“İrəvanda xal qalmadı” - Gerçək İrəvan tarixini təcəssüm etdirən roman Featured

Əkbər Qoşalı,

şair-publisist, AYB İdarə heyətinin üzvü, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı

 

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsi çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun təqdim etdiyi layihə özündə yazıçı Varisin sənədli roman janrında yazdığı “İrəvanda xal qalmadı” romanını ehtiva edir. 600000 işarəlik arxiv istifadəsi və 47 mənbədən iqtibas əlbəttə ki, ortaya ciddi və sanballı bir işin qoyulmasına dəlalət edir.

Və əlbəttə ki, indiyədək qalmaqda olan tariximizin ağ ləkələrinin aradan qaldırılması naminə bu cür təşəbbüs həm QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, həm də Azərbaycan Ədəbiyyat Fondunun aktivinə yazılmalıdır.

 

Nəşrin ideya yönümü və məqsədəuyğunluğu

 

Varisin “İrəvanda xal qalmadı” romanı Azərbaycan tarixinin ən həssas və az işıqlandırılmış mərhələlərindən birini – XIX yüzilin əvvəllərində İrəvan xanlığının süqutu və Rusiya imperiyasının Güney Qafqazdakı işğal siyasətinin getçək mənzərəsini bədii faktura ilə təqdim edir. Əsərin dəyəri ondadır ki, o, təkcə tarixi hadisələri xronoloji ardıcıllıqla nəql etmir, həm də milli yaddaşın, torpaq bağlılığının, mənəvi kök hissinin bərpası missiyasını daşıyır.

Roman həm tarixilik, həm də bədii dərinlik baxımından çağdaş Azərbaycan oxucusuna milli özünüdərk baxımından önəmli ismarıclar verir. Əsər xalqın yaddaşında “İrəvan” anlayışını yenidən diriltmək, o torpaqların türk-islam kimliyinə, memarlıq və mənəvi irsinə diqqəti yönəltmək missiyasını haqq edir.

 

Elmi-bədii və kulturoloji dəyərlilik

 

Əsər faktoloji zənginliyinə, qaynaqların güvənirliliyinə və dil üslubunun təbii axarına görə səviyyəli ədəbi-tarixi araşdırma təsiri bağışlayır. Romanın dilində həm tarixə sədaqət, həm də ədəbi zərafət duyulur. Müəllif folklor, dini-mənəvi, tarixi və publisistik yönləri birləşdirərək çağdaş milli roman estetikasında daha bir örnək yaradıb.

Bu anlamda nəşr həm gənc oxucu nəsli, həm də araşdırmaçılar üçün önəmli ədəbi qaynaq rolunu oynaya bilər.

 

Əsərin ictimai-mədəni və maarifləndirici önəmi

 

Romanın çapı Azərbaycan ədəbiyyatında postmüstəqillik dönəmi milli yaddaş və kimlik məsələlərinə yeni təkan verəcək. Nəşr vasitəsilə oxucu həm tarixi gerçəklikləri öyrənəcək, həm də milli ruh, torpaq itkisinin ağrısı və dirəniş ideyası ilə qarşılaşacaq. Əsər, həmçinin, İrəvan və Qərbi Azərbaycan mövzusunda yazılmış çağdaş ədəbiyyatın konseptual xəttinə töhfədir.

 

Sonuc və tövsiyə

 

Əsərin bədii səviyyəsi, faktoloji əsaslandırılması və ideya-mənəvi yönü nəzərə alınaraq, “İrəvanda xal qalmadı” romanının nəşri məqsədəuyğun və ictimai baxımdan zəruri olmasına diqqət çəkirəm. Əminəm ki, bu nəşr həm Azərbaycan ədəbi-mədəni mühitinə, həm də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimai fikrə tanıdılmasına önəmli xidmət göstərə biləcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.