Həqiqətən də böyük rejissor idi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Ondan başlayaq ki, Azərbaycan kinosunun ən gözəl incilərinin rejissoru Hüseyn Seyidzadədir, bu incilərdən 1956-cı ildə ekranlaşdırılan "O olmasın, bu olsun",  eləcə də "Dəli Kür"(1969), "Yenilməz batalyon" (1965), "Koroğlu" (1960), "Qayınana" (1978) filmlərinin adlarını çəkə bilərik. Demək ki o, həqiqətən də böyük rejissor idi. Bu gün onun doğum günüdür.

 

Rejissor Hüseyn Seyidzadə 1910-cu il oktyabrın 15-də Qərbi Azərbaycanda - İrəvanda anadan olub. Görkəmli dövlət xadimi Həsən Seyidovun kiçik qardaşıdır. 1927-ci ildə Bakıda tikiş fabrikində əmək fəaliyyətinə başlayıb, sonra fəhlə teatrına daxil olub, aktyor köməkçisi kimi fəaliyyət göstərib. Bir ildən sonra o, Gənc işçi teatrının aktyoru olub. 1930-cu ildə Leninqradda rejissorluq kursunu bitirib və Bakıya qayıdıb. 1936-cı ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında işləyib.

1938-ci ildə "Bakılılar", "Böyük şəfəq", 1939-cu ildə "Ayna" filmlərinin çəkilişində rejissorluq edib. Sonra o, "Lenfilm" studiyasında öz peşəsini təkmilləşdirib. 1943-cü ildə rejissor Niyazi Bədəlovla birgə müharibəyə sovqat göndərən insanların vətənpərvərlik duyğularından söhbət açan "Sovqat" filmini çəkib. 1956-cı ildə Bakının kinoteatrlarında ekrana Hüseyn Seyidzadənin "O olmasın, bu olsun" filmi çıxarılıb. Azərbaycanda elə bir kino əsəri yoxdur ki, "O olmasın, bu olsun" qədər məşhur aktyor ansamblı toplaya bilsin. Dünyanı dolaşan bu film Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Sonra da yuxarıda adını çəkdiyim digər möhtəşəm işlər ortaya qoyubdur.

Hüseyn Seyidzadə mübariz sənətkar olub. O, sözünü açıq deməyi xoşlayırdı. O, 1970-ci ildə Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi adına layiq görülüb. Son vaxtlar Natəvan haqqında film çəkmək istəyirdi. Lakin ölümü ilə əlaqədar bu baş tutmur.

 

Filmoqrafiya

1. Bakılılar (film, 1938)

2. Bir ailə (film, 1943)

3. Bütün qadağaların fövqündə (film, 2002)

4. Dəli Kür (film, 1969)

5. Doğma xalqıma (film, 1954)

6. Əbədi odlar ölkəsi (film, 1945)

7. Əlsiz adamlar (film, 1932)

8. Fəallıq (film, 1975)

9. İlk komsomol buruğu (film, 1930)

10. İşgüzar adamlar (film, 1977)

 

Hüseyn Seyidzadə 1979-cu il iyunun 2-də vəfat edib. Bakıda küçələrdən biri onun adını daşıyır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.