü boyu yüksək yaradıcılıq əzmi, yaradıcı rəssam təxəyyülü ilə neçə-neçə operaların daha da bədii biçimdə qavranılmasına, bədii estetik zövq mənbəyinə çevrilməsinə yaradıcı əmək sərf etmiş və özünün zəngin yaradıcılıq dünyası ilə Azərbaycan təsviri sənətində özünəməxsus yer qazanmışdır. Bu rəssam Azərbaycanın əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdir.

 

Ə.Fətəliyev müsahibələrindən birində öz yaradıcılığı barədə deyirdi: "Müxtəlif illərdə bədii tərtibatını verdiyim tamaşalardan "Daisi" (rejissor Şəmsi Bədəlbəyli), "Sevil" və "Koroğlu" (rejissor Mehdi Məmmədov), "Xanəndənin taleyi" (rejissor Kərim Kərimov), "Otello" (rejissor Lütfiyar İmanov) mənə daha yaxındır və bu işlərim məni bir teatr rəssamı kimi qane edir".

Əyyub Cəfər oğlu Fətəliyev 1925-ci ilin 7 noyabr tarixində İrəvan şəhərində anadan olub. Rəssamlığa gənc yaşlarından etibarən maraq göstərməyə başlayıb. İlk təhsilini 1944-cü ildə bitirdiyi Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində alıb. Bir müddət işlədikdən sonra ali rəssamlıq təhsili almaq üçün Moskva şəhərinə gedib və burada Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul edilib

1952-ci ildə Fətəliyev Azərbaycanın tanınan bəstəkarı Soltan Hacıbəyovun Gülşən baletinin səhnə tərtibatı mövzusunda diplom işini uğurla müdafiə edərək, İnstitutun Teatr rəssamlığı fakultəsini müvəffəqiyyətlə bitirib. Əsəri müsabiqədə müvəffəqiyyət qazanan Əyyub Fətəliyev 1952-1955-ci illərdə Moskvada yerləşən SSRİ məkanında ən nüfuzlu teatr hesab olunan SSRİ Dövlət Akademik Böyük Teatrında əvvəlcə təcrübəçi rəssam, sonra isə baş rəssam assistenti olaraq çalışıb.

Rəssam Böyük teatrda rejissorlar Pokrovski, Baratov, teatrın baş rəssamı Vadim Rindinin rəhbərliyi ilə önəmli yaradıcılıq təcrübəsi keçərək, teatr sənətinin incə mətləblərini mənimsəyib. Əyyub Fətəliyev üç il müddətində baş rəssamın assistenti kimi Cüzeppe Verdinin Traviata, Nikolay Rimski-Korsakov Qar qız, Dmitri Kabalevskinin Nikita Verşinin, Anton Rubinşteynin Demon tamaşalarının bədii tərtibatının hazırlanmasında iştirak edib.

1955-ci ildə rəssam Bakıya qayıdaraq, ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. O, teatrda əvvəlcə quruluşçu rəssam, 1957-ci ildən isə teatrın baş rəssamı kimi bir çox məşhur opera tamaşalarına bədii tərtibat verib. Rəssam həmçinin bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı ixtisaslı teatr rəssam kadrlarının hazırlanmasında da əmək sərf edib, iyirmi ildən artıq Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olub.

Rəssamın fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib, o, 1964-cü ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Əyyub Fətəliyevin Opera və Balet Tearında ilk müstəqil yaradıcılıq işi gürcü rəssamı Zaxari Paliaşvilinin Daisi (1956, quruluşçu rejissor Şəmsi Bədəlbəyli) operası olub. Rəssam əsərin ideya qayəsinin daha mükəmməl şəkilləndirilməsi və açılmasına xidmət edən uğurlu səhnə tərtibatı hazırlayıb.

Əyyub Fətəliyevin bəddi tərtibatını və quruluşunu hazırladığı opera tamaşalarına Cahangir Cahangirovun Azad (1957), Xanəndənin taleyi (1979), Fikrət Əmirovun Sevil (1959), Üzeyir Hacıbəyovun Koroğlu (1959, 1975, Xalq rəssamı Tahir Salahovla birgə), Süleyman Ələsgərovun Bahadır və Sona (1961), Cüzeppe Verdinin Aida (1961), Traviata (1964) Otello (1982), Aleksandr Borodinin Knyaz İqor (1964, 1975), Modest Musorqskinin Boris Qodunov (1966), Vasif Adıgözəlovun Ölülər (1967), Pyotr Çaykovskinin Qaratoxmaq qadın (1968), Qara Qarayevin və Cahangir Hacıyevin Vətən (1973), Zakir Bağırovun Aygün (1973) operalarını qeyd etmək olar.

Sənətşünas, AMEA-nındissertantı ƏsədQuliyevyazır: “Teatr rəssamlığımızda silinməz imzadır Əyyub Fətəliyev.

Tanınmış incəsənət xadimləri, tənqidçi, sənətşünas və mütəxəssislər Ə.Fətəliyevin yaradıcılığını yüksək qiymətləndiriblər. "Azad" tamaşasını hazırlayanda bədii şurada opera sənətimizin korifeylərindən olan Xalq artisti Bülbül rəssamın yaradıcılıq əməyindən danışarkən "Mən teatrda neçə illərdir işləyirəm, teatr səhnəsinin belə dərinliyini görməmişəm" demişdi. Həmçinin Xalq yazıçısı Mirzə İbrahimov "Azad" tamaşasına münasibətini bildirərkən rəssamın yaradıcılığını xüsusi vurğulayaraq, bunu "gücləndirici vasitə", "rəssam ustalığı" kimi qeyd etmişdi.

Sənətşünaslıq doktoru Nurəddin Həbibov rəssamın yaradıcılığı barədə yazırdı: "Ə.Fətəliyev üslub və bədii obrazlar cəhətdən bir-birindən fərqlənən tamaşalar üçün müxtəlif təsvir vasitələri tapa bilir, səhnə meydançasından, hadisələrin ritminə uyğun yığcam və ahəngdar formalardan, rənglərdən səmərəli istifadə edir, səhnə mühitinin şərti və realist səpkidə baxılmasına səy göstərir".

"Ə.Fətəliyevin yaradıcılığının səciyyəvi cəhətlərindən biri də eskiz və tərtibatlarındakı aydınlıq və kompozisiya orijinallığıdır. Rəssam səhnə tərtibatlarının bədiiliyini və estetik təsirini qüvvətləndirmək, onları həyatın və təbiətin realist mənzərələrinə çevirmək üçün işıqdan bacarıqla istifadə edir. Bu isə tamaşaçıların diqqətini süjet xətti üzərində mərkəzləşdirir, tamaşanın təbii və inandırıcı olmasına kömək edir" deyə sənətşünaslıq doktoru Nəsir Rzayev qeyd edirdi. Sadalananlar bir daha rəssamın yaradıcılığına göstərilən yaradıcı münasibət idi.

Qeyd edək ki, Ə.Fətəliyev daima yüsək sənət amallarına sadiq qalaraq, əsl sənət coşqusu ilə opera və balet əsərlərinin bədii təsir qüvvəsinə və yüksək estetik meyarlarına uyğun bir-birindən gözəl bədii səhnə tərtibatları hazırlamışdır.

Ünlü rəssam 21 aprel 2000-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.