Xalçaçılığın dahisi Kamil Əliyev Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

İrəvan xanlığı bir vaxtlar Azərbaycan xalçaçılığının mərkəzlərindən biri olub, buranın xalçaları dünyaya ixrac edilib. Onlar hətta böçəkdən rəng alaraq elə bir mükəmməl rəng palitrası yaradıblar ki, xalçaları dünyanın ən prestijli muzeylərinə yol alıbdır. Təəssüf ki, bu xalçalar erməni və fars xalçaları kimi təqdim edilibdir.

Təsadüfi deyil ki, Azərbaycan tarixinin xalçaçılıq dahisi də məhz Qərbi Azərbaycandandır, bu gün anadan olmasının 104-cü ildönümü qeyd edilən Kamil Əliyevdir.

 

Kamil Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, Ermənistan SSR-in mərkəzi İrəvan şəhərində anadan olmuşdur. 1936-cı ilin sentyabr ayında istedadını görən anası onu, Bakı Rəssamlıq Məktəbinə, tanınan rəssam Əzim Əzimzadənin yanına aparır. Məktəbə qəbul edilən Kamil Əliyev 3 il burada dekorasiya şöbəsində təhsil alır və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya "Azərxalça" birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır.

 Böyük Vətən müharibəsində iştirak edərək, Kamil Əliyev 22 orden və medalla təltif edilib. Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam-müəllifi kimi özünü təsdiqlədi.

Bədii sənət üzrə fəxri fərmanın, respublikanın tətbiqi incəsənət ustası adının (1960) ilk sahibi olub. Xalq dekorativ-tətbiqi sənəti sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi dərəcəsi verilib.

1930-cu illərdə Bakı rəssamlıq məktəbində oxuyarkən "Azərxalça" birliyində Lətif Kərimov Qəzənfər Xalıqov, Kazım Kazımzadə və digər sənət adamları ilə birlikdə ornamental rəssam kimi çalışıb. 1946-cı ildə ordudan qayıtdıqdan sonra da öz peşəsini davam etdirir. Bir müddət o, Respublika Bədii Fonduna rəhbərlik edir, sonralar Bakı zərgərlik fabrikində direktor vəzifəsində çalışır.

 

1950-ci illərdən etibarən, Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutur. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionalıqla Azərbaycan klassiklərinin, dövlət xadimlərinn portretlərini yaradır. Kamil Əliyev ilk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr edib.

Rəssam Hindistanda yaradıcılıq ezamiyyətində olarkən bu qədim Şərq ölkəsinin mədəniyyətilə tanış olur, İndira Qandinin portert-xalçasını yaratmaq üzərində düşünür. Azərbaycana qayıtdıqdan sonra uzun müddət xalçanın çeşnisi üzərində işləyir. O, Azərbaycan və Hindistan sənəti üçün ənənəvi olan "buta" ornament motivindən, hindli və azərbaycanlı xalça ustalarının çox sevdiyi tünd-göy rəng çalarlarından özünəmxəsus surətdə ustalıqla istifadə edib.

 

Təltif və mükafatları

1. "Azərbaycan SSR tətbiqi incəsənət ustası" fəxri adı

2. "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı

3. "Azərbaycan SSR xalq rəssamı" fəxri adı

4. "İstiqlal" ordeni

5. "Şərəf nişanı" ordeni

6. 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni

7. "Döyüş xidmətlərinə görə" medalı

8. "Qafqazın müdafiəsinə görə" medalı

9. "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı.

 

Xalçaçılığın dahisi 1 mart 2005-ci ildə vəfat edib. 2007-ci ilin oktyabrın 26-da Kamil Əliyevin vaxtilə yaşadığı evin qarşısında xatirə lövhəsi və ev muzeyi açılıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.