Bədii tərcümə ustası Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Onun tərcümələri o qədər çoxdur ki. Ən müxtəlif diillərdən, ən müxtəlif janrlarda... O, doğma yurdunda da məşhurlaşa bilərdi. Ancaq yurdunu yağmalayanlar ona aman verməyiblər, nəticədə üz tutub Qərbi Azərbaycandan Bakıya gedib...

 

İsmayıl Vəliyev 1951-ci il martın 18-də Qərbi Azərbaycanda - Ermənistan SSR-nin Allahverdi rayonunun Böyük Ayrım kəndində anadan olub, 1965-ci ildə 8 illik məktəbi, 1968-ci ildə isə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Şınıq sovxozunda və Ağtala Tikinti Məmulatları Kombinatında fəhlə işləyib. Bakıda 8 nömrəli texniki-peşə məktəbini fərqlənmə diplomu ilə bitirib.

"Leninneft" trestinin Neft və Qazçıxarma İdarəsində elektrik montyoru peşəsində çalışıb. 1970–1975-ci illərdə Azərbaycan Dövlət Universitenin jurnalistika fakültəsinin əyani şöbəsində təhsil alıb. Tələbəlik illərində Kiyevdə, Lvovda və Moskvada keçirilən Ümumittifaq Tələbə-Elmi konfransların-da çıxış edərək diplomlara layiq görülüb.

1975-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında korrektor və sonra kənd təsərrüfatı ədəbiyyatı şöbəsində aparıcı redaktor vəzifəsində işləyib. 1976-cı ildə Moskva Poliqrafiya İnstitutunda baş redaktor və redaksiya müdirlərinin ixtisasartırma kursunda oxuyub və oranı "əlaçı" diplomu ilə bitirib.

1978-ci ildən "Yazıçı" nəşriyyatında ədəbiyyatşünaslıq və publisistika redaksiyasında redaktor, incəsənət və klassik ədəbiyyat redaksiyasında müdir, 1980-ci ildən Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsində Nəşriyyatlar İdarəsinin rəisi, 1984-cü ildən Azərbaycan KP Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsi müdirinin mətbuat məsələləri üzrə müavini vəzifələrində işləyib.

Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında baş redaktorun birinci müavini, baş redaktor, Azərbaycan-Türkiyə birgə müəssisəsi "Göytürk" Nəşriyyat, Poliqrafiya və Ticarət Şirkətinin Baş direktoru, 1993-cü ildən 2004-cü ilin aprelinədək "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin Baş direktoru və Baş redaktoru olub.

1971-ci ildən Azərbaycan Radio və Televiziyası ilə əməkdaşlıq edib, on ilə yaxın "Bulaq" folklor verlişinin daimi müəlliflərindən biri olub. Onun hazırladığı verlişlərin bir çoxu radionun "Qızıl fond"unda saxlanılmaqdadır. Bundan əlavə, "Zəka" radio elmi proqramının uzun illər ssenari müəllifi və aparıcısı olub. Televiziyanın vaxtilə populyar olan "İdrak" proqramı da İsmayıl Vəliyevin ideyası əsasında yaradılıb və uzun müddət onun müəllifliyi və aparıcılığı ilə "Ata yurdu" verlişi uzun müddət efirə gedib.

İsmayıl Vəliyev bədii yaradıcılığa 1965-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc etdirdiyi kiçik sənədli hekayə ilə başlayıb. O vaxtdan uşaqlar üçün şer və hekayələr yazıb, "Pioner" jurnalında və başqa mətbuat orqanlarında da xeyli nağıl və hekayələri dərc olunub. Onun uşaq hekayələri beynəlxalq təşkilatların mükafat və qrantlarına layiq görülmüşdür. O, publisistika və tərcümə işi ilə ardıcıl məşğul olub.

Qədim şumerlərin məşhur "Bilqamış dastanı"nı, "Avesta"dan parçaları, Qədim Misir ədəbiyyatı nümunələrini, türk, rus, bolqar, litva, ukrayna, türkmən və başqa dillərdən bir sıra elmi və bədii əsərləri tərcümə edib. Onun tərtibi və tərcüməsi ilə böyük türkmən şairi Məhtimqulunun "Qəm seli" kitabı 1984-cü ildə nəşr olunub. Sonralar Məhtimqulu yaradıcılığı haqqında, onun Azərbaycan və Şərq xalqları ədəbiyyatı ilə əlaqələri haqqında bir sıra məqalələr yazıb.

Onun çevirməsi ilə Qaracaoğlanın "Aramızda qarlı dağlar dayanıb" adlı şeirlər kitabı geniş ön sözlə birlikdə (Q. Namazov) 1991 və 2006-cı illərdə nəşr olunub. Qədim Şərq ədəbiyyatı və mifologiyasına maraq onu şumerlərin "Bilqamış" dastanını tərcümə etməyə sövq edib. Gənc yaşlarında qədim yazılara və dillərə maraq göstərməsi bu əsə-rin uğurlu tərcüməsinə imkan yaradıb. Onun tərcüməsi ilə həmin dastan bir neçə dəfə nəşr olunub.

