İnsan insanla yaşar Featured

Simralın “Lal” romanına redaktor yazısı

 

Şəfa Vəli,

“Ədəbiyyat və incəsənət”

 

2023-cü ilin aprelində dünya film tarixinə “Bo qorxur”[1] daxil oldu...  Düzdür, gəlirləri büdcəni aşmadı, amma zaman göstərdi ki, bu film təkcə kinomanlar üçün deyil... O, hamımız üçündür!

 

Hamımız qorxunun kölgəsində  yaşayırıq... Qorxu, bəlkə də,  insan övladını hərəkətə gətirməkdə sevgini belə, üstələyir... “Bəlkə də”ni özümə bəraət pərdəsi saya bilərəm.

Bəs Bo nədən qorxur? İnternetdə qısamüddətli araşdırma aparsanız, görəcəksiniz ki, bu sualın cavabını tamaşaçıların öhdəsinə buraxmaqla rejissor ən düzünü edib! Çünki hamı özünü Bonun yerinə qoyanda, qorxmaq üçün “n” qədər səbəb tapır...

Və mənim “Lal”ın sonunda Bonu xatırlamağım sizə maraqlıdırsa, yazımı oxumağı buradaca dayandırın, qayıdıb əsəri oxuyun, adıçəkilən filmi izləyin, sonra-növbəti səhifədə görüşək...

 

***

“Lal”ı oxuduğunuz və filmi izlədiyiniz üçün mütəşəkkirəm, dəyərli oxucu! Və başlayıram izaha...

Mən “Lal”dakı obrazlarda da insanların özlərini tapacağından əminəm.  Xaliqin daxili boşluğuna kim indiyədək yuvarlanmayıb ki?! Hünər yuvarlanmamaq deyil, əlbəttə, o boşluqdan geriyə-həyata dönərkən əlində/ürəyində nə gətirməkdir. 

Müəllif bu mənada bizə ümid ötürməyi bacarır - Xaliq o boşluqdan dünyanı heyrətə salan, ayaqüstə alqışlanan yaratmaq eşqiylə çıxır! Amma Bo öz boşluğundan çıxa bilmir... Rejissor hər epizodda bizi o ümidin əsarətində saxlayır ki, “Bo çıxacaq boşluqdan, mütləq çıxacaq!”

“Lal”da Aysel obrazını heyranlıqla yaradıb Simral Mahmudov. Müəllifin öz obrazına heyran olması dünya ədəbiyyat tarixində yüz dəfə, min dəfə  baş verib.  Azərbaycan ədəbiyyatı da bu haldan kəm qalmayıb. Amma redaktor olaraq, müəllifin Ayselə olan heyranlığını da izah etməyə borclu sayıram özümü...

Simral Mahmudov qadınına “Xanım” deyən türk kişisinin genetik kodlarla ötürdüyü mənəvi mirası təfəkküründə və ruhunda yaşatmaqdadır. Və o bilir ki, quşa uçmaq üçün iki qanad necə lazımdırsa, həyat da yaşanmaq üçün kişi və qadına eyni dərəcədə möhtacdır.   İnsanların bir-birinə etibar edə bilmədiyi, kişinin qadından, qadının da kişidən ağlagəlməz umacaqları olan bu dövrdə Aysel obrazını yaratmağı müəllifin öz ümidi sayıram...

Hə, yazıçı  ümid edir ki, get-gedə soyuqlaşan, bozlaşan ailə münasibətləri yenidən öz əlvanlığına qayıda bilər. Və ədəbiyyat da, istər yazı sənəti, istərsə də sosial elm kimi bu yolda bacardığını əsirgəməməlidir.

Hərçənd, “Bo qorxur” filminin rejissoru film boyu öz qəddarlığından əl çəkmir-“heç nə yaxşı olmayacaq” deyə bağırır... Mən “Lal”ın müəllifinə inanmağı seçirəm: “hər şey yaxşı olacaq!”

 

Ədalətlə Sevda mənəvi aşınmışlardır hardasa... Onlar Bonun dünyasının qəhrəmanlarıdır. Və sonra-ömürlərinin son illərində  adı təsadüf olan zərurət onlara hansı xalqa mənsub olduqlarını, hansı genetik yaddaşın əmanətinə xəyanət etdiklərini anladır...

Və yazıçının usta qələmi sayəsində biz onlardan incimirik... Anlayırıq... İnanırıq ki, onlar malik olduqları xarakterlə-dərd önündəki acizlikləri ilə heç vaxt Xaliqin daxilindəki yaradıcını  öz işıqlı yolunu getməyə vadar edə bilməyəcəkdilər.  Axı onlar uşağı öz aralarındakı körpü kimi istəmişdilər...

Lakin Xaliqi uşaq evinə verdikdən sonra da ayrılmadılar. Burada yazıçı bizə onu bildirmək istəyir ki, bəzən biz mövcud körpünü unuduruq... Halbuki, “Qadın ağlıyla” silsiləmin ilk yazısında qeyd etdiyim kimi, “biz körpüləri daim təmir etməliyik ki, xoşbəxt ailə olaq”.

Xatirənin həyat hekayəsi ilə Simral Mahmudov bizə roman içində roman təqdim edir. Fikrimcə, yazıçı modern tələbatı nəzərə alıb burada. Çağdaşımız olan oxucu tələskəndir-o, hadisələrin sonuna tez çatmaq istəyir. Və yazıçı öz əsərinin oxunması üçün manevr edərkən bunu nəzərə almağa borcludur!

Bu cümlələri artıq redaktor kimi deyil, yazıçı kimi qələmə aldığımı etiraf etməliyəm... “Ən çox oxunanlar” siyahısında hərəkətliliyi çox olan, hadisədən-hadisəyə işıq sürətiylə keçilən əsərlərin adına daha çox rast gəlinir...

Bəlkə də, 10 il əvvəl mən bunu faciə sayardım, indi Astrid Lindqrenin məşhur qəhrəmanının sözlərini təkrarlayıram: “adi həyati hadisədir də...”

“Bo qorxur”da  Bonun qorxduqları siyahısında özünün olduğunu deyənlər də var... “Lal”da isə özünə meydan oxuyan lalla qarşı-qarşıyayıq...   İnsan özünə meydan oxuyanda, bunu bacaranda rəngləyə bilir dünyasını...  Düzdür, insanın formalaşması, cəmiyyətə adaptasiyası üçün nə pedaqogika, nə də psixologiya elminin vacibliyini danıram,  yenə də, əminəm, insanı özündən yaxşı heç kim/heç nə tərbiyə edə bilməz!

Bu mənada, “Lal” bir az da tərbiyəvidir... İç-içə keçən həyatlar, bir-birinin tuneli olan arzular, o tunelin sonundakı işığa çevrilən bəxt payları oxucunu bir daha məcbur edir ki, təkrarlasın: “İnsan insanla yaşar!”

Simral Mahmudova yaradıcılıq yolunda uğurlar arzulayır, sosial-psixoloji janrda yazdıqlarının ünvanına çatmasını ümid edirəm.  Arzu ilə ümidin arasında isə sizə pıçıldayıram, əziz oxucu, “həyatınızın bir parçası olan insanları bilərək ovcunuzdan salmayın, lütfən! Və də,  özünüzdən qorxmayın!”

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2026)

 

 

 

 



[1] “Beau is afraid”

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.