Qərbi Azərbaycan ziyalıları: Əziz Əliyev Featured

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və İncəsənət”

 

Görkəmli alim və ictimai xadim Əziz Məmmədkərim oğlu Əliyev 1897-ci il yanvarın 1-də İrəvan şəhəri yaxınlığındakı Hamamlı kəndində anadan olmuşdur. İlk təhsilini İrəvanda İbadulla bəy Muğanlinskinin pansionatında almışdır.

 

Burada ona Fars Abbasın oğlu, sonralar tanınmış dilçi-alim kimi şöhrət qazanmış Cabbar Məmmədzadə dərs demişdir. Pansionatda şagirdlər ərəb, fars və rus dilləri ilə yanaşı fransız dilini də mənimsəyirdilər. Tədqiqatçı-alim Əziz Şərifin qeyd etdiyi kimi, həmin dövrdə İrəvanda azərbaycanlı uşaqları gimnaziyaya hazırlayan iki pansionat fəaliyyət göstərirdi: biri müəllim Cəfər bəy Cəfərovun, digəri isə İbadulla bəy Muğanlinski və Cabbar bəy Məmmədovun rəhbərliyi altında idi. Əziz Əliyev pansionatı bitirdikdən sonra 1908-ci ildə İrəvan gimnaziyasında təhsilini davam etdirmişdir.

Gimnaziyada oxuduğu illərdə Əziz Əliyev böyük zəhmətlə çalışırdı. 1914-cü ildə atasının xəstələnməsi səbəbindən həm təhsilini davam etdirmiş, həm də axşamlar uşaqlara dərs deməklə ailəsinə maddi dəstək olmuşdur. O, 1917-ci ildə gimnaziyanı qızıl medalla bitirsə də, maddi çətinliklər üzündən ali təhsil almaq imkanı məhdudlaşmışdır. Bu məqsədlə xeyirxah milyonçu H.Z. Tağıyevə müraciət etmiş və ondan aldığı 300 manat maddi yardım sayəsində Peterburqa gedərək Hərbi-Tibb Akademiyasına daxil olmuşdur.

1918-ci ildə ikinci kursda oxuyarkən yay tətilini İrəvanda keçirən Əziz Əliyevin həmin il atası vəfat etmiş, ailənin bütün məsuliyyəti onun üzərinə düşmüşdür. Bu səbəbdən təhsilini yarımçıq qoymalı olmuşdur. Daşnak təzyiqləri nəticəsində ailə əvvəlcə Naxçıvanın Şərur rayonuna, daha sonra Şahtaxtı kəndinə və Cənubi Azərbaycanın Ərəblər kəndinə köçmüşdür. 1921-ci ildə yenidən Şahtaxtıya qayıdan ailə burada iki il yaşamışdır.

 

1923-cü ilin mayında Bakıya gələn Əziz Əliyev işə düzəlmiş və elə həmin il Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinin terapevt şöbəsinə qəbul olunmuşdur. O, 1927-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Bundan sonra onun intensiv və məhsuldar əmək fəaliyyəti başlanmışdır. 1929-cu ilin oktyabrından respublika xalq səhiyyə komissarının müavini, sonra Kliniki İnstitutun direktoru, 1932-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru təyin edilmişdir. Rektor olduğu 1932–1935-ci illərdə onun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan dilində 45 adda dərslik və dərs vəsaiti hazırlanaraq nəşr olunmuşdur. Bu əsərlər sırasında Əziz Əliyevin “Kliniki-diaqnostik laboratoriya analizi” və digər alimlərin fundamental tədqiqatları xüsusi yer tutur.

Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1934-cü ilin martında Bakı Şəhər Səhiyyə Şöbəsinin müdiri seçilmiş, qısa müddət sonra yenidən Azərbaycan Tibb İnstitutunun rektoru vəzifəsinə qaytarılmışdır. Eyni zamanda Azərbaycan Əczaçılıq İnstitutuna rəhbərlik etmiş və 1938-ci il iyunun 1-dək hər iki quruma başçılıq etmişdir.

1935-ci ildə namizədlik, 1937-ci ildə isə doktorluq dissertasiyası müdafiə edən Əziz Əliyev 1937-ci ildə dosent adına layiq görülmüşdür. Onun doktorluq işi 1938-ci ilin sonunda pul mükafatı ilə təltif edilmişdir. Elmi fəaliyyəti ictimai işlərlə sıx şəkildə əlaqəli olmuşdur. O, 1936-cı ildən Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü, 1937-ci ildən isə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı seçilmişdir. Bu dövrdə 20-dən artıq elmi və publisistik məqalə dərc etdirmişdir.

1930-cu illərin sonlarında Əziz Əliyev respublikanın ən nüfuzlu və bacarıqlı kadrlarından biri kimi tanınırdı. O, əvvəlcə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1941-ci ilin martında isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi seçilmişdir. İkinci Dünya müharibəsi başlanarkən Sovet qoşunlarının İrana daxil olması ilə əlaqədar Əziz Əliyev hərbi şuranın üzvü kimi həmin əraziyə göndərilmişdir.

1942-ci ilin sentyabrında Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Dağıstana birinci katib təyin edilmişdir. 1942–1948-ci illərdə onun rəhbərliyi Dağıstan üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Müharibə şəraitində ağır vəziyyətdə olan bu çoxmillətli respublikada Əziz Əliyev böyük təşkilatçılıq bacarığı nümayiş etdirmişdir. Onun rəhbərliyi dövründə kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində ciddi irəliləyişlər əldə edilmiş, elmi-tədqiqat mərkəzləri, qadınlar üçün təhsil müəssisələri yaradılmışdır. Gənclərin ali məktəblərdə təhsil almasına geniş imkanlar açılmışdır.

Altı il ərzində Dağıstanda misilsiz işlər görən Əziz Əliyev xalq arasında “Qurucu Əziz” adı ilə tanınmışdır. Sonrakı illərdə ÜİK(b)P MK-nın inspektoru, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifələrində çalışmışdır. 1952-ci ildə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru təyin olunaraq yenidən həkimlik fəaliyyətinə qayıtmışdır. Onun rəhbərliyi dövründə institutda çoxcildlik elmi əsərlər və yüzlərlə elmi iş nəşr olunmuşdur.

1958-ci il aprelin 14-də professor adına layiq görülən Əziz Əliyev ömrünün sonunadək – 1962-ci ilə qədər Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik etmişdir. O, 1962-ci il iyulun 27-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun xatirəsi Azərbaycanda və Dağıstanda küçə adlarında əbədiləşdirilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.