Onun tərcümə etdiyi "Avesta"dan parçalar "Ana kitabələr" və "Qədim Şərq ədəbiyyatı" toplularında nəşr olunub. Böyük rus yazıçısı M. Y. Saltıkov-Şedrinin "Nağıllar" kitabı (1988) İsmayıl Vəliyevin ön sözü ilə nəşr olunub və həmin kitabda onun tərcümə etdiyi bir sıra nağıllar yer alıb. İsmayıl Vəliyevin redaktəsi və rəhərliyi ilə Azərbaycanda ilk dəfə olaraq fundamental həcmdə "Qədim Şərq ədəbiyyatı" (müntəxəbat 1999-cu il) kitabı nəşr olunub. Həmin kitabda İsmayıl Vəliyevin böyük və zəngin elmi faktlara əsaslanan ön sözü verilib.

1983-cü ildə "Ədəbi portret: onun funksiyası və tipologiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1999-cu ildə "Ədəbiyyatda insan konsepsiyası, tarixi təşəkkülü və inkişaf mərhələləri" mövzusunda monoqra-fiyasını nəşr etdirib. Həmin monoqrafiya müəyyən ixtisaslarla Ankarada nəşr olunub. 2001-ci ildə doktorluq dissertasiyasını uğurla müdafiə edib və filologiya elmləri doktoru adına layiq görülüb.

1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1985-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin, həmçinin Dövlət Dil komissiyasının, Toponomiya Komissiyasının, Füzuli adına Dövlət Mükafat Komissiyasının üzvüdür. Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaradıcılarından biri və sədrin birinci müavini olub. 32 kitabın, 400-dən çox elmi, 500-dən çox elmi və publisistik məqalənin, elmi məruzə və çıxışın müəllifi, 9 kitabın tərcüməçisidir. Onlarla irihəcmli ensiklopedik, elmi və bədii kitabın redaktoru, tərtibçisi və naşiri olub.

İsmayıl Vəliyev kitab nəşri və yayımı, mətbuatın nəzəri və praktik məsələləri ilə də ciddi məşğul olub. Beynəlxalq kitab sərgi və yarmarkalarında dəfələrlə ölkəmizi təmsil edib, mükafatlar almış, elmi seminar və simpoziumlarda elmi-nəzəri və praktiki məsələlərə hərs olunan məruzələrlə çıxış edib. O, 1975-ci ildən "Kitablar aləmində" biblioqrafik jurnalın işində yaxından iştirak edib, oranın redaksiya heyətinin üzvü və daimi müəlliflərindən olub.

2001-ci ildə "Ədəbiy-yatda insan konsepsyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və filologiya elmləri doktor adına layiq görülüb. Həmin ildən "Kitabşünaslıq və nəşriyyat işi" kafedrası-nın professorudur. Kitab nəşri və mətbuat məsələləri ilə bağlı 7 tədris proqramının, onlarla elmi məqalənin, 4 dərs vəsaitinin və 3 dərsliyin müəllifidir.

Bakı Dövlət Universitetində və başqa ali məktəblərdə "Mətbuat tarixi", "Jurnalistikanın nəzəriyyə və təcrübəsi", "Redaktənin nəzəriyyə və təcrübəsi", "Redaktəetmə", "Nəşriyyat işinin təşkili və idarə edilməsi", "Mətnşünaslıq", "Ədəbi-bədii və uşaq kitablarının redaktəsi", "Mətn nəzəriyyəsi" və s. fənlərdən mühazirələr aparıb

 Türkiyə, Rusiya, İngiltərə, Ukrayna, İran, İraq, Belorusya, Orta Asiya respublikaları, Tatarıstan, Başqıdıstan və b. ölkələrin ensiklopediyaçı alim və naşirləri ilə yaradıcılıq əlaqələri yaradıb. O, "Türküstan" ensiklopediyasının redaksiya heyətinin üzvü olub. Türkiyə, Azərbaycan və Orta Asiya respublikalarının iştirakı ilə hazırlanmağa başlanan "Türk xalqlarının görkəmli adamları" ensiklopediyasının ideya müəllifi və baş redaktoru olub.

 2005-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Xarici Ölkələr Ədəbiyyatı və Ədəbi Əlaqələr şöbəsində baş elmi işçi vəzifəsində çalışıb. Eyni zamanda, Bakı Dövlət Universitetində Kitabxanaçılıq-İnformasiya fakültəsində Kitabşünaslıq və nəşriyyat işi kafedrasında professor vəzifəsində işləyib. O, işlədiyi və əlaqəli olduğu təşkilatlarda, o cümlədən respublika ziyalıları arasında böyük hörmət və nüfuza malikdir.

 

Kitabları

1. Ömrün yaşıl yarpaqları.

2. Ədəbi portret və xarakter

3. Mənim odum, ocağım (şeirlər və poemalar)

4. Literaturnıy portret: eqo funksiya i tipoloqiya

5. Bəxtimə düşən dünya

6. Dünya susur, tarix susmur

7. Azərbaycanın siyasi partiyaları və ictimai təşkilatları

8. Qaçqınlıq

9. Qızılqaz əfsanəsi

10. Pişik balasının oyunları

11. Sarı buğda

12. Zalım pələng və nəğməli quş

13. Zalım padşahla oğlu

14. Qara gündəlik. 1990-cı il yanvar hadisələri

 

Tərcümələri

(ruscadan)

- Boris Aprilov. Tülkübalanın sərgüzəştləri (povest)

- Semyon Lovkov. Yolda gözlənilməz hadisələr

 

(türkməncədən)

Məhtimqulu. Qəm seli (şeirlər)

 

(türkcədən):

- Qaraca oğlan. Aramızda qarlı dağlar dayanıb (Q. Namazovla birlikdə)

- Ə. Kamal Bəlviranlı. İslam prinsipləri

 

İsmayıl Vəliyev 9 dekabr 2017-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.