İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ümumxalq hüzn günündə anılanlar sırasında bir nakam şairin də adı var. Göyçəli Ülvi Bünyadadənin. Zirvələrə gedən yolu yarımçıq qırılan şairimiz barədə danışaq gəlin.
Şair Ülvi Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı bir ailədə dünyaya göz açıb. 5 yaşından yazıb-oxumağı bacarmış Ülvi 6 yaşında ilk şeirini yazıb. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini isə Daşkəsən kəndində alıb.
1978-ci ildə Ülvinin valideynləri Kəsəmən kəndindən Daşkəsən şəhərinə köçüb. Orta təhsilini Daşkəsən şəhəri İ. Nəsimi adına 1 nömrəli tam orta məktəbdə alıb. 12–13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış edib.
Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilib. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili alıb. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətləri ilə çala bilib. 1986-cı ildə sənədlərini ADU-nun şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə verib.
İmtahanlarını müvəffəqiyyətlə versə də, müsabiqədən keçməyib, Daşkəsən kəndinə qayıdaraq rayon təmir-tikinti idarəsində rəngsaz işləyib. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olub. Təhsilə başladığı ilk günlərdən qrup nümayəndəsi seçilib, dərs əlaçısı və fəal ictimaiyyətçi kimi tezliklə bütün institutda tanınıb. İnstitutun qəzetində yazıları mütamadi çap olunub.
Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilib. 1987–1989-cu illər Ülvi Bünyadzadənin qısa ömrünün ən məhsuldar dövrü olub. 1988-ci ilin iyunundan 1989-cu ilin sentyabrına qədər hərbi xidmətdə olub. Ülvi əsgəri xidmətini yüksək səviyyədə yerinə yetirdiyinə görə hərbi hissədə Sov.İKP üzvlüyünə qəbul edilib.
1989-cu ilin sentyabr ayında SSRİ Müdafiə Nazirinin həmin dövrdəki qərarına əsasən o, tələbə olduğu üçün vaxtından 9 ay əvvəl hərbi xidmətdən tərxis olunub və APXDİ-nin II kursunda təhsilini davam etdirmək üçün sentyabr ayının əvvəllərində Kanskdan Bakıya qayıdan Ülvi həmin gün mitinqdə iştirak edib və uydurma "Dağlıq Qarabağ probleminin" xalqı üçün yaratdığı sıxıntıların, iztirabların, gərginliklərin daha da dərinləşdiyinin şahidi olub.
19 yanvar 1990-cı ildə gecə Bakıya girən Sovet ordusunun yolunu kəsib, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanan gülləyə sipər edib və saat 00.20-də həlak olub. Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini Semaşko adına xəstəxanadan tapıblar.
“Ülvi bir gecənin qurbanı oldu. Həmin gecə Pioner Kinoteatrında idi. Orada atışma olub. Axşama qədər hər yeri axtardıq. Ağlımıza gətirmək istəmədiyimiz üçün morqa baxmamışdıq”. – Şahidlərdən biri danışırdı.
Ülvinin əsərlərinə 200-dən çox şeiri, "Ömür yolu" poeması və "Qansızlar" povesti (Hər iki əsər Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından original tərcümələr (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisi Almaza, dostları Məhəbbət və Cavidə yazdığı xeyli məktubları və s. yazıları daxildir
Ülvinin son illər yaşadığı küçəyə (babasının evi yerləşən Anaşkin küçəsinə) "Ülvi Bünyadzadə küçəsi" adı verilib. Həmin evin (babasının evinin) divarına "Burada 20 yanvar şəhidi, şair Ülvi Bünyadzadə yaşamışdır" yazılı barelyef-lövhə vurulub.
"20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalanıb. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə fəxri adı verilib.
Əsərləri
1. "Ülvi duyğularım"
2. "Bir ölümün acığına"
3. "Ömrüm sənin eşqindi"
4. "Sənin oxşarın bənövşədi"
5. "Ömür yolu"
Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında 40-cı qəbrdə dəfn olunub.
Ülvi Bünyadzadənin atası Yusif Bünyadzadə müsahibələrinin birində oğlu haqqında belə deyib: “Heç kəs nakam ölmür. Hər kəs öz ömrünü yaşayıb ölür. Ülvi bəlkə də 80-90 yaşında olan bir adamın işini görüb şəhid oldu. Yəni öz missiyasını yerinə yetirdi”.
Ülvi şəhid olduğu gecə onun cibindən “And” adlı məktubu tapılır. Məktub barədə onun şair dostu Xanəmir Telmanoğlu danışıb. Bu məktub bəlkə də bütün Azərbaycan türklərinə olan andı idi.
Məktubda deyilirdi: “Mən Bünyadzadə Ülvi Yusif oğlu ilk və son dəfə öz vicdanım qarşısında and içirəm. Bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam. Azərbaycan torpağının qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracam. Öz azərbaycanlı adıma, varlığıma, vicdanıma, məsləkimə, əsil nəcabətimə, damarlarımda axan azərbaycanlı qanıma layiq oğul olacağam. Qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın buraxmayacağam. Nəyin bahasına olursa olsun, öz azərbaycanlı mənimi təsdiq edəcəm. Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun. Vətən üzü görməyim”.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.01.2026)


