İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ən yaxşı xanəndələr bir Qarabağdan, bir də Şirvandan çıxır. Haqqında danışacağım xanəndə də Qarabağda dünyaya göz açıbdır. Amma əsli gedib Qərbi Azərbaycanda – Dərələyəz mahalına çıxır.
Şahmalı Kürdoğlu 1930-cu il aprelin 12 də Ağdamın Qiyaslı kəndində dünyaya göz açıb. Atası, Dərələyəz mahalının tanımışlarından olub, amma qaçaqçılığı ilə tanınıbdır. Mirsəqulu Fətəliyev elə bu qaçaqçılığı ilə də özünə ermənilər arasında çoxlu düşmən qazanıbdır. Daha sonra Qarabağa üz tutub. Ağdamın Qiyaslı kəndinə sığınıb. Ermənilərin onu tanımaması üçün özünə "kürd" ləqəbi götürüb. Oğlu Şahmalı dünyaya gələndə, uşağın təqiblərə məruz qalmamasından ötrü anası onun soyadını "Hacıyev" yazdırıb.
Buna baxmayaraq o da atasının ləqəbinə uyğun olaraq Şahmalı Kürdoğlu kimi tanınıb. Şahmalıda elmə, təhsilə, eləcə də musiqiyə hədsiz maraq olduğundan, o, oxumaqdan əsla yorulmayıbdır, ardıcıl 4 təhsil ocağında – özü də ən müxtəlif bölgələrdə oxumağa müəssər olubdur. Ağdam pedaqoji institutunu (indiki Şuşa Pedaqoji Texnikumu), Aşqabad Universitetinin hüquq fakültəsini, Asəf Zeynallı adına musiqi texnikumunu, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Asəf Zeynallı adına Musiqi Kollecində Seyid Şuşinskidən muğam təhsili alıb.
İslam Abdullayev, Xan Şuşinski, Seyid Şuşinski kimi xanəndələrin davamçısı hesab olunurdu. Atasına görə Sovet hökuməti onu ixtisası üzrə işləməyə qoymayıb. Bir müddət rayon məktəblərindən birində müəllim kimi fəaliyyət göstərib. Fikrət Əmirov Ağdama "Leyli və Məcnun"da oynaya bilən xanəndə tapmaq üçün gəldikdə Şahmalı Kürdoğlunu Bakıya dəvət edib.
Bundan sonra filarmoniyada konsertlər verib.
Sonra həyatının qara dövrü gəlib. Səbəbini bilmirəm, amma 1978-ci ildə həbs olunub. Yeddi il Şuşa türməsində məhbus həyatı yaşayıb.
"Şur" ansamblının yaradıcılarından biri olub.
Qəribə, kəşməkəşli taleyi ilə qəribə bir sonluqla da bitibdir. 6 noyabr 1992-ci ildə onda ki, erməni işğalşıları Dağlıq Qarabağdakı və ətraf bölgələrdəki ərazilərimizi daim atəşə tuturdular, Ağdam da fasiləsiz atəşə tutulurdu. Şahmalı həyətlərində 8 yaşlı oğlu Şahiməli ilə birlikdə nar yeyərkən həyətə düşən "qrad" qəlpəsinin partlaması nəticəsində həlak olub.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(06.11.2025)


