Nigar Xanəliyeva, “Ədəbiyyat və İncəsənət”
Məhərrəm Bağır oğlu Bayramov (13 may 1928, Uluxanlı mahalı, Aşağı Necili – 6 yanvar 1981, İrəvan) pedaqoji, ictimai-siyasi və ədəbi fəaliyyət göstərmiş tanınmış ziyalıdır. O, əvvəlcə kənddə yeddiillik məktəbi bitirmiş, daha sonra İrəvan Pedaqoji Məktəbində təhsil almış və bir müddət doğma kəndində müəllim kimi çalışmışdır.
Ali təhsil almaq məqsədilə 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuş, 1952-ci ildə ali təhsilini başa vurduqdan sonra Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı vəzifəsində fəaliyyətə başlamışdır. İki il Bakıda işlədikdən sonra 1954-cü ildə İrəvana qayıdaraq Ermənistan LKGİ Mərkəzi Komitəsində eyni vəzifəni icra etmiş, 1955-ci ildə isə Ermənistan KP Mərkəzi Komitəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir.
Məhərrəm Bayramov həm də yazıçı və dramaturq kimi tanınmışdır. Onun ilk kitabı “Fırtınadan sonra” 1964-cü ildə İrəvanda “Haypethrat” nəşriyyatı tərəfindən çap edilmiş və müəllif tərəfindən anası Fatmaya ithaf olunmuşdur. Bu topluya “Peşmançılıq”, “Pir kömək eləmədi”, “Molla Qədirin toru”, “Məni bağışla”, “Carulla” və digər hekayələr, həmçinin “Qeybulla” adlı kiçik pyes daxil edilmişdir.
İctimai-siyasi fəaliyyətində ardıcıl uğurlar qazanan M.Bayramova zaman keçdikcə daha məsul vəzifələr tapşırılmışdır. O, 1964–1966-cı illərdə Vedi Rayon Partiya Komitəsinin katibi, 1966–1969-cu illərdə isə “Sovet Ermənistanı” qəzetində redaktor müavini kimi çalışmışdır.
Dövlət və partiya strukturlarında yüksək vəzifələrdə işləməsinə baxmayaraq, M.Bayramov filoloji sahədən uzaqlaşmamışdır. O, “Ədəbi Ermənistan” silsilə məcmuələrində müntəzəm olaraq bədii və elmi-publisistik yazılarla çıxış etmiş, 1964-cü ildə “Fırtınadan sonra” hekayələr toplusunu, 1966-cı ildə isə “C.Məmmədquluzadə və A.Şirvanzadə” adlı tədqiqat əsərini İrəvanda nəşr etdirmişdir.
1968-ci ildə keçmiş SSRİ Yazıçılar İttifaqının üzvü seçilən M.Bayramov 1969-cu ildən etibarən əhalisinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan Amasiya rayonunda Partiya Komitəsinin birinci katibi vəzifəsini icra etmişdir.
1960-cı illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında qiyabi təhsil alan M.Bayramov 1969-cu ildə akademik Məmməd Arifin elmi rəhbərliyi altında “A.Şirvanzadə və Azərbaycan” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almış, bir il sonra bu işi kitab şəklində çap etdirmişdir.
1971-ci ildə Moskvada keçirilən partiyanın XXIV qurultayında Ermənistan nümayəndə heyətinin tərkibində iştirak edən M.Bayramov həmin heyətdə yeganə azərbaycanlı olmuşdur.
Amasiya rayonuna beş il rəhbərlik etdikdən sonra, 1974-cü ildən ömrünün sonunadək “Sovet Ermənistanı” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərmişdir. Eyni zamanda Ermənistan SSR Ali Sovetinin VIII, IX və X çağırış deputatı, Rəyasət Heyətinin müavini seçilmiş, uzun müddət İrəvan Dövlət Pedaqoji İnstitutunda müəllim kimi çalışaraq xarici ədəbiyyat fənnini tədris etmişdir. O, “Ermənistan SSR Əməkdar jurnalisti” fəxri adına layiq görülmüşdür.
Məhərrəm Bayramov Zəngibasar rayonunun Ağadədə qəbiristanlığında dəfn edilmişdir.
“Ədəbiyyat və incəsənət”
(05.02.2026)


