Nigar Xanəliyeva, “Ədəbiyyat və İncəsənət”
Yunis Qəhrəman oğlu Rzayev 1924-cü il mayın 2-də Göyçə mahalının Basarkeçər rayonuna bağlı Şişqaya kəndində dünyaya gəlmişdir. 1943–1946-cı illərdə hərbi xidmət keçmiş, bu dövrdə Cənubi Qafqaz Hərbi Dairəsinin nəzdində fəaliyyət göstərən siyasi məktəbdə təhsil almışdır.
1950–1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almış, daha sonra Azərbaycan KP MK yanında Ali Partiya məktəbini bitirmişdir. 1960–1962-ci illərdə isə Moskvada Sov.İKP MK nəzdində fəaliyyət göstərən Ali Partiya məktəbində təhsilini davam etdirmişdir.
Əmək fəaliyyətinə Ermənistan KP-nin Basarkeçər Rayon Komitəsində təlimatçı kimi başlayan Yunis Rzayev 1950-ci ildə Basarkeçər Rayon Partiya Komitəsində şöbə müdiri vəzifəsinə irəli çəkilmişdir. 1953-cü ildən Basarkeçər Rayon İcraiyyə Komitəsinin sədri olmuş, 1957-ci ildə isə Çəmbərək Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir.
1962–1965-ci illərdə Qaranlıq və Basarkeçər rayonlarının partiya komitələrində məsul postlarda çalışmış, 1965–1966-cı illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsini icra etmişdir. 1968–1970-ci illərdə Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsində sədr müavini kimi fəaliyyət göstərmişdir.
1970-ci ildən etibarən Azərbaycanda çalışmış, 1973-cü ilədək Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi olmuşdur. 1973-cü ildən həyatının sonunadək Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinə rəhbərlik etmişdir.
Yunis Rzayev 1954–1959-cu illərdə Ermənistan KP MK üzvlüyünə namizəd, 1959-cu ildən isə həmin qurumun tamhüquqlu üzvü olmuşdur. O, VII çağırış SSRİ Ali Sovetinin, həmçinin IV, V və VI çağırış Ermənistan SSR Ali Sovetinin deputatı seçilmiş, eyni zamanda Ali Sovet Rəyasət Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır.
Yunis Rzayev 1985-ci il yanvarın 24-də vəfat etmiş və II Fəxri Xiyabanda torpağa tapşırılmışdır.
“Ədəbiyyat və incəsənət”
(29.12.2025)


