İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bir vaxtlar bir İrəvan xanlığı vardı, Azərbaycanın ən böyük xanlıqlarından biriydi, Çar Rusiyası İranla müharibəni qazanıb Azərbaycanın şimalına sahibləndikdən sonra bura kütləvi erməniləri yerləşdirib özü üçün xristianlardan bufer zona düzəltdi. Sonra da bu ərazidə qondarma Ermənistan dövləti elan etdi. Sonra hakimiyyətə bolçeviklər gəldilər, Ermənistan SSR adlı müttəfiq respublika yaratdılar. O dönəmlərdə hələ aborogen əhalini – azərbaycanlıları tamamilə oradan qovmaq ağıllarına gəlmirdi.
Həmin o Ermənistan SSR-in Yazıçılar İttifaqı vardı, onun Azərbaycan bölməsi fəaliyyət göstərirdi, bu bölməyə də Əkbər İrəvanlı başçılıq edirdi...
Əkbər İrəvanlı 1921-ci il iyunun 17-də İrəvan şəhərində anadan olub. Burada orta məktəbi bitirib. İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin Şərq şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə 1938-ci ildə İrəvanda Azərbaycan dilində nəşr edilən "Kommunist" (1939-cu ildən "Sovet Ermənistanı") qəzetinin redaksiyasında başlayıb, ədəbi işçi, məsul katib, tərcüməçi olub, Ağbabada, Basarkeçərdə müəllim işləyib. 1951-ci ildə Ermənistan SSR EA M. Abeğyan adına Ədəbiyyat İnstitutunun aspiranturasna daxil olub, 1954-cü ildə "Azərbaycan-erməni ədəbi əlaqələri tarixindən" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1950–1965-ci illərdə İrəvan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı müəllimi olub, 1956-cı ildən X. Abovyan adına İrəvan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləyib. Erməni və Azərbaycan qarşılıqlı ədəbi əlaqələri sahəsində ardıcıl tədqiqat aparıb, bir sıra erməni yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib. Onun erməni dilində "Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası", "Cəlil Məmmədquluzadə və erməni xalqı", "Nəsimi", "Xatabala" jurnalı Azərbaycan haqqında" kitabları çap olunub.
İrəvan şəhərində Azərbaycan dilində "Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri", "M. Ə. Sabir və erməni xalqı", "Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı", "Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı" tədqiqat əsərləri və bədii yaradıclıq nümunələri toplanmış bir neçə kitabı çap olunub. Əkbər Yerevanlının Sabir Rzayevlə birgə yazdıqları 166 səhifəlik illüstrasiyalı "Yunis Nuri" kitabı 1980-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda çap olunub.
Cəfakeş tədqiqatçı, nasir, dramaturq Əkbər İrəvanlı 28 avqust 1982-ci ildə İrəvan şəhərində vəfat edib, valideynlərinin yanında dəfn olunub.
Və sonadək də bu gün anadan olmasının 104-cü ildönümü tamam olan bu elm və ədəbiyyat fədaisi erməni millətinin xain xislətindən, iç üzündən bixəbər olub. Ermənilərin iç üzünü isə bildiyiniz kimi, 1987-ci ildə başlayan miatsum hərəkatı – Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana verilməsi tələbləri açıb.
Əsərləri
Ədəbi
Mənim günəşli ölkəm
Gözəllik və səadət nəğmələri
Azadə
Yay gecəsində
Qəlbimin çırağı
Yeddinci övladın anası
Elmi
1. Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası
2. Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri.
3. M. Ə. Sabir və erməni xalqı
4. Cəlil Məmmədquluzadə və erməni xalqı
5. Azəri-erməni ədəbi əlaqələri (Qədim dövrdən XVIII əsrin sonuna qədər)
6. Nəsimi
7. "Xatabala" jurnalı Azərbaycan haqqında
8. Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı.
9. Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı
10. Yunis Nuri
“Ədəbiyyat və incəsənət”
(17.06.2025)