“Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihənin icrasına başlanılıb

 

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihənin icrasına başlanılıb.

 

Bu barədə AzərTAC-a məlumat verən birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək olmaqdır. Layihədə nəzərdə tutulan məqsədə çatmaq üçün əsasən Qərbi Azərbaycanda və eləcə də digər bölgələrdə yaşayıb-yaratmış aşıqların poetik yaradıcılığından seçmələrdən – Qərbi Azərbaycandakı yer-yurd adlarını, bu qədim torpaqlarımızda yaşamış soydaşlarımıza qarşı zaman-zaman ermənilərin törətdikləri vəhşilikləri əks etdirən şeirlərdən ibarət kitab hazırlamaqla Qərbi Azərbaycandakı tarixi yurdlarımızın aşıqların sazında-sözündə yaşadığını diqqət önünə gətirməkdir.

M.Nəbioğlu, həmçinin əlavə edib ki, layihənin həyata keçirilməsində əsasən Qərbi Azərbaycan aşıqları və onların poetik yaradıcılığında bu bölgənin mövzusuna üstünlük veriləcəkdir. Bu da onunla bağlıdır ki, bu qədim torpaqlarımızda yaşamış soydaşlarımız zaman-zaman erməni vandallarının vəhşilikləri ilə üzləşib, soyqırımı və qırğınlara məruz qalıb, öz dədə-baba yurdlarını tərk etməyə məcburi olublar. Onların şeirlərində ermənilərin törətdikləri vəhşiliklər öz əksini tapır, eyni zamanda bu şeirlər qədim yer-yurd adlarının öyrənilməsi və yaşadılması baxımından əhəmiyyətlidir.

 

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.

 

 “Ədəbiyyat və incəsənət”

(18.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.