Nigar Xanəliyeva, “Ədəbiyyat və İncəsənət”
Dünyaca məşhur Sorbon Universitetində oxuyan Qərbi azərbaycanlımız...
Məhəmməd Hacı oğlu Məhərrəmov (1895, İrəvan quberniyası, Qəmərli – 1982, Paris) Azərbaycanın milli istiqlal mübarizəsinin fəal iştirakçılarından biri olmuşdur. O, 1904–1914-cü illərdə İrəvan gimnaziyasında təhsil almış, daha sonra Sankt Peterburq və Moskva universitetlərinin Tibb fakültələrində, 1924–1927-ci illərdə isə Sorbon Universitetinin maliyyə-iqtisad fakültəsində təhsilini davam etdirmişdir...
1917-ci il Fevral inqilabından sonra Məhərrəmov təhsilini yarımçıq qoyaraq Tiflisə dönmüş və burada “Hümmət” sosial-demokrat təşkilatına üzv olmuşdur. 1917-ci ilin noyabrında İrəvan quberniyasından Rusiya Müəssislər Məclisinə nümayəndə seçilmiş, daha sonra Müsəlman sosialist blokunu təmsil edərək Zaqafqaziya Seyminin üzvü olmuşdur. 1918-ci il 26 may tarixində Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra Azərbaycan Milli Şurasının tərkibinə daxil edilmiş, istiqlal bəyannaməsinin qəbulunda iştirak etmişdir. Milli Şuranın qərarına əsasən (19 noyabr 1918) seçkisiz Azərbaycan Parlamentinə daxil edilmiş və burada sosialist fraksiyasını təmsil etmişdir.
1918-ci il 28 dekabr tarixində Azərbaycan Hökumətinin Parlament və Ağsaqqallar Şurasının birgə iclasında Paris Sülh Konfransında iştirak edəcək nümayəndə heyətinin müşaviri təyin olunmuşdur (Mir Yaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli ilə birlikdə).
1920-ci il Aprel işğalından sonra Məhərrəmov vətənə qayıda bilməmiş, Fransada qalmış və Sorbon Universitetində iqtisadiyyat sahəsində ali təhsilini tamamlamışdır. 1927-ci ildən bank sektorunda fəaliyyət göstərmiş, daha sonra isə XVIII–XIX əsr fransız ədəbiyyatı üzrə bukinist mağazası açmışdır.
İkinci Dünya Müharibəsindən sonra vətənə dönmək ümidini itirən Məhərrəmov 1948-ci ildə Fransa vətəndaşlığını qəbul etmişdir. O, xüsusilə bibliofil və antikvariat mütəxəssisi kimi tanınmışdır. 1960-cı illərdə Gertsenin Londonda çap olunmuş “Kolokol” jurnalının nadir komplektini və eyni müəllifin İsveçrədə işıq üzü görmüş nadir külliyyatını Moskvadakı keçmiş Lenin kitabxanasına bağışlamış, bunun üçün “Drujba” cəmiyyətinin xüsusi mükafatına layiq görülmüşdür. Bununla da sovet dövlətindən, birnöv, bəraət almışdır.
Məhərrəmov 1972 və 1975-ci illərdə Bakıya səfər edərək şəhərin muzey və kitabxanalarına Azərbaycan mədəniyyətinə aid qiymətli materiallar bağışlamışdır. O, 1919-cu ilin aprelində İstanbuldan Parisə yola düşən Azərbaycan Nümayəndə Heyətinin həyatda qalan son üzvü olmuşdur.
“Ədəbiyyat və incəsənət”
(06.02.2026)


