İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əslən Qərbi Azərbaycandan idi, Sumqayıtda yaşayırdı. Çox gözəl, avazlı, yanğılı səsi var idi. Pərəstişkarları çox idi. Respublikanın hər yerindən toy şənliklərinə dəvətlər alırdı. Elə bu şənliklərdən birinə uzanan yol da onu dünyadan aldı...
Şəfa Hüseynova 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olub. 1988-ci ildə SSRİ-nin son illərində - onda ki erməni millətçiləri zorla azərbaycanlıları öz dədə-baba torpaqlarından qovurdular, ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. İlk dəfə "Dağlar" adlı şeiri ilə AzTV-nin "Kövrək qədəmlər" verlişində çıxış edib.
Orta məktəbi əla qiymətlərlə bitirib və 1992-ci ildə Türkiyənin Egey Universitetinin "Türk filologiyası" fakültəsinə qəbul olunub. Universitetdə təhsil aldığı illər ərzində tələbə yoldaşları ilə birlikdə konsert proqramları təşkil edib və oradan gələn gəliri o dövrdə fəaliyyət göstərən Qarabağa xalq yardımı cəmiyyəti fonduna köçürüb.
1993-cü ildə Azərbaycana qayıdıb və təhsilini Bakı Dövlət Universitetində davam etdirib. Şəfa mütamadi olaraq müxtəlif hərbi hissələrdə konsert proqramı ilə çıxış edirdi və hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanlara layiq görülürdü.
Diskoqrafiyası
- Ölə Bilərəm
- Geri Dön
- Sevgi Qatarı
- Səndən sonra
- Ağlama gözlərim
- Naz Naz
Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub. Hazırda Sumqayıt qəbristanlığında uyuyur. Qara mərmərdən baxan əksi sanki insanlara deyir ki, bir vaxt mən də sizlər kimi idim, indisə daşa çevrilmişəm.
Onun qəbrinə həm ailəsi, həm onu unutmayan hər bir kəs daim tər çiçəklər qoyur.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.12.2025)


