Könül, “Ədəbiyyat və incəsənət”
Teleməkanımızda öz maraqlı proqramları ilə fərqlənən “Qafqaz” televiziyası “Qürbətdəki Yurddaşlarımız” adlı sənədli-publisistik verilişin çəkilişlərinə başlayıbdır. Bu xəbər çoxlarının marağına səbəb olubdur, belə ki, layihənin ideya müəllifi olan televiziyanın icraçı direktoru Eltən Qədimbəyli yeniliklər etməyi bacaran və özünəməxsusluğu ilə seçilən bir dəyər yaradıcıdır.
Biz Eltən Qədimbəyli ilə əlaqə saxlayıb layihə barədə bilgilənərkən o, layihə üçün əsli Qərbi Azərbaycandan olub, 1801–1937-ci illər arasında Osmanlıya, Anadoluya, bu günkü Türkiyənin müxtəlif bölgələrinə köç etmiş ailələrin hekayələrini axtardıqlarını bildirdi.
Qeyd etdi ki, xüsusilə maraqlandıqları mövzular köç zamanı bir-birini itirmiş, amma illər sonra – xüsusilə SSRİ dağılandan sonra – yenidən bir-birini tapan ailələr, Qərbi Azərbaycandakı ata-baba yurdunun - İrəvan Xanlığı, Zəngibasar, Vedibasar, Göyçə, Zəngəzur və digər yurd yerlərimizin xatirələri, Türkiyədə yeni məskunlaşma yerləri: Iğdır, Qars, Ərdahan, Van, İzmir, İstanbul, Ankara və digər bölgələr, habelə qorunub saxlanmış ailə arxivləri: fotoşəkillər, məktublar, sənədlər, şəxsi əşyalardır.
Eltən bəy qeyd etdi ki, layihənin məqsədi – Azərbaycan türklərinin köç hekayələrini, soyköklərini və itirilmiş bağlarını gələcək nəsillərə çatdırmaqdır. Çəkilişlər Azərbaycanda və Türkiyənin müxtəlif şəhərlərində aparılır, veriliş isə ARB TV, ARB 24, Qafqaz TV, EL TV, Qərbi Azərbaycan TV və digər kanallarda yayımlanacaq.
Sonda Eltən bəy oxucularımıza səslənərək söylədi: “Əgər sizin və ya tanıdığınız bir ailənin belə bir hekayəsi varsa, bizlə əlaqə saxlayın. Ailə böyüklərinin xatirələri, köhnə sənədlər və fotoşəkillər bu layihə üçün çox dəyərlidir.”
Qeyd edək ki. Layihə icraçıları ilə əlaqə saxlamaq üçün bu nömrəyə zəng vurmaq yetərlidir: +994703079779.
“Ədəbiyyat və incəsənət”
(26.09.2025)