Pənah Azərinin şair dünyası -Misralardakı həqiqətlər Featured

 

Elşən Təhməzov, “Ədəbiyyat və incəsənət” üçün

 

Ədəbiyyat insan ruhunun aynası, sözün qüdrətidir. Bu qüdrətin arxasında isə duyğusunu, düşüncəsini, ağrısını, sevincini sözə çevirə bilən sənətkar dayanır. Müasir poeziyamızda özünəməxsus üslubu ilə seçilən şairlərdən biri də Pənah Azəridir. Onun yaradıcılığı həm bədii, həm fəlsəfi, həm də ictimai yükü ilə oxucunu düşündürür, təsirləndirir və oyadır.

 

Tanınmış şair 1952-ci ildə Zəngəzur mahalının Meğri bölgəsinin Maralzəmi kəndində anadan olub. İbtidai təhsilini 1959-1963-cü illərdə Ordubad şəhərindəki 7 saylı tam orta məktəbdə alıb. 1963-1964-cü illərdə 4-cü sinif təhsilini doğma kəndi Maralzamidə, 1964-1965-ci illərda 5-ci sinif təhsilini qonşu Lök kəndində davam etdirib. 1965-ci ildən ailə üzvləri ilə birlikdə Abşeron rayonunun Saray qəsəbəsinə köçüb. 1970-ci ildə orta məktəbi bitirib. Azərbaycan Dəniz Balıq Sanaye Texnikumunda, Ukrayna Respublikası Xarkov Dövlət Universitetində, Moskva Dövlət Avtomobil Nəqliyyatı İnstitutunda təhsil alıb. Fəaliyyəti dönəmində müxtəlif illərdə dövlət qurumlarında yüksək vəzifələrdə, məsul işçi, müdir, rəis, baş redaktor kimi çalışmışdır. Aktiv ədəbi fəaliyyətlə məşğuldur.

Şairin poeziyası xalq ruhuna yaxın, saf və səmimi, kəskin müşahidə qabiliyyəti və dərin fəlsəfi təhlillərlə zəngin poeziyadır. O, həm xalqın dərdini danışır, həm də fərdin iç dünyasına işıq salır. Şeirlərində gündəlik həyatın acı həqiqətləri, ədalətsizliklər, ictimai haqsızlıqlar, həm də sevginin incə çalarları, insan ruhunun fərqli halları peşəkarlıqla ifadə olunub. Onun yaradıcılığı klassik poeziyanın ənənələrinə bağlı olsa da, müasir dövrün dilində danışır, bu günün oxucusuna ünvanlanır.

Vətənpərvərlik və ictimai fəallıqla dolu ədəbiyyat xadiminin qələmi yalnız forma düzənində deyil, həm də dövrün ictimai-siyasi ağrılarında döyünür. Onun “Dünyada” şeiri ictimai haqsızlıqlara, vicdansızlığa qarşı bir üsyandır.

 

Hardadır sizlərdə haqqı ədalət,

Hanı səmimiyyət, milli sədaqət?

Lazımmı de sənə bu qədər lənət?

Bizə yuxu kimi gələn dünyada.

 

Bu misralarda şair təkcə cəmiyyətin bugünkü halını tənqid etmir, həm də içdən gələn bir vicdan fəryadı ilə çıxış edir. O, haqqı tapdanan insanın səsini duyurur. Pənah Azəri cəmiyyətin içində olan pozuntuları, ədalətsizlikləri, xəbis dəyərləri sərt, lakin ədəbi bir dillə ifşa edir.

Ədəbiyyat xadiminin yaradıcılığında fəlsəfi baxış, həyatın mənasına dair suallar, insanın varlıq qarşısındakı mövqeyi özünü qabarıq şəkildə göstərir. “Başıma gəlir” şeiri bunun ən gözəl nümunələrindəndir. Burada insanın etdiyi səhvlərin, seçimlərin nəticəsi kimi taleyin sərt üzünü görürük.

 

Pozulur nizamla qurulan işim,

Keçmir doğanaqdan, ilişib sicim,

Nəyə gülmüşdümsə inan, -and içim,

Hamısı indi öz başıma gəlir...

 

Bu dördlükdə insanın həyatdakı sınaqları, bəzən etdiyi zarafatların belə bir gün bumeranq kimi qayıdacağı düşüncəsi peşəkarlıqla verilir. Bu, həm fəlsəfi qənaətdir, həm də əxlaqi mesajdır.

Sevgi və duyğuların poetik dili xarizmatik şəxsiyyətin sevgi şeirlərində sadəcə hisslərin deyil, ürək yarasının, keçmişin, bağışlamağın və insanilik hisslərinin ifadəsi kimi özünü büruzə verir. “Ötən sevgi” şeirində keçmiş sevgiyə, unudulmayan duyğulara, ürək barışığına çağırış edilir:

 

Üstümə nə qədər şimşəklər çaxdı,

Ömrümün yetmişi haqlayan vaxtı,

Bu necə qismətdir, bu necə baxtdı?

Hələ ki, çəkilmir başımın çəni,

Mən səni əhv edim, sən də ki, məni.

 

Bu misra təkcə bir sevgi etirafı deyil, həm də bir humanizm fəlsəfəsidir. İnsanların bir-birini bağışlaması, acıların arxada qalması, birlikdə yaşamaq istəyi burada yüksək dərəcədə bədii dildə təqdim olunur. Burada sevgi həm də keçmişin və zamanın içində sınanmış bir duyğudur.

İstedadlı ədəbiyyat xadimi bəzən təbiət obrazlarından istifadə edərək daha dərin məna qatları yaradır. “Şimal küləyindən daldalanıram” ifadəsi sadəcə fiziki sığınmaq deyil, həm də zamanın sərtliyindən, ictimai soyuqluqdan, haqsızlıqlardan qorunma ehtiyacını göstərir. Onun poetik təbiət təsvirləri şərti deyil, insan duyğularının təbiətlə harmoniyasında yaranır.

Görkəmli sənətkarın şeirlərində istifadə etdiyi sadə, lakin təsirli dil, xalq danışıq üslubu, səmimi deyim tərzi oxucunu dərhal ələ alır. Onun poeziyası elitist deyil, xalq üçün, xalqla birlikdə yazılmış poeziyadır. Məhz bu səbəbdən onun şeirləri yalnız ədəbi dairələrdə yox, həm də geniş oxucu kütləsi arasında sevilir və qəbul olunur.

O, poeziyanı sadəcə bədii söz kimi deyil, məsuliyyətli bir missiya kimi görür. Onun qələmi xalqın və haqqın tərəfində durur.

 

Puç olub gündüzüm, puç olub gecəm,

Tullana bilmirəm arxından keçəm,

Bilmirəm nə deyim, nəyə and içəm,

Gözünə baxmağa gözüm qalmayıb.

 

Yuxuma girmisən bu gecə kəndim,

Son sözüm, son arzum, cüt heca, kəndim,

Etsən də ömrümü heç-heçə, kəndim,

Sənsiz günlərimə dözüm qalmayıb.

 

İstedadlı şəxsiyyətin şeirləri duyğunun və düşüncənin mükəmməl vəhdətidir. Onun yaradıcılığında xalqın dərdi var, fərdin əzabı var, məhəbbətin incəliyi, ədalətsizliyin sərtliyi, fəlsəfənin dərinliyi, vətənin həsrəti var.

O, müasir dövrümüzdə sözün ciddiliyini, şairin məsuliyyətini və poeziyanın gücünü bizə bir daha xatırladır. Pənah Azəri poeziyada öz sözünü demiş və deməkdə davam edən peşəkar sənətkardır.

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